Məhkəmə qərarları › İş №2(011)-162/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-162/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-162/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2024-cü il tarixdən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvvəlüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(001)-602/2021 saylı qətnaməsinə əsasən 175 manat alimentin Cavabdeh ona ödənilməsi qət edilmişdir. Hal-hazırda X3 11 yaşı var, qət edilən 175 manat uşağın maddi ehtiyaclarını ödəmir. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi verərək, 27 dekabr 2012-ci il doğum tarixli X3 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən İddiaçı ilə Cavabdeh Məmədqulu oğlu arasında 08 yanvar 2002-ci il tarixində Qaradaq rayonu VVADQ şöbəsi tərəfindən 08 yanvar 2002-cı il tarixlı 05 nömrəli akt qeydlər kitabında qeydə alınmış nikah münasibətlərinə xx.xx.2021-ci il tarixində 2(001)- 602/2021 saylı mülki iş üzrə qət edilmiş qətnamə ilə xitam verilmişdir (pozulmuşdur). Nikah pozulmamışdan öncə 2(001)-5116/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardla İddiaçı uşaqlarının onunla ünsiyyətinə maneə yaratdığından məhkəməyə təqdim etdiyi ərizə əsasında xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri səhər saat 12:00-dan axşam saat 19:00-dək uşaqları ilə ünsiyyətdə olmasına İddiaçı tərəfindən maneənin yaradılması qadağan edilmişdir. Cavabdeh həmin uşaqlarla ünsiyyətdə olması İddiaçı iştirakı olmadan həyata keçirilməsi ilə bağlı 2(001)- 5116/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmişdir. (Qərardad halhazırdada qüvvədədir). Qərardadın tələbləri İddiaçı tərəfindən dəfələrlə pozulmuş və tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə verdiyi şikayət ərizələri əsasında (icra şöbəsi ilə birlikdə) İddiaçı sonuncu dəfə xəbərdarlıq edilmişdir. Yuxarıda qeyd edilənləri göstərməklə məqsədi xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında həftənin 2 (iki) günün ayın ən azından 8 (səkkiz) günün olması və buna görə də qarşı tərəfə bir ay üzrə ödədiyi 175 (yüz yetmiş bes) manat alimentdən çox xərclədiyini nəzərə alınması xahiş edilmişdir. Yaşayış mınumumu 235 manat məbləğin içərisinə onların istirahətinin əyləncəli keçirilməsinin xərcləri, qida (ərzaq) xərcləri, qeyri ərzaq və s. xərclər daxildir. Bu xərclərin 90% həftənin 2 gününü, ayın ən azından 8 günün onun yanında olduğu zaman tərəfindən ödənilir. Bura uşağa görə aliment kimi iddiaçının hesabına ödədiyi 175 manat pul aid deyil, bundan əlavə xərclərdir. İddiaçı uşağa görə aliment kimi hesabına ödədiyi 175 manat pulu özünə şəxsi məqsədləri üçün xərcləyir. Qanunla uşağa xərcləməli olduğu halda özünün başqa məqsədləri üçün xərcləyir. O, İddiaçı uşağına görə ödənilən aliment pulunu uşağa xərclədiyini məhkəmədə sübut etməyini tələb etmişdir. Cavabdeh işsizdir və məhkəmə tərəfindən sabit məbləğdə ondan 175 manat aliment tutulması nəzərdə tutulur. Lakin burada aliment tutulmasında unudulur ki, uşaq həftənin 2 (iki) günün, ayın ən azından 8 (səkkiz) günün onun yanında olur. Eyni zamanda Ailə Məcəlləsində kişi ilə qadın bərabər hüquqlu olduğundan uşağın bütün xərc elementləri tərəflər arasında bərabər şəkildə bölünməklə icra olunmalıdır. Onun işsiz olmağına rəğmən bir övladının deyil digər övladlarının da bütün maddi və s. tələbatlarını təmin edir. X7 özündən böyük bacı və qardaşı ilə birgə yaşayır. Onların da bütün xərclərini qarşı tərəfdən fərqli olaraq vaxtı ilə və işlədikləri günə kimi o təmin etmiş. 2002-ci il təvəllüdlü qızı ali təhsillidir və hal-hazırda bank sektorunda işləyir, digər övladı 2003-cü il təvəllüdlü Quliyev Samir ali təhsillidir, maliyyəçi olaraq işləyir. Hər ikisi aylıq məvacib qazanc əldə edir və balaca bacıları ilə birgə yaşayırlar. Quliyeva Lalə 12 yaşındadır və onun bütün təminatlarının təmin etməyi ilə bağlı etdiklərinin sübutu olaraq onun dinlənilməsi və onun hal-hazırda dərs prosesində məktəbdə olduğunu, yəni məhkəmənin uşağın dərsə, məktəbə getmədiyi gün yəni həftənin 6-cı gününə məhkəmə iclası keçirilməklə həmin iclasında iştirakı təmin olunmaqla uşağın fikirlərini nəzərə alması xahiş edilmişdir. İddiaçı uşağa görə ödənilən alimentdən və onun artırılmasından özü üçün yenidən qazanc əldə etmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Bu şəxsin uşağa baxmaq, onun maddi təminatlarını təmin etmək iqtidarında olmaması, uşağa görə ödədiyi aliment pulun uşağa deyil özünün şəxsi maraqları üçün xərcləməsi (daha doğrusu özü üçün xərcləməsi), uşaqdan şəxsi məqsədlərini həyata keçirmək üçün bir alət kimi istifadə etməsi, öz əxlaq və tərbiyəsində olan problemləri uşağa aşılamağa çalışması, uşağı yalan danışmağı məcbur etməsi, uşağın onun yaxın qohum əqrabası ilə bibisi, əmisi və onların uşaqları və s. ilə ünsiyyətinə maneə yaratması, uşağın atasının yanında qalmasına onunla hər hansı bir rayona uşaq məktəb tətilində olarkən, bayramlar zamanı, şənbə və bazar günlərində istirahətə bir neçə günlüyə getməsinə və s. üzrə maneələr yaratması qərardadla müəyyən olunmuş həftənin iki gününü belə atasının yanına gəlməsinə hər dəfə problemlər yaratması və s. misalları bildirmişdir. O, hər zaman uşağının bütün maddi təminatlarını hər zaman təmin edən şəxs olaraq və 27 dekabr 2012-ci il doğum tarixli X3 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamənin qət edilməsi xahiş etmişdir. İddiaçı fərqli olaraq 27 dekabr 2012-ci il doğum tarixli X5 üçün qarşı tərəfdən (İddiaçı) aliment tutulmasını istəmir. O, uşağın bütün maddi təminatlarını təmin edəcək imkana sahibdir və onun üçün də o himayəsinə verildiyi andan hər şey etməyə hazırdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O, ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəsatəti əsasında hüquqi yardımın göstərilməsi üçün ona təyin edilmiş “Kiçikbəyov və partnyorları” vəkil bürosunun vəkili X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 yanvar 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 dekabr 2021-ci il tarixdə 651 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, komissiya valideynləri rəsmi qaydada boşandıqları təqdirdə yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvvəlüdlü X3 anası İddiaçı yanında saxlanmasını mümkün hesab etmişdir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mövcud tələbini ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmiş və həmin qərarın 8.4-cü bəndinə 8.4-3-cü yarımbənd əlavə edilmişdir və qeyd edilmişdir ki, “əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Buna görə də minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə verilmiş hazırki iddia tələbinin təmin edilməsi üçün əsəs yoxdur. Belə ki, uşaqlar üçün yaşayış minimumunun artırılması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması, sonuncunun zənginləşməsi anlamına gəlmir. Buna görə də iddia bu hissədə təmin edilməməlidir. Əlavə olaraq iddiaçıya izah edilməlidir ki, iddiaçı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-602/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı tələb irəli sürərsə, həmin tələb iddia ərizəsinin verilməsi yolu ilə deyil, icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri əsasında) həll edilməlidir. 27 dekabr 2012-ci il doğum tarixli X3 atası Cavabdeh himayəsinə verilməsinə dair qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, 27 dekabr 2012-ci il doğum tarixli X3 üstün mənafeyi rəhbər tutularaq, o anasının himayəsindən alınaraq atasının himayəsinə verilməməlidir. Belə ki, sadalanan qanunvericilik normalarına, həmçinin beynəlxalq konvensiyaların maddələrinə, bəynəlxalq qətnamələrin prinsiplərinə əsasən məhkəmə 27 dekabr 2012-ci il təvəllüdlü X3 anasının himayəsindən alınaraq atasının himayəsinə verilməsini, bununla da ana qayğısından və nəvazişindən məhrum qalmasını onun mənəvi inkişafı üçün məqsədəmüvafiq hesab etmir. Məhkəmə belə nəticəyə gələrkən, qəyyumluq və himayəçilik komissiyasının rəyini, uşağın yaşını və emosianal inkişaf dövründə olmasını nəzərə alır. Məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının maraqlarının uşağın maraqlarından üstün tutulması yolverilməzdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşağın anadan alınmasına əsas ola biləcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 73.1-73.2.-ci maddələrinə görə uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində qeyd edilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər alda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 27 dekabr 2012-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi barədə ilkin iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı 27 dekabr 2012-ci il təvəllüdlü X3 atası Cavabdeh himayəsinə verilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar