Məhkəmə qərarları › İş №2(011)-167/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-167/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-167/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçılar əvvəllər valideynləri və digər qohumları ilə birlikdə (atası, anası, əmisi və əmisi qızı) Bakı şəhəri, Vaqif küçəsi 9 ünvanında yerləşən iki otaqlı, ümumi sahəsi 31 kv.m.-dən ibarət mənzildə yaşamışlar. Həmin mənzil baş vermiş zəlzələ nəticəsində zədələndiyindən orada yaşayan şəxslər (iddiaçılar və onlarla birlikdə yaşayan digər ailə üzvləri) 26 Bakı Komissarları adına Xalq məhkəməsinin 04 dekabr 1984-cü il tarixli 2-829/84 nömrəli qərarına əsasən ünvan 1 ünvanda yaşayan 5 nəfərin (iddiaçılar, onların atası, anası, əmisi və əmisi qızı) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 57 saylı evin 33 saylı mənzilinə (Bundan sonra – Mənzil) müvəqqəti yaşayış üçün köçürülməsi qərara alınmışdır.

2. Hazırda iddiaçılar Mənzildə qeydiyyatsız yaşayırlar.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçılar Bakı şəhəri 26 Bakı Komissraı Rayon (indiki Səbail) məhkəməsinin 04 dekabr 1984-cü il tarixli, 2-829/84 saylı məhkəmə qətnaməsinə əsasən məcburi qaydada köçürülərək indiyədək istifadə etdikləri Bakı şəhəri, Əhmədli qəsəbəsi, Profsoyusna küçəsi (indiki M. Hadi küç) 57 saylı evin, 33 mənzilinə dair istifadə hüquqlarının tanınması və onlara müvafiq sənəd verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 1984-cü ildə onların ailəsi (atası, anası və əmisi) ünvan 2 ünvanında 31 kv.m. sahəsi olan yaşayış mənzildə yaşamışlar. Həmin ilin dekabr ayında baş vermiş zəlzələ zamanı onların evinin dam hissəsi çökdüyündən orada yaşamaq qeyri-mümkün olmuşdur. Yaşayış yerini əsaslı təmir etmək üçün ailələrinə başqa yaşayış yerinə köçürülməyi təklif etsələr də, onlar təklif olunan ünvana köçməkdən imtina etmişlər. Bakı şəhəri, 26 Bakı Komisarları rayon Mənzil Təsərüffat İdarəsi iddiaçıları məhkəmə yolu ilə qəzalı yaşayış sahəsindən köçürmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri 26 Bakı Komissarları adına rayon məhkəməsinin 4 dekabr 1984-cü il tarixli, 2- 829/1984 saylı qətnaməsi ilə ailələrinin ünvan 4 ünvandakı yaşayış sahəsi ilə icarə müqaviləsinə xitam verilməməklə Mənzilə köçürülmələri qərara alınmışdır. Lakin həmin yaşayış sahəsinə köçürülmələri barədə onlara məhkəmə qətnaməsindən başqa heç bir sənəd verilməmişdir. Məhkəmə qətnaməsində yeni köçürüldükləri ünvanda əvvəl yaşadıqları Vaqif küçəsi, ev 9 ünvandakı yaşayış sahəsinin əsaslı təmiri qurtarana qədər vaxtı yazılmışdır. Ailələri 1985-ci ilin əvvələrindən Mənzildə yaşamağa başlamışdır. Müəyyən zamandan sonra iddiaçıların atası, anası və əmisi dünyalarını dəyişmişlər və Mənzildə iddiaçılar yaşamaqda davam etmişlər. Bütün kommunal ödəmələri öz adlarına ödəmişlər amma bu Mənzilə nə müvəqqəti, nə də daimi qeydiyyata alınmamışlar. Hətta, qeydiyyat yeri olmadığından şəxsiyyət vəsiqəsini də ala bilməmişlər və hal-hazırda şəxsiyyəti təsdiq edən yeganə sənəd sovet pasportu kimi adlanan sənəd qalmaqdadır. Onlar məhkəmə qətnaməsi ilə məcburi qaydada köçürülərək indiyədək fasiləsiz olaraq istifadə etdikləri yaşayış sahəsinə hər hansı bir hüququn müəyyən edilməsi barədə Xətai rayon İcra Hakimiyyətinə, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərüffatı Birliyinə və s təşkilatlara müraciət etsələr də onların hazırki mənzildə uzun illərdən bəri qanuni yolla köçürülüb yaşadıqları mənzilə hansı hüququnun olmasını müəyyən etdirə bilmirlər.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Avropa İnsan Hüquqları Konvensiyası:

12. Maddə 8 (1). Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

13. Maddə 8 (2). Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

15. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinlərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

22. Yuxarıda qeyd edilən müddəlarda yaşayış yerinin anlayşı verilmişdir. Fiziki şəxslərin yaşadığı yerin onların yaşayış yeri hesab edilməsi üçün 3 hüquqi əsas mövcuddur. Beləki, onlar ya mülkiyyətçi kimi, ya icarə və ya kirayə müqaviləsi ilə, ya da Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla yaşayış yerində (ev, mənzil, xidməti yaşayış sahələri, yataqxana, sosial müəssisələr və s.) daimi və daha çox yaşamalıdırlar. Qanunda əsk olunmuş “daimi və ya daha çox” müddəası həm də fiziki şəxlərin yaşayış yerini onların “olduğu yer” (şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qnunun 2-ci maddəsi) anlayışından fərqləndirmiş olur. Yəni, göstərilən müddəaların mənasından bu nəticə əldə olunur ki, fiziki şəxslər istirahət, yaxud müvəqqəti (ötəri) məqsədlərlə deyil, yalnız özlərinin mənzilə (evə) olan ehtiyaclarını ödəmək məqsədilə daimi olaraq yaşadıqları və bağlı olduqları yerlər onların yaşayış yerləri hesab olunur.

23. İşin mübahisəsiz halıdır ki, iddiaçılar 26 Bakı Komissarları adına Xalq məhkəməsinin 04 dekabr 1984-cü il tarixli qərarına əsasən Mənzilə köçürülmüşlər. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, Mənzilin iddiaçıarın yaşayış yeri hesab edilməsi üçün qanuni əsas mövcud olmuş və onlar uzun illərdir Mənzildə yaşamaqla həyatlarını davam etdirmişlər.

24. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır.

25. Beynəlxalq hüquq normaları şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta bəzi hallarda şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri belə “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığına, uzun müddət və davamlı olaraq yaşamasına xüsusi önəm verir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X1rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib.

27. Eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Prokopoviç Rusiyaya qarşı işində qeydetmişdir ki, Məhkəmə Konvensiya orqanlarının presedent hüququnu xatırladır ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt edilmiş və ya qanuni əsaslarla yaradılmış məfhumlarla məhdudlaşmır. “Ev” daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan avtonom anlayışdır. Konkret yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin müdafiəsinə aid olan “ev” olub-olmaması faktiki şəraitdən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq. Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş)

28. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə Məhkəmə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X4rşı iş). və s.

29. Şərh edilənlərdən də göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president qərarlarındakı hüquqi yanaşma ondan ibarətdir ki, şəxsin mənzilə (evə) olan hüquqları təkcə dövlətin müvafiq qurumları tərəfindən rəsmləşdirilmiş sənədlər əsasında deyil, həm də mənzilə (evə) olan ehtİyaclarının ödənilməsi məqsədilə uzun müddət (bəzi hallarda yaşayış yerini təmin etmək zərurəti ilə əlaqədar müvəqqəti qaldığı yerlər) və davamlı olaraq yaşamaları və həmin məkanlara bağlı olmaları ilə müəyyən edilə bilər.

30. Konkret iddia tələbinə gəldidkə, işin halları ilə müəyyən edilir ki, iddiaçılar uzun müddətdir mübahisəli Mənzildə yaşamışlar. İş materillarında olan Xətai rayon MKTB 6 saylı MKİS-nin məhkəmənin sorğusuna göndərdiyi xx.xx.2022-ci il tarixli 12 nömrəli cavabında qeyd edilmişdir ki, iddiaçılar 26 Bakı Komissarları adına rayon məhkəməsinin 04 dekabr 1984-cü il tarixli, 2-829 nömrəli qərarına əsasən əsasən ünvan 5 ünvanda yaşayan 5 nəfər ünvan 6in, 33 mənzilinə müvəqqəti yaşayış üçün köçürülmüş və halhazırda həmin ünvanda qeydiyyatsız yaşayırlar.

31. Həmçinin, iş mataeriallarında olan Xətai rayon MKTB 6 saylı MKİS-nin xx.xx.1999-cu il tarixli, 551 nömrəli arayışında X2 (iddiaçıların atası) ailə üzvləri, yəni arvadı və iki qızlarının-iddiaçıların 04 dekabr 1984-cü il tarixli, 2-829 nömrəli məhkəmə qərarına əsasən Mənzildə qeydiyyatsız yaşamaları və həmin vaxta qədər kirayə və kommunal haqlarını ödədikləri qeyd edilmişdir.

32. Bundan başqa, iş materiallarında olan 2014, 2018, 2021 və 2022-ci illərin bəzi ayları üzrə ödəniş qəbzlərindən görünür ki, iddiaçılar Mənzilə dair kommunal ödənişlər etmişlər.

33. Beləliklə, işin şərh edilən halları ilə müəyyən edilir ki, iddiaçılar 38 ildən artıq müddətdir ki, Mənzildə daimi olaraq yaşamışlar, həmin Mənzildən özlərinin yaşayış yerinə olan ehtiyaclarını təmin etməklə, bu müddət ərzində davamlı olaraq Mənzillə bağlılıqlarını qoruyub saxlamışlar. Bütün qeyd edilən bu əsaslarla məhkəmə iddiaçıların mübahisəli Mənzilə istifadə hüquqlarının yaranması qənaətinə gələrək hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.

34. İddia tələbinin “onlara müvafiq sənəd verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz, belə ki, tələb qeyri-müəyyəndir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 6in, 33 saylı mənzilinə istifadə hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar