Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-163/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə qarşı əsas borc üçün qrafik tərtib edib ona təqdim edilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı “xxxx” ASC ilkin iddia üzrə Cavabdeh qarşı cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2204,68 manat məbləğində əsas borc, 594,61 manat faiz, 51,32 manat məbləğində cərimə borcunun, cəmi 2850,61 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3489 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 2204,68 manat əsas, 594,61 manat faiz, 51,32 manat cərimə, cəmi 2850,61 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə qarşı əsas borc 2204 manatın hər ay 50 manat ödəniş etməyi üçün qrafik tərtib edib ona təqdim edilməsinin “xxxx” KB ASC-nin üzərinə öhdəlik qoyulması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2018-ci ildə 3489 manat kredit götürmüşdür və götürdüyü krediti qısa vaxt ərzində ödəmişdir, lakin 4 nəfər ailə üzvlərinin olması və ailədə tək o işlədiyi üçün 3 aya yaxındır ki, krediti ödəyə bilmir. Bu barədə banka yazılı və şifahi müraciət etmişdir ki, faizi dayandırsın, qalan məbləği də o az-az ödəsin, lakin onlar onun müraciətini nəzərə almamışdırlar. xx.xx.2019-cu il tarixdə o, məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X3 məhkəməyə izahatında bildirmişdir ki, onun bankdan 3489 manat kredit götürmüş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanına əsasən ona da şamil edildiyindən həmin məbləğ kreditdən çıxılmış və onun ümumilikdə ödənilməmiş 2204 manat borcu qalmışdır, bu səbəbdən də məhkəmə iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-cü il tarixdə bağlanmış 1231nkAHM/14 nömrəli “Kredit və X4”-nə əsasən bank borcluya 60 ay müddətinə, xx.xx.2023-cü il tarixədək, illik 18% olmaqla 3489 manat məbləğində kredit vermişdir. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 2204,68 manat əsas borcu, 594,61 manat faiz borcu və 51,32 manat məbləğində cərimə borcu, cəmi 2850,61 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, “xxxx” KB ASC Cavabdeh banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4036 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixli, 41nkAHM/14 nömrəli “Kredit və X4” üzrə Cavabdehnın “xxxx” ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) 2916,73 manat: əsas borc üzrə 2526,40 manat, faiz borcu üzrə 390,33 manat, xx.xx.2020-ci il tarixədək (sualda soruşulan tarixə) 3175,69 manat: əsas borc üzrə 2526,40 manat, faiz borcu üzrə 649,29 manat müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Cavabdehdən faiz borcuna görə 390,33 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, iddia tələbində göstərilən cərimə borcu cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə qarşıqlı iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh qarşılıqlı iddia tələbi, yəni kredit müqaviləsi üzrə hər ay 50 manat ödəniş etməyi üçün ödəniş qrafiki tərtib edilməsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinə zidd olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının də Cavabdeh tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 41nkAHM/18 saylı "Kredit və X4" üzrə əsas borca görə 2204,68 (iki min iki yüz dörd manat, altmış səkkiz qəpik) manat, faiz borcuna görə 390,33 (üç yüz doxsan manat otuz üç manat) manat, cərimə bocruna görə 51,32 (əlli bir manat otuz iki qəpik) manat, ümumilikdə 2646,33 (iki min altı yüz qırx altı manat otuz üç qəpik) manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx KB" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 150 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamənin şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-163/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-163/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver