Məhkəmə qərarları › İş №2(011)-153/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-153/2021

02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-153/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının, Cavabdeh Söhrəddin oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçının Cavabdeh Söhrəddin oğluna maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 iddia ərizəsi isə məhkəməyə müraciət edərək Cavabdeh Söhrəddin oğlundan 30.000 (otuz min) manat məbləğində maddi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.02.2021-ci il tarixində N.E.Rəşidova idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənzilə dəymiş ziyanla bağlı 6547 manat, mənzildə olan əşyalara (7 ədəd çilçıraq, 2 ədəd xalça, evdə olan bütün elektrik naqilləri, 1 ədəd soyuducu) dəymiş ziyanla bağlı 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçının əsl iddiaçı ilə əvəz edilərək İddiaçının iddiaçı kimi cəlb olunmasını məhkkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21, 50 saylı mənzili anasına məxsus olmuş, 2010-cu ildə anası tərəfindən ona bağışlanmışdır, 10.12.2017-ci il tarixində həmin mənzildən yuxarıda olan 52-ci mənzilin sahibi Cavabdeh təzə aldığı 5 otaqlı mənzili təmir edərkən, otaqların arasını açmış, anadivar barını sökmüşdür, bu zaman onun əla təmirli otaqlarının tavanı çat-çat olub, tökülmüş, 5 otağın hamısının istilik turbaları kəsilmişdir, cavabdeh kəsilmiş turbaların ağzını bağlamadan rayona getdiyindən, istilik sistemi qoşularkən 1 ay ərzində su onun evinə axmışdır, yığılmış su qəflətən açılmış, iddiaçının otaqlarını su basmışdır, 06.01.2020-ci il gecə saat 4-də onun anası evin tavanından su damcıları düşdüyünü, evi su basdığını görmüşdür, dərhal cavabdehin evinə getmiş bu barədə onlara məlumat vermişdir, məlum olmuşdur ki, Cavabdeh şlanqı açıq qoyub yatmışdır, su axıntısı bu səbəbdən olmuşdur, daha sonra cavabdehlə birlikdə zərər vurulmuş mənzilə düşmüş və cavabdeh özü də görmüşdür ki, yataq otağına kimi daşlar düzülmüşdür, hər yerdən su axır, cavabdeh otaqların şəklini çəkmiş, anam isə polis çağırmışdır, hadisə nəticəsində, onun mənzili ilə yanaşı, əmlakına da ziyan dəymişdir, belə ki, mənzildə olan xalça pis vəziyyətdədir, büküb, divara söykəmişdirlər, 1 il sonra isə göbələk bağlamışdır, 2 ilə yaxındır ki, ev qurumur, evin 5 otağını 3 dəfə su basmışdır, həmçinin balkona da su axıntısı ilə bağlı ziyan dəymişdir, hazırda həmin mənzili təmirsiz olaraq satmışdır, artıq orada yaşamır, ancaq su axıntısı olmasa idi mənzili daha yüksək qiymətə sata bilərdi, ziyan nəticəsində mənzilin dəyəri aşağı düşmüşdür, qonşu kimi tərəflə bir problemi yoxdur, lakin özünə ciddi maddi ziyan dəymişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 24.05.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, sözügedən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21, 50 saylı mənzilə ilk dəfə 2012-ci ildə zərər dəymişdir, o zaman isə həmin binada yaşamırdı, o, son 2 ildə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21, 52 saylı mənzilə köçmüş, mənzilə köçdükdən sonra təmirə başlamış, təmin dövrdə aşağı mənzilə onun mənzilindən su axması olmuşdur, bu hadisə 2018-ci il yay aylarında baş vermişdir, bu barədə iddiaçı ona məlumat vermişdir, o da iddiçının mənzilinə baxmışdır, həqiqətən də mənzilə su sızmasının şahidi olmuşdur, bundan sonra iddiaçıya bildirmişdir ki, bu hadisə ustaların səhlənkarlığından yaranmış xəta nəticəsində baş vermişdir, ona dəymiş zərərə görə 500 manat ödəyə bilər, həmçinin onun mənzilini sığorta etdirməklə də dəymiş zərərin ödənilməsinə təmint verər, hətta özünün də mənzilinin sığorta olunduğunu iddiaçıya bildirmişdir, bundan başqa bir dəfə də gecə vaxtı belə bir su sızma hadisəsi olmuşdur, iddiaçının mənzilinə baxmaq üçün onun mənzilinə getmiş, görmüşdür ki, su yalnız 2 otağa-yataq otağı və uşaq otağına keçmişdir, mənzilin aboylarının saraldığını, görmüşdür, iddiaçıya bildirmişdir ki, narahat olmasın, özündə olan aboylardan ona da verəcəyini bildirmişdir, bu məqsədlə evə daxil olduqda isə evdə kirayəşinlərin olduğunu görmüş, bu zaman iddiaçı tərəf evə gəlmiş, ondan nə səbəblə onun mənzilində olduğunu soruşmuşdur, daha sonra isə onu dinləmədən 34-cü Polis Bölməsinə müraciət edərək onun mənzilinə zorla girdiyini bildirmişdir, nəticədə polis bölməsinin əməkdaşları gəlmiş və mübahisə yaranmaması üçün cavabdeh mənzildən çıxıb getmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, Cavabdeh izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf hal-hazırda mübahisəli mənzili satmış, oranı tərk etmişdir və ona görə də artıq əlavə olaraq mənzilə heç bir xərc çəkməyəcəkdir. Buna görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, araşdırma zamanı göstərilən xüsusatların araşdırılmasının DİO-nun səlahiyyətində olmadığı, mülki mübahisə predmeti olaraq məhkəmə tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktdan görünür ki, M.Rüstəmov küçəsi, ev 21, mənzil 50-də yaşayan Rəsulova Narxanım ərizə ilə müraciət edərək mənzil 52-dən onun evinə su axını olduğunu bildirmişdir. Həmin aktdan görünür ki, M.Rüstəmov küçəsi, ev 21, mənzil 50-yə yuxarı mərtəbədən, mənzil 52-dən su axaraq mənzilə maddi ziyan vurulmuşdur, bu hadisə dəfələrlə təkrar olunmuşdur, 2017-ci ildə su axıntısı olan zaman evdə olan bütün əşyalar xalçalar, yorğan-döşək, elektrik xətləri, lüstürlər pis vəziyyətə düşmüşdür, 52-ci mənzilin sahibi Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, hadisənin bilməyərəkdən paltaryuyan maşının şlanqının təzyiqlə su gələn vaxt yerindən çıxması nəticəsində baş verdiyini bildirmişdir. İş materiallarında olan ******* saylı 07.04.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqısatqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən X1. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin 27.11.2020-ci il tarixli 10/1911 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli yaşayış sahəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin, 50 saylı mənzilin divarında qüsurların olduğunu nəzərə alaraq, həmin su sızması faktı müəyyən olunmuş, lakin 52 saylı mənzilin qapısı bağlı olduğundan sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır, lakin iş materiallarında olan 89 saylı MKİS tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli aktın məlumatların, eləcə də divardakı su sızma izlərini nəzərə alaraq mübahisəli 50 saylı mənzilə 52 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur, tədqiq olunan 50 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6547,0 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin 23.04.2021-ci il tarixli 9/959 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim edilən hal-hazırda istifadəyə yararsız vəziyyətdə olan əşyaların zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1210,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21, 50 saylı mənzil İddiaçına məxsus olmuş, 07.04.2021-ci il tarixdə satılmışdır, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 52 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin divar, tavan, elektrik xətti və döşəmə hissələrinə aiddir, həmin hissənin təmir-bərpa xərcləri 6547,0 manat təşkil edir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Cavabdehin “mübahisəli mənzil satılmaqla iddiaçının həmin mənzilə olan mülkiyyət hüququ itirildiyindən ona dəymiş zərər də aradan qalxmışdır” barədə dəlillərinə münasibətdə qeyd edir ki, mülki hüquq pozuntusunun baş verdiyi anda əmlak iddiaçıya məxsus olmuşdur ki, bu da onun, qanunla müdafiə edilən şəxs kimi mülkiyyət hüququ məcmusunda, əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi hüququnu da özündə ehtiva edir və bu hüququn realizəsi qanunla nəzərdə tutulmuş mülki hüquq pozuntusu üçün məsuliyyət əsasları ilə bilavasitə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin təqsirli əməli, əmlaka vurulmuş zərərin əvəzinin tələb edilməsinə əsas yaratmaqla, həmin zərərin də zərərəvuran tərəfindən tam həcmdə ödənilməsini şərtləndirir. Məhkəmə, iddia tələbinin “mənzildə olan əşyalara dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu hal, iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı tərəfindən iş materiallarına belə sübutlar əlavə edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı deyil və buna görə də təmin oluna bilməz. Məhkəmə, mənzildə olan əşyalara dəymiş zərərin müəyyən edilməsi məqsədilə keçirilmiş 23.04.2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi digər sübutlarla birgə qiymətləndirilməli, əşyalara dəymiş zərərlə baş vermiş su sızma hadisəsinin bilavasitə səbəbli-əlaqəsi barədə halların müəyyən olunmasında ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Hazırkı ekspertizanın rəyi üzrə isə ekspert “istifadəyə yararsız vəziyyətdə olan əşyaların zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla” nəticəyə gəlsə də, rəydə belə səbəbli əlaqənin olması əsaslandırmamış, həmçinin bu hallar iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə, iddia tələbinin “mənzilə dəymiş ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, su sızma hadisəsinin cavabdehin mənzilində baş vermiş xəta nəticəsində olması barədə cavabdehin etirafı, iddia tələbinin həmin hissədə əsaslı olması barədə nəticəyə gəlmək üçün kifayət edir. Həmçinin mənzilə dəymiş zərərin müəyyən edilməsi barədə ekspert rəyinə münasibətdə məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək mənzilə dəymiş zərərin miqdarının müəyyən edilməsində ekspertin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin miqdarı 6547 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Söhrəddin oğlundan dəymiş maddi zərərin əvəzi kimi 6547,0 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, 23.04.2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi məhkəmə tərəfindən nəzərə alınmadığından həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri mülki iş üzrə cavabdehə aid edilməməli, iddia tələbi qismən təmin edildiyindən, 27.11.2020-ci il tarixli ekpert rəyi üzrə keçirilmiş ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh, 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Söhrəddin oğlundan ünvan 3 ünvanında yerləşən 50 saylı mənzilə vurulmuş maddi ziyana görə 6547,0 ( altı min beş yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul Cavabdeh Söhrəddin oğlundan, 100 (yüz) manat məbləğində pul İddiaçından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar