Məhkəmə qərarları › İş №2(011)-1605/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1605/2021

10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1605/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə aşıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X8 Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurduğu zərər üzrə 35000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 1(101)-572/2020 hökmü ilə Cavabdeh1 AR CM-nin 29, 178.2.2, 29, 178.2.4. 178.3.2. 310. 32.4,312- 1.2,320.1 və 320.2 maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Cavabdeh1 35000 (manat ziyan məbləğinin alınaraq ona ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun olması hökmdə izah edilmişdir. Cavabdeh1 barəsində 30.10.2020-ci il tarixli Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünün 19-20-cu səhifəsində göstərilən ifadəsində qohumu X6 və X2 yanında 20.000 manat pul və şəxsiy¬yət vəsiqəsini də vermişdir. Bir-iki gün sonra isə Əfsun ona verəcəyi avtobusun rəsmiləşdirilməsi üçün təcili pul verməsini bildirmiş, o da Əfsuna yenidən 10.000 manat və 5.000 manat da pul vermişdir. Əfsun ondan əlavə 8.300 AZN dövlət əmlak idarəedilməsinə köçürülməli olmasını bildirmiş və həmin pulun Fikrət vasitəsi ilə verilməsini istəmişdir, lakin aldandığı anlamış, son anda ona verdiyi 35.000 manat pulunu qaytarmasını tələb etmişdir. Cavabdeh aldığı pulu qaytarmamaqla ona dələduzluq hərəkətləri etməklə ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hərracda avtomobil alqı-satqısı ilə məşğul olan bir şəxslə münasibətləri olmuşdur. İddiaçı X1 Yaşar Kamil oğlunun vasitəçiliyi ilə onunla görüşərək, avtomaşın alınmasında köməklik göstərməsini xahiş etmişdir. Yaşar Sadıqov 2016-cı ildə ona 35000 manat pul vermişdir. Lakin avtomaşının alınması yubandığına görə 2 ay müddət keçdiyi halda pulu qaytarmasını istəmişdir. 1 həftə içində Yaşarla görüşmüş və Avis Rentacarın qapısında 35000 manatı ona qaytarmışdır. Aldığı cəzanı, maddi imkanının olmaması və azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasının onun itirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli 1(103)-511/2021 saylı hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2020-ci il tarixli 11(101)-572/2020 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29,178.2.4, 178.3.2, 310, 32.4, 312.2, 32.4, 312-1.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4, 178.3.2-ci maddələri ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312- 1.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq you ilə ona 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü ilə tətbiq olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanımış şərti məhkumetmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 04 il 09 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh1 təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi X4 tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinin inspektoru kimi təqdim edib, həmin Nazirlikdə işləyən şəxs kimi Nazirliyin digər qurumları ilə də yaxşı əlaqələrinin olmasını və Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə məxsus işlənmiş 2012-ci il istehsallı “Hyundai County” markalı, “**-FH-***” nömrə nişanlı avtobusun istismara yararsız kimi sənədləşdirilib ona satılmasını təşkil edə biləcəyini 2016-cı ilin sentyabr ayında İddiaçı yalandan bildirib onu aldadaraq, həmin adla sonuncudan 2016-cı ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının qarşısında 20.000 manat, bir neçə gün sonra ünvan 2 ünvanında yerləşən “Bakı avtomobil bazarı” ərazisində 10.000 manat və həmin ilin sentyabr ayının sonunda sonuncu ünvanda daha 5.000 manat, ümumilikdə 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus 35.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxsi kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, eyni niyyətlə, 2016-cı ilin sentyabr ayının sonlarında İddiaçı sənədləşdirmə işlərinin yekunlaşdıirılması və həmin avtobus üçün Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinə əlavə olaraq 8.300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsatinin avtomobilin dəyəri kimi ödənilməsinin zəruri olmasını bildirib, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 8.300 manat məbləğində pul vəsatinin ödənilməsinin zəruriliyinə dair məzmununa yalan məlumatların daxil edildiyi Azərbaycan Respublikası FHN-nə aid gerbli və blanklı olmaqla istintaqa təqdim edilməyən sənədləri istintaqla müəyyən edilməyən şəxs vasitəsilə İddiaçı ünvan 4 ünvanda yerləşən “Odlar Yurdu Universiteti”nin yaxınlığında göstərdiyi zaman sonuncu həmin sənədlərin notariat qaydada təsdiqlənməsindən sonra pulu verə biləcəyini bildirməsi ilə əlaqədar 8.300 manat məbləğində pul vəsaitini İddiaçı almağa nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus cəmi 43.300 manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hökmlə iş üzrə zərər çəkmiş şəxs İddiaçı maddi ziyan ilə əlaqədar mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Beləliklə,məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə iddiaçı X5 35000 manat məbləğində ziyan vurulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 35000 (otuz beş min) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X5 verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar