Məhkəmə qərarları › İş №2(011)-1534/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1534/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1534/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olması təsdiq olunmuşdur.

2. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,4 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün 5% olmaqla illik 2960,92 manat, 2(iki) illik 5921,84 manat zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (ümumilikdə 6.451,84 manat) pul məbləği mənə ödənilməsi qət edilmişdir. Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və bu günədək icra olunmamışdır.

3. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh 4.132,54 manat indeksasiya məbləği xeyrinə tutulması qət edilmiş və icraya yönəldilərək Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icraatına qəbul olunmuşdur.

4. Bunlarla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh 2.349,10 manat xeyrinə tutulması qət edilmiş və icra sənədi icraya yönəldilərək Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinə verilmişdir.

5. Göründüyü kimi, hazırki vaxtadak Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixdi qətnaməsi ilə tanınan 6.451,84 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi tasdiq olunan 2.349,10 manat, ümumilikdə isa 59.248,4+6.451,84+4.132,54+2.349,10 = 72.181,88 manatın 2024-ci il üçün Cavabdeh tərəfindən ödənilməsi geçikdirilməklə geri qaytarılmamışdır.

İddiaçının tələbi:

6. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi: 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

7. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

8. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-cü il tarixində məhkəməyə elektron poçt vasitəsi ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq işə onun iştirakı olmadan baxılmasını və tam təmin edilməsini, növbəti iclas zərurəti yarandığı halda onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1280/2022 saylı qətnaməsinə əsasən idddia qismən təmin edilmiş, 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin 86 manat hissəsi Cavabdeh, 14 manat hissəsi isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Digər materiallar.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7 (zamana görə qüvvədə olan redaksiya) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.7. (hazırda qüvvədə olan redaksiya) Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

18. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.

19. İddiaçı iddia tələbində Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi: 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, lakin istinad etdiyi məhkəmə qərarlarını mülki iş materiallarına əlavə etməmiş, hazırlıq iclaslarında iştirak etməməklə yanaşı, əlavə süutlar təqdim etməyərək məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəməyə bildirmişdir. Məhkəmə qeyd edir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (§14)

19. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X1 cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4.132,54 manat indeksasiya məbləği, ümumilikdə 69.832,78 manat pulun 5%-i, yəni 2021-ci il üzrə gecikdirilmiş vaxt üçün 3.491,6 manat maddi zərər, 500 manat mənəvi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4.051,6 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1280/2022 saylı qətnaməsinə əsasən idddia qismən təmin edilmiş, 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin 86 manat hissəsi Cavabdeh, 14 manat hissəsi isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (§10)

20. Eyni zamanda, iddia ərizəsindən məlum olur ki, iddiaçının tələb etdiyi həmin pul məbləği mütəmadi olaraq indeksasiya edilmişdir.

21. Məhkəmə hesab edir ki, iddaçının tələb etdiyi müxtəlif məhkəmə qərarları ilə qət edilmiş ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3609 manat maddi zərərin tələb edilməsi əsasızdır. Belə ki Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1280/2022 saylı qətnaməsi ilə həmin məbləğ üzrə gecikdirilmiş vaxt üzrə 5% məbləğ üzrə iddia tələbi təmin edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manat üzrə hər hansı ödəniş edib etməməsini müəyyən etmək mümkün olmamışdır.

22. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, iddia tələbinin təmin edilməsi cavabdehin maddi və ailə vəziyyətini, işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə almaqla, cavabdehdən tutulacaq borc pul məbləğinin mütəmadi indeksasiya edilməsi, ümumi məbləğlər üzrə artıq 5% gecikdirilmə məbləğinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, cavabdehin maddi cəhətdən həddində artıq ağır vəziyyətə düşməsinə, məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən mənada sui-istifadə hallarına şərait yaradacaq. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini hazırki işin halları baxımından qanuni, ədalətli və ağlabatan hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, əsas borc məbləğinə hesablanmış faiz borc məbləğinə yenidən faiz hesablana bilməz. Buna görə də hesab edir ki, iddia təmin edilməməlidir.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2024-cü il üzrə gecikdirilmiş vaxt üçün 3609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi: 3.669 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar