Məhkəmə qərarları › İş №2(011)-1678/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1678/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1678/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində 1091 №-li qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan, onların xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı qızları dünyaya gəlmişdir. Nikahın ilk dövrlərində münasibətləri normal olsa da, müəyyən müddət sonra xasiyyətlərinin uyğun olmaması və davamlı mübahisələr səbəbindən münasibətləri korlanmışdır. Bütün bu əsaslara görə nikahın pozulması üçün ciddi əsaslar mövcud olmuş və iddiaçı tərəfindən nikahın pozulması, uşağın ananın himayəsində qalması və onun saxlanılması üçün sabit pul şəklində aylıq 175 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi cənab Ramin Xəlilovun qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(006)- 2525/2021 nömrəli qətnamə ilə aralarındakı nikah pozulmuş, eyni zamanda övladı iddiaçının himayəsində qalmaqla, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə çıxdıqdan xeyli müddət sonra iddiaçı qeyri-rəsmi mənbədən əldə etdiyi məlumat əsasında cavabdehin aylıq gəlirinin 2000 manata qədər olması barədə məlumat əldə etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentlə bağlı ödənişin məbləğinin dəyişdirilərək hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməklə, izahatında bildirmişdir ki, onun aylıq əmək haqqı həvəsləndirici maaşla birlikdə ümumilikdə 1114 manat təşkil edir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2525/2021 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X4 arasında 10 avqust 2007-ci il tarixində bağlanmış və Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1091 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin övladı 18 iyul 2010-cu il təvəllüdlü X1 anası X2 yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixindən başlayaraq, 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2525/2021 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin yeni qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2525/2021 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 18 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar