Məhkəmə qərarları › İş №2(011)-1639/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1639/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1639/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2007-ci il təvəllüdlü Nəzrin və xx.xx.2009-cu il təvəllüdlü Nuray yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Xətai rayon Məhkəməsinin 2023-cü il tarixli 2(011)-317/2021 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə nikahları pozulmuşdur, 10 ildir ki ayrılmışdırlar, ailələri ailə müdaxiləsi nəticəsində dağılmışdır, birgə nikahdan iki uşaqları var, uşağı universitetə hazırlaşır, hazırlıqlara gedir, onun xərcləri artmışdır, bu səbəbdən alimentin artırılmasını istəyir, uşaqların xərclərini qarşılaya bilmir, onlara baxa bilmir, cavabdeh sosial müavinət olur, onun avtomobili vardır, iddia ərizəsini geri götürməsinə səbəb uşaqlar üçün yaşayış minimumunun artması olmuşdur, cavabdeh əvvəlki iş zamanı 386 manat aliment ödəməyə razı olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə nikahları pozulmuşdur, birgə nikahdan iki uşaqları var, əgər iddiaçı uşaqlara baxa bilmirsə, onlardan birini ona versin, uşağa o baxar, 350 manat aliment ödəyə bilər, noyabrdaki iclasda 386 manat ödəməyə razı olmuşdur, lakin iddiaçı iddianı geri götürmüş, yaşayış minimumu artdığından indi hazırki tələblə müraciət etmişdir, özü 550 manat maaş alır, evli deyildir, hazırki alimenti çətinliklə ödəyir, evdə atası, anası ilə yaşayır, avtomobili yoxdur. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 984851 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 iyun 2007-ci il tarixdə Lənkəran rayon Şürük kəndində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 382748 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Lənkəran rayon Şürük kəndində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 3172/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində 979 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin eyni tərəflər arasında olmuş və baxılmamış saxlanmış 2(011)-6911/2022 saylı mülki işə baxış protokolundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, hər uşağa görə 193 manat, cəmi 386 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, “SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyası”nda sürücü vəzifəsində işləyir, əmək haqqı 550 manatdır, sosial ödəniş məbləği – İİ qrup əlilliyə görə müavinət 130 manatdır. İş materiallarında olan 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/16-0110 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir, İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3172/2021 saylı qətnaməsi ilə uşaqlar ananın – iddiaçının himayəsində saxlanmışdır, hal-hazırda da onun yanındadırlar, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 175 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 3172/2021 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini (xx.xx.2007-ci il təvəllüdlü uşağın universitetə hazırlıq mərhələsində olmasını), onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, onun əmlak vəziyyətini və 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3172/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusunun 1000 manatdan 10000 manatadək (90 x 12 ay = 1080 manat) olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30,80 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3172/2021 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat 80 (səksən) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar