Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1687/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 104 saylı mənzildən ona məxsus ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilə su axıdılmasının dayandırılması, ünvan 1 ünvanında yerləşən 104 saylı mənzildən su axıdılması nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilə dəymiş 4090 manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə əlavə ilə müraciət edərək bildirmişdir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərlə yanaşı mənəvi zərər də yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən maddi zərərlə yanaşı 1000 manat məbləğində mənəvi zərərin də tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə əlavə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində cavabdehə məxsus mənzildən yenidən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində onun mənzilinə əlavə zərər dəymişdir. Bu səbəbdən iddiaçı əvvəlki tələbinə əlavə olaraq cavabdehdən əlavə 1000 manat məbləğində vəsaitin tutulmasını məhkəmədən xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 102 saylı mənzil iddiaçının şəxsi mülkiyyətindədir. İddiaçının bildirdiyinə görə, həmin mənzilin üst mərtəbəsində yaşayan Cavabdeh ailə üzvləri iddiaçının evdə olmamasından istifadə edərək üç gün müddətində suyu açıq vəziyyətdə qoyaraq evdə olmamış, nəticədə suyun aşağı mərtəbəyə axması səbəbindən iddiaçıya məxsus mənzilə ümumilikdə 4090 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, aparılmış araşdırma zamanı ərizədə göstərilən hallar yerində yoxlanılaraq öz təsdiqini tapmışdır. Polis bölməsi tərəfindən cavabdeh tərəfə müvafiq xəbərdarlıq edilmiş və məsələnin mülki-hüquqi xarakter daşıdığı, mübahisənin məhkəmə qaydasında həll edilməli olduğu iddiaçıya izah olunmuşdur. İddiaçı isə dəymiş zərərin könüllü qaydada ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, 2023-cü ilin yay aylarının birində yaşadığı mənzilin hamam otağında yerləşən su kranına gedən su borusu qırılmış və həmin borudan qısa müddət ərzində su sızması baş vermişdir. Nəticədə iddiaçının mənzilində mətbəx və hamam arasında yerləşən divarda su ləkələri yaranmışdır. Cavabdeh bildirmişdir ki, hadisə baş verdikdən dərhal sonra usta çağırılmış və nasazlıq aradan qaldırılaraq su kranı və boru təmir edilmişdir. Cavabdeh iddiaçının göstərdiyi kimi bir neçə dəfə deyil, yalnız bir dəfə su sızması halının baş verdiyini qeyd etmişdir. Bundan başqa, cavabdeh bildirmişdir ki, digər bir halda isə su sızması onların üst mərtəbəsində yaşayan qonşunun mənzilindən baş vermiş və həmin su iddiaçının mənzilinə də axmışdır ki, bu halın baş verməsinə iddiaçının özü də şahid olmuşdur. Cavabdeh həmçinin iddiaçı tərəfindən tələb edilən zərər məbləğinin həddindən artıq çox olduğunu göstərərək, dəymiş zərərin məbləğinin ekspertiza rəyi əsasında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etdiyini və 500 manat ödəyəbiləcəyini bildirmişdir. Lakin iddiaçının evini təmir edə bilməyəcəyini bildirmişdir və bunu onunla əsaslandırmışdır ki, iddiaçı həmin təmiri bəyənməyə bilər və buna görə yeni mübahisə yarana bilər. İşin halları İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 102 saylı mənzil xx.xx.1982-ci il tarixdən İddiaçının adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6435 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 102 saylı mənzilə (3-cü mərtəbə), yuxarıda yerləşən 104 saylı mənzildən su sızmış və nəticədə aşağı mənzilin konstruktiv elementlərinə (divar, tavan və s.) ziyan vurulmuşdur. Bununla belə, qiymətləndirmə fəaliyyəti məhkeme ekspertizası sahəsinə aid olmadığı üçün dəymiş ziyanın maddi miqdarı bu tədqiqat çərçivəsində müəyyən edilməmiş və müvafiq sual üzrə araşdırma aparılmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilinə dəyən zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri görülməli işlərin və istifadə edilməli materialların dəyəri 1001,70 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya 5090 manat məbləğində maddi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki espertiza rəyi nəzərə alınmaqla tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 104 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən vəsaitin müəyyən edilməsi üçün iş üzrə qiymətlədirmə aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 1001,70 manat məbləğində vəsait tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli qanuna zidd hərəkət və hərəkətsilikləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1001,70 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə 1000 manat məbləğində mənəvi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan mənzildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilsu sızması nəticəsində, mənzilin təmirinin və əşyaların yararsız hala düşməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və, iddiaçı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 1.000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 1.000 manat məbləğində deyil iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edildiyini görə, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət ekspertiza və qiymətləndirmə tədqiqatına görə xidmət haqqı cavabdehə aid edilməlidir. Belə olan halda ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində vəsait cavabdehdən alınaraq dövlət büdcəsində, qiymətləndirmə tədqiqatına görə 200 manat pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1001,70 (bir min bir manat yetmiş qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində vəsait Cavabdeh alınaraq dövlət büdcəsinə, qiymətləndirmə tədqiqatının dəyərində görə 200 (iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova