Məhkəmə qərarları › İş №2(011)-1681/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1681/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1681/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.04.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğinin təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə 17.06.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, nikahdan 2012-ci il tarixdə 30.04.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur, xasiyyətləri düz gəlmədiyi üçün cavabdehlə boşanmışdırlar, həmin məhkəmə qətnaməsinə əsasən, cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəyirdi, lakin bir neçə ildir işsizdir, 150 azn ödəyir, ödəmələr arasında aylarla fasilələr olur, cavabdehlə ayrı ünvanlarda yaşayır, ayrı təsərrüfat aparırlar, uşaq öz himayəsindədir, 10 yaşı olacaq, xəstədir, dərmanlarına çox xərci çıxır, cavabdeh uşağa baxmır, bayramlarda heç nə etmir, ona görə 193 manat aliment istəyir, uşağı saxlamaq onun üçün hazırki aliment miqdarı ilə çox çətindir, iddiaçı işləyir hovuz izolasiyası ilə məşğuldur, özü də işləyir, 648 manat maaş alır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.S.Hacıyeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 28.02.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəyə uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, 30.04.2012-ci il təvəllüdlü X1 üçün 150 manat aliment ödəməyə razı olduğunu bildirmiş, əlavə olaraq bildirmişdir ki, işləmir, gücü çatdıqca alimenti ödəyir, məhkəmə olmadan 150 manat ödəmişdir, yanvar ayında qəzaya düşmüşdür, onurğası sınmışdır, yük qaldıra bilmir, “İnstagram” sosial şəbəkədə reklam etməyinin səbəbi isə iş axtarmağıdır, xəstə olduğu üçün alimenti ödəyə bilmir, iddiaçı ilə boşandıqdan sonra ailə qurmamışdır, subaydır. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 10.05.2012-ci il tarixdə verilmiş AZ-İİ 884588 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 aprel 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2(011)-1303/2014 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı arasında olan 17 iyun 2011-ci il tarixdə bağlanmış 956 № ilə qeydə alınmış nikah pozulmuş, 30.04.2012-ci il təvəllüdlü X4 ananın yanında saxlanılmış, 30.04.2012-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün 13 mart 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh onun əmək haqqının (başqa gəlirlərinin) ¼ hissədə aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublikası Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş 386 №-li çıxarışdan (epikriz) görünür ki, Cavabdeh 27.01.2021-ci il tarixdə nərdivandan yıxılaraq xəsarət almışdır, 09.03.2021-ci il tarixdə əməliyyat olunmuşdur, əməliyyatdan sonrakı dövr fəsadsız keçdi, yara İ-li sağalır. Xəstə sərbəst gəzir, oturur, hərəki və hissi defisit qeyd edilmir, çanaq funksiyalar iradidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 30 aprel 2012-ci il təvəllüdlü X3 anası, cavabdeh isə atasıdır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2(011)-1303/2014 saylı Qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən onun əmək haqqının ¼ hissəsində aliment alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir, cavabdeh hazırda işsizdir, iddia tələbi alimentin sabit pul məbləğində tutulması barədədir, cavabdeh iddia tələbini qismən qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nəzərə alınmaqla, alimentin sabit pul məbləğində tutulması mümkündür. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2(011)- 1303/2014 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin təyin olunması üsulunun dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin hazırda işsiz olmasını, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, alimentin sabit pul məbləğində, miqdarının isə hər ay 193 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2(011)-1303/2014 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 30.04.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment alınması üzrə iddialarda iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, 30 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə, mediasiya xərci kimi ödənilmiş 50 manat isə ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli 2(011)-1303/2014 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 30.04.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sait pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar