Məhkəmə qərarları › İş №2(011)-1544/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1544/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1544/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH Mənzil Komunal Təsərrüfatı Birliyinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə - bundan sonra üçüncü şəxs) qarşı “ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçının əri X5 xx.xx.2022-ci il tarixdə cavabdeh Birlikdə küçə süpürgəçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2022-ci il tarixədək orada işləmişdir. Əmək vəzifələrinin icrası ilə bağlı 2022-ci ilin sentyabr ayının 26-da bədbəxt hadisə baş vermiş, Talıb Səfərov cavabdehin tabeliyində olan ərazidə ağacların sulanması işinə təhkim edilmiş, X1 idarə etdiyi “ZİL 130” markalı su çənli avtomobillə səhər saat 07:00 radələrində Xətai rayonu, P.Həşimov və Gəncə prospektində olan ağacları suladıqdan sonra avtomobilin çənində su qurtardığından su çənli avtomobilin sürücüsü Yaqub Zeynalovla birlikdə cavabdehin Nəqliyyat sahəsinin ərasizində olan su kranından su doldurulması üçün qayıtmış, həmin gün səhər saatlarında (təxminən saat 09:30-dan sonra) Yaqub Zeynalov tərəfindən onun idarə etdiyi “ZİL 130” markalı avtomobil ilə digər “KAMAZ” markalı avtomobiln arasında Talıb Səfərovu yerə yıxılmış vəziyyətdə aşkar etmişdir. Talıb Səfərova ilkin tibbi yardım göstərildkdən sonra Sabunçu xəstəxanasına aparılmış, orada ona “Kəllə beyin travması. Baş beyinin silkələnməsi. Sol təpə nahiyəsinin cırılmış yarası” ilkin diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixdə isə həmin xəstəxanada ölmüşdür.

2. 17.02.2022-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilmiş, Talıb Səfərovun ölümü ilə nəticələnmiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqəli olması və hadisənin baş verməsində Talıb Səfərovun ehtiyatsızlığının olması müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarla, cinayət hadisəsinin olmaması əsası ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Bundan başqa, cavabdehlə üçüncü şəxs "xxxx" Sığorta ASC arasında xx.xx.2022-ci il tarixdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış. Həmin müqavilə ilə Talıb Səfərov 87332,99 manat sığorta məbləğində sığortalanmış, "xxxx" Sığorta ASC tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş sığorta aktı əsasında isə iddiaçıya 8857,44 manat məbləğində birdəfəlik sığorta ödənişi verilmişdir.

4. Tərəflər arasındakı mübahisə ailə başçısının itirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlıdır. İddia ərizəsinin və ona etirazın dəlilləri:

5. İddia ərizəsinin dəlilləri:

6. İddiaçı mərhum əri X2 Bakı şəhəri Xətai rayon MKTB-də iş yerində göstərişi icra edərkən faciəvi şəkildə ölməsi səbəbindən 100000 manat zərər qiymərləndirilərək cavabdehdən birdəfəlik tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, məhrum əri cavabdeh təşkilatda təmizləyici (küçə süpürgəçisi) işində işləyirdi. xx.xx.2022-ci il tarixdə işdə olarkən ünvan 1 ünvanının yaxınlığında su çənindən yıxılaraq kəllə beyin xəsarəti almışdır. O, Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilmiş, həkimlərin səyinə baxmayaraq xx.xx.2022-ci il tarixdə ölməsi barədə omlara məlumat verilmişdir. Ərinin xəsarət almasının əsl səbəbini Bakı şəhəri Xətai rayon prokurorluğu təhrifedici sübutlarla əsaslandıraraq xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar etmişdir. Həmin qərarla razı deyil. Əri avtomobildə quraşdırılmış su çənin üzərindən yıxılaraq xəsarət almışdır. Onun ölməsinin əsl mahiyyəti ondan ibarətdir ki, xəsarət almamışdan əvvəl arvadının adına "xxxx" ASC-dən 3000 manat pul götürərək briqadir işləyən iş yoldaşı Zəminə adlı şəxsə vermişdir və xəsarət alarkən kartında olan 100 manat pul naməlum şəxs tərəfindən çıxarılmışdır. Maddi baxımdan onları əri təmin edirdi. Ərinin ölümündən sonra ona heç bir köməklik edilməmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsində etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə baxışında şahid X3 bildirdi ki, mərhum Talıb Səfərovun yas mərasimlərinin keçirilməsinə həm cavabdeh müəssisənin rəhbərliyi, həm də işçilər tərəfindən köməklik edilmişdir. Ümumilikdə hissə-hissə 12.000 manat pul yığılaraq yas mərasimlərinin keçirilməsinə sərf olunmuşdur. həmin pul vəsaitinin bir hissəsini rəhbər işçilər, bir hissəsini isə digər işçilər öz təşəbbüsləri ilə (hər biri 15-20 manat) yığmışlar. Hətta, iddiaçının qardaşı Fizuliyə 2000 manat pul verilmişdir ki, həmin pul vəsaiti ilə yas mərasimlərinin keçirilməsi üçün mağar qurulmuşdur. Həmçinin, mərhumun 3,7 və 40 mərasimlərini də onların köməkliyi ilə keçirilmiş, məzar daşının xərci də onlar tərəfindən çəkilmişdir. Mərhumun 7 mərasiminədək özü orada olmuşdur.

12. Üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

14. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.

16. Maddə 2.0.6. Bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) faydalanan şəxs sayılır.

17. Maddə 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda, sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxs sayılırlar.

18. Maddə 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.

19. Maddə 17.7. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə (17.2. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilir) uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

24. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. İddiaçı iş yerində əmək müqaviləsi üzrə vəzifələrinin icrası zamanı ailə başçısı olmuş ərinin ölümünə görə dəyən zərərin əvəzini cavabdehdən tələb edir. Lakin iddiaçı ailə başçısını itirməyə görə maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, cavabdehlə üçüncü şəxs, "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) bağlanmışdır.

26. Yuxarıda sığortanın anlayışı barədə qeyd edilən müddəaların mənasından da aydın olur ki, sığorta - sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış obyektə (sığorta olunanın əmlakı, həyatı, mülki məsuliyyəti və s.) zərər dəydiyi halda sığorta olunanın zərər dəymiş şəxsə ödəyəyəcəyi maddi zərərlə bağlı risklərinin bölüşdürülməsi, yaxud ötürülməsidir. Başqa sözlə, sığorta olunan (sığortalı) bu sahədə peşəkar fəaliyyətlə məşğul olan sığortaçıya razılaşdırılmış məbləğdə sığorta haqqı ödəyərək sığorta hadisəsi baş verəcəyi halda, zərər çəkmiş şəxsə ödəyəcəyi maddi zərərin əvəzini ödəmək öhdəliyini sığortaçıya ötürür. “Sığorta haqqında” AR Qanunun 2-ci maddəsinin 1 hissəsində də göstərilir ki, sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

27. Məhkəmə qeyd edir ki, istər hüquqi, istərsə də fiziki şəxslərin mülki məsuliyyətinin əsasları və dəymiş zərərin ödənilməsi qaydası Mülki Məcəllənin 1096-1132ci maddələrində göstərilmişdir. Mülki Məcəllənin 1117-ci maddəsində qeyd edilmişdir ki, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Eyni zamanda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qnununun 1.1-ci maddəsinə görə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.

28. Qanunvericiliyin qeyd edilən müddəalarının mənasından da göründüyü kimi, Mülki Məcəllənin “Fiziki şəxslərin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” ilə bağlı münasibətləri tənzimləyən 60-cı fəslinin (maddə 1117 - 1127) müddəalarından irəli gələn hüquqi məsələlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qnununu ilə tənzimlənir. Həmin Qanunla işəgötürən qismində hüquqi şəxslərin mülki məsuliyyəti icbari qaydada sığorta olunduğundan, başqa sözlə adı çəkilən qanunla bu barədə müqavilə bağlayan işəgötürənlər işçilərin sağlamlığına və həyatına dəyən zərərə görə sığortalandıqlarından baş vermiş hadisə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən azad olunurlar. Qanunun tələbinə əsasən, bu halda istehsalatda bədbəxt hadisələrə görə dəyən zərərin əvəzini ödəmək öhdəliyi isə müqavilə tərəfi olan sığorta şirkətlərinin üzərinə düşür.

29. İşin mübahisəsiz hallarından da bəlli olur ki, cavabdehlə üçüncü şəxs arasında İcbari sığorta müqavilsiə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşdur. Cavabdehlə üçüncü şəxs arasında bağlanmış İcbari sığorta müqaviləsinin 1-ci bəndində də göstərilir ki, üçüncü şəxs müvafiq sığorta haqqı ödəməsi müqabilində cavabdeh Birlikdə işləyən fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə bağlı onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığorta ödənişinin verilməsini öhdəsinə götürmüşdür.

30. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının ərinin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar olaraq üçüncü şəxs tərəfindən faydalanan şəxs kimi iddiaçıya, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 17.7-ci maddəsinə müvafiq olaraq, birdəfəlik sığorta ödənişi (8857,44 manat) müəyyən edilməklə, xx.xx.2023-cü il tarixli sığorta aktı ilə iddiaçının bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdeh işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından öz mülki məsuliyyətini sığortalamış və iddiaçının ərinin ölümü nəticəsində dəymiş zərər birdəfəlik sığorta ödənişi qismində üçüncü şəxs olan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar