Məhkəmə qərarları › İş №2(011)-1616/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1616/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1616/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – 24815,14 manat əsas borc pulun, 20000 manat məbləğində cərimə pulun, 35000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 329,45 manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 adından iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əşyanın nisyə alğı-satqısı haqqında 2149 saylı müqaviləyə əsasən, “Hyundai Grandeur” minik markalı ** XP *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh satılmışdır. Müqavilə üzrə ödənilməli olan avtomobilin dəyəri alıcı Cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyindən, onun MMC-nə 24815,14 manat əsas, 35000 manat icarə haqqı pulu, 20000 manat cərimə borcu yaranmışdır. İddiaçı "xxxx" MMC sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3605 saylı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi olaraq 24815,14 manat məbləğində əsas borc pulun, 6951 manat məbləğində cərimə pulunun, 35000 manat məbləğində icarə haqqının və 329,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin gəlməməsi barədə məlumat olmadığından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli 2149 saylı müqavilənin surətindən görünür ki, satıcı X2 etibarnaməsi əsasında "xxxx" MMC tərəfindən 2011-ci il buraxılışlı “Hyundai Grandeur” minik markalı avtomobil alıcı Cavabdeh qiyməti müqavilə ilə 39738,14 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 4000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı ** XP *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlindən görünür ki, hər növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 993 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 983,1397 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nə ödəniş etməyərək, 24815,14 manat məbləğində əsas borcu qalmışdır. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nə 8944 manat məbləğində aylıq ödəniş, 2401 manat məbləğində isə cərimə ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Grandeur” markalı ** XP *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan X3 ilə "xxxx" MMC ilə arasında bağlanmış daşınar əmlaklar üzrə tələb etmək hüququ barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X3 tərəfindən özünün mülkiyyətində olan və nisyə satılmış daşınar əmlaklar üzrə borclu şəxslərə qarşı özünün tələb hüququ "xxxx" MMC-nə güzəşt edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə “Hyundai Grandeur” minik markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil X3 ("xxxx" MMC-nə verilmiş etibarnamə ilə) tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 39738,14 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilin dəyərinin 14923 manat hissəsini ödəmiş, qalan 24815,14 manat hissəsi isə ödənilmədən qalmışdır. X1 mülkiyyətində olan və nisyə satılmış daşınar əmlaklarla bağlı yaranmış borcu tələb etmək hüququnu "xxxx" MMC-nə güzəşt etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-in hazırkı tələb ilə məhkəməyə iddia ilə müraciət etmək üçün subyektiv hüququ vardır. Göründüyü kimi, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 24815,14 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 6951 manat məbləğində deyil, 1400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddianın “35000 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin iddianın 329,45 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 24815,14 (iyirmi dörd min səkkiz yüz on beş manat on dörd qəpik) manat əsas, 1400 (min dörd yüz) manat cərimə borcu və 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26544,59 (iyirmi altı min beş yüz qırx dörd manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar