Məhkəmə qərarları › İş №2(011)-1576/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1576/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1576/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (VÖEN **********) ilə arasında bağlanan 05 may 2024-cü il tarixli müqaviləyə əsasən, keyfiyyətsiz məhsulun satışı üçün Cavabdeh MMC-yə ödəmiş olduğu 249 manat pulun, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manat pulun, məhkəməyə müraciət üçün çəkmiş olduğu 100 manat hüquqi yardım xidmətinin xərcinin, həmçinin 2000 manat dəyərində qiymətləndirilərək ona dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, bunlarla yanaşı cavabdeh şirkət tərəfindən quraşdırılan kondisionerin şirkətin öz maddi hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC (VÖEN **********) ilə arasında bağlanan 05 may 2024-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, iddiaçı qiyməti 499 manat olan kondisioner almışdır. Cavabdeh şirkət məhsulun reklamı zamanı kondisionerin məbləğini 375 manat göstərmiş və iddiaçı da məhsulun 375 manat dəyərində olduğunu düşünərək almışdır. İddiaçı məhsulu alan zaman bağlanan müqavilədə qeyd edilən qiymətə nəzər yetirməmiş və müqavilədə qiymət 499 manat qeyd edilmişdir. 05 may 2024-cü il tarixli müqavilənin 3.4-cü maddəsinə əsasən, məhsulun qiyməti alıcı, yəni iddiaçı tərəfindən 3 ay müddətinə satıcıya, yəni Cavabdeh MMC-yə ödəməlidir. İddiaçı 06 may 2024-cü il tarixdə 124 manat ilkin ödəniş, 06 iyun 2024-cü ildə 125 manat ödəniş etmişdir. Belə ki, iddiaçıya məhsulun çatdırılması və quraşdırılması pulsuz olduğu bildirilmişdir. Lakin iddiaçıdan kondisionerin çatdırılması üçün 15 manat və quraşdırılması üçün isə 50 manat tələb edilmişdir. İddiaçı toplam çatdırılma üçün kart hesabına 15 manat və quraşdırılma üçün isə nağd şəkildə ustaya 50 manat ödəmişdir. Kondisioner ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ofisə quraşdırılmışdır. Kondisionerin quraşdırılmasından sonra yetəri qədər keyfiyyətli olmadığı ortaya çıxmışdır. Belə ki, kondisioner ümumi sahəsi 15 kv.m olan otağı soyutmur. Həmçinin yay rejimində soyutmadığı kimi, qış rejimində də isitmir. Hal-hazırda ofisi isitmək olmur. Soyuq ofisdə işləmək də iddiaçının səhhətinə ciddi təsir göstərir və iddiaçı müalicə alır. Kondisionerin sökülməməsi səbəbi ilə ofisi isitmək üçün yeni kondisioner də quraşdıra bilməmişdir. Bununla bağlı iddiaçı Cavabdeh MMC-yə müraciət etmiş və müxtəlif vaxtlarda 4 fərqli usta göndərilmişdir. İlk göndərilən usta bir neçə dəfə özü gəlib baxmış, sonrakı ustalar kondisionerin yağın dəyişmiş, qazına baxmışlar. Lakin keyfiyyəti eynidir. İddiaçı məhsulun dəyişdirilməsini tələb emtiş, həmçinin daha baha məhsul verilərsə, məhsul keyfiyyətli olduğu halda aradakı qiymət fərqinin ödənilməsini də Cavabdeh MMC-yə təklif etmişdir. Cavabdehin iddiaçını müxtəlif səbəb və bəhanələrlə yubatması səbəbi ilə 3 ay boyunca yayda istidə oturmaq məcburiyyətində qalmışdır. Lakin şirkət iddiaçının şikayətinə və müraciətinə cavab verməyərək, iddiaçını yubatmışdır. Ümumi ödənişdən geriyə qalan 250 manat borcunun ödənilməsi üçün cavabdeh şirkətin iki qadın işçisi iddiaçıya dəfələrlə zəng edərək kobud şəkildə onu təhqir etmişlər. Daha sonra isə Cavabdeh MMC-nin kişi hüquqşünası iddiaçı ilə əlaqə saxlayaraq borcu barədə xəbərdarlıq etmişdir. İddiaçı isə ona məhsulun keyfiyyətsiz olması səbəbi ilə borcun geri qalanını ödəmədiyini bildirmişdir. Cavabdeh MMC-nin məsuliyyətsizliyi və işçilərinin iddiaçının hər müraciətin də onu təhqir etməsi iddiaçıda əsəb və stresden ürəkdə damar yığılmasına səbəb olmuşdur. Cavabdeh MMC-nin iddiaçıya yaşatdığı əsəb və stresden sağlamlığına dəyən zərərlə bağlı koronar angioqrafiya protokolu məhkəməyə təqdim edilmişdir. Belə ki, kondisioner hələ də sökülməmişdir. İddiaçı özü kondisionerə müdaxilə etmək istəməmişdir. Çünki cavabdeh şirkət kondisionerə kənar müdaxilə olunmasını əsas gətirərək yenə öhdəliklərindən yayınacaqdır. 375 manata reklamını gördüyüm məhsulun qiyməti çatdırılması və quraşdırılması ilə birlikdə 564 manata gəlib çıxmışdır. Bundan əlavə məhsul keyfiyyətsizdir. Keyfiyyəti olmayan məhsulun satışı isə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması deməkdir. İddiaçı cavabdeh şirkətə məhsulun öz dəyəri olan 499 manatdan 249 manat ödəmiş və hal-hazırda Cavabdeh MMC-yə kondisioner üçün 250 manat borcu qalmışdır. Məhsul Keyfiyyətsiz çıxdığı və cavabdehin də məhsulu dəyişmədiyi üçün iddiaçı yerdə qalan 250 manat borcunu ödəməmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi keyfiyyətsiz məhsulun satışı üçün Cavabdeh MMC-yə ödəmiş olduğu 249 manatın, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manatın və məhkəməyə müraciət üçün çəkmiş olduğum 100 manat hüquqi yardım xidmətinin xərcinin, həmçinin 2000 manat dəyərində iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdən ibarətdir. Həmçinin iddiaçı cavabdeh şirkət tərəfindən quraşdırılmış məhsulun şirkətin öz hesabına sökülməsini tələb etmişdir. Belə ki, iddiaçı məsələ ilə bağlı cavabdeh şirkətə şikayət ərizəsi ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 05 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Ficher Has-09AXR model kondisioner satılmışdır. Zəmanət talonundan görünür ki, Ficher Has-09AXR model kondisioner üçün 02 iyun 2025-ci il tarixədək zəmanət verilmişdir. 4127********5687 hesaba (Elektronika) 124 manat, 15 manat, 125 manat olmaqla, ümumilikdə 264 manat pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanan 05 may 2024-cü il tarixli müqaviləyə əsasən keyfiyyətsiz məhsulun satışı üçün Cavabdeh MMC-yə ödəmiş olduği 249 manatın, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manatın iddiaçıya ödənilməsi, bunlarla yanaşı şirkət tərəfindən quraşdırılan kondisionerin şirkətin öz maddi hesabına sökülməsi barədə tədbir görülməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. "xxxx" MMC-nin 22 may 2025-ci il tarixli UNİ/İ 34-251/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı istifadəsində olan Ficher Has-09AXR model kondisionerin kompressorunun nasaz, parametrlərə uyğun olmadığı, kondisionerin düzgün quraşdırılmadığı, freon qazını saxlamadığı, quraşdırıldığı 14 kv.metr qeyri-yaşayış sahəsini soyutmadığı müəyyən edilmişdir. Ficher Has-09AXR model kondisionerdə kompressoru parametrlərə uyğun deyil, təzyiqi düzgün təznimləmir, quraşdırıldığı gündən nasazdır. Kondisioner düzgün quraşdırılmadığından freon qazı vurulduqda boru birləşmələrindən sızmalar olur. "xxxx" MMC tərəfindən verilmiş 317313 nörməli, 30 iyun 2025-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirmə xidmətinə görə 100 manat ödəniş edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 05 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 499 manat olan Ficher Has-09AXR model kondisioner İddiaçı satılmışdır. İddiaçı kondisionerdə qüsurların mövcud olduğu, lazımi keyfiyyətdə olmadığını cavabdehə bildirsə də, iddiaçıya verilmiş məhsulda qüsurlar aradan qaldırılmamış, məhsul yenisi ilə əvəz edilməmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 264 manat məbləğində ödəniş edildiyi təsdiq edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 22 may 2025-ci il tarixli UNİ/İ 34-251/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı istifadəsində olan Ficher Has-09AXR model kondisionerin kompressorunun nasaz, parametrlərə uyğun olmadığı, kondisionerin düzgün quraşdırılmadığı, freon qazını saxlamadığı, quraşdırıldığı 14 kv.metr qeyri-yaşayış sahəsini soyutmadığı müəyyən edilmişdir. Ficher Has-09AXR model kondisionerdə kompressoru parametrlərə uyğun deyil, təzyiqi düzgün təznimləmir, quraşdırıldığı gündən nasazdır. Kondisioner düzgün quraşdırılmadığından freon qazı vurulduqda boru birləşmələrindən sızmalar olur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya lazımi keyfiyyətdə məhsul satılmadığı təsdiq edildiyindən, bununla da iddiaçının istehlakçı kimi hüquqları pozulduğundan, iddiaçı kondisioner üçün ümumilikdə 314 manat pul vəsaiti ödədiyini iddia etsə də, iş materialları ilə cavabdehə 264 manat pul vəsaiti ödənildiyi təsdiq edildiyindən, iddia tələbi qismən təmin edilməli, iddiaçının ofisində quraşdırılmış kondisioner cavabdehin maddi vəsaiti hesabına sökülməli, iddiaçı tərəfindən ödənilmiş 264 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi həmçinin 2000 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması hissəsində əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilməli olan 30 manat; Ekspertiza xərci 100 manat. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olaraq rüsumdan azad olunduğundan dövlət rüsumu kimi ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına və iddiaçı tərəfindən ekspertiza xərci kimi ödənilmiş 100 manat pul vəsaiti cavabdehdən İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbində hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat xərcin cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş vəsait iş materialları ilə təsdiq edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ofisə quraşdırılmış Ficher Has-09AXR model kondisioner Cavabdeh MMC-nin hesabına sökülərək, cavabdehə təhvil verilsin. Cavabdeh MMC-dən 264 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh MMC-dən ekspertiza xərci kimi ödənilmiş 100 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar