Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1715/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayon 36 saylı Notariat Kontorunun cavabdeh İddiaçı "xxxx" ASC-nin nəfinə 3.915,51 (üç min doqquz yüz on beş manat əlli bir qəpik) manat əsas borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına dair icra qeydinin ləğv edilməsi, 100 (bir yüz) manat dövlət rüsumunun 3-cü şəxs "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı başqa şəxslərdən adına pul köçürmələrini almaq üçün xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinin rəhbəri Pikə V.Muradova şəxsində “Hesab sahibinə (İddiaçı nəzərdə tutulur) hesab açmaq (bundan sonra “kart hesabı”) və kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart (bundan sonra “Kart”) verməyi, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair “hesab sahibi”nin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürməsi” şərtləri ilə müqavilə bağlamış, İddiaçı adına kart hesabına köçürüləcək pul vəsaitləri üzərində istədiyi kimi sərəncam verməsi üçün debet kart rəsmiləşdirilmişdir. Bu Müqavilə bağlandığı vaxt İddiaçı "xxxx" ASC-dən Bankdan kredit alması üçün ərizə verməmiş, onunla Bankın arasında kreditlə bağlı hər hansı bir kredit Müqaviləsi də bağlanmamışdır. İddiaçı bu hesabdan 2020-ci ilin may ayının ortalarına kimi istifadə etmişdir. İddiaçı həmin müddətdə başqa kartlardan və hesablardan kartına köçürülmüş pul vəsaitləri üzərində istədiyi kimi sərəncam vermiş, müxtəlif xidmətlərə görə pul köçürmələrini həyata keçirmiş və bank da bu istifadədən xidmət haqqı tutaraq yararlanmaqla varlanmışdır. 2023-cü ilin birinci yarısında "xxxx" ASC-dən daxil olmuş telefon zənginə əsasən o Bankın əməkaşının qəbulunda olmuş və həmin vaxt ona Bankla bağladığı kredit müqaviləsinə əsasən banka kredit borcu olmasını bildirmişlər. İddiaçı "xxxx" ASC ilə belə bir müqavilə bağlamadığını, həmin bankdan kredit almadığını bildirmiş və kompüterində bununla bağlı araşdırma aparan bankın əməkdaşı İddiaçı üzr istəyərək “bankın səhvidir” deyib onu yola salmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin hüquq şöbəsinin əməkdaşı İddiaçı Banka dəvət etmiş və dəvətlə banka gəlmiş İddiaçı bildirilmişdir ki, onunla bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli, bank kartı müqaviləsinə əsasən hazırda onun banka 3.915 (üç min doqquz yüz on beş) manat borcu vardır və bu borc kart hesabı üzrə əməliyyatlar apanlarkən “həcmindən artıq kreditləşmə (texniki overdraft)” halı baş vermiş və həmin pul vəsaiti banka qaytarılmalıdır. İddiaçı müqaviləyə əsasən ona verilmiş kartdan cəmi üç ay istifadə etdiyini, həmin müddətdə bankın ona artıq pul vermədiyi, yalnız hesabına başqa hesablardan daxil olmuş vəsaiti istifadə etdiyini, bu barədə bir il öncə bankın digər əməkdaşının da ona bildirdiyini, həmin vaxt əməkdaşın hesabı yoxladıqdan sonra onun banka borcu olmadığını bildirməsini, əməkdaşın dediyi kimi “texniki overdraf’ın baş verdiyi halları göstərməsini tələb etsə də, bankın hüquq şöbəsinin əməkdaşı ona yalnız bank kartından istifadə etdiyi 3 aylıq müddətdəki çıxarışın surətini təqdim edir. Lakin bu zaman müştərinin hansı tarixlərdə və hansı məbləğlərdə texniki overdraftdan istifadə etməsini, həmçinin borclu olmasını təsdiq edən sənədləri, bu barədə borclu kimi ona məlumat verilməsi barədə sənədi də göstərə bilmir. Həmin günün ikinci yarısında Bakı şəhəri Xətai rayon İcra şöbəsindən icra məmuru İddiaçı mobil telefon vasitəsi ilə zəng edib onu şöbəyə çağırmışdır. xx.xx.2024cü il tarixdə Xətai rayon İcra Şöbəsinə getmiş İddiaçı barəsində Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 8İ-547 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında xx.xx.2021-ci il tarixdə “İcra sənədi üzrə icraata başlanıldığı” barədə məlumat verilmiş və icraata başlamaq haqqında qərarın surəti də həmin günü ona rəsmi qaydada təqdim edilmişdir. Bakı şəhəri, 36 saylı Notariat ofisi “icra qeydi” verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə göndərilmiş sorğuya xx.xx.2024-cü il tarixli, 63 saylı məktubla “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 6-cı abzasına əsasən “fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçilərinin “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsi ilə “icra qeydi”nin aparılması üçün müvafiq qaydada göndərirlər və "xxxx" ASC tərəfindən kabinetdə xx.xx.2021-ci il tarixində (xx.xx.2021-ci il nəzərdə tutulur) “Notariat icra qeydi” aparılması haqqında ərizə yerləşdirildiyindən, xx.xx.2021-ci il tarixində 8İ-547 reyestr nömrəsi ilə “icra qeydi” verilmişdir. Ərizənin surəti sizə göndərilir” cavabı verilmişdir”. 36 saylı Notariat ofisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat’ın 161-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir” qaydaya əməl etməyərək “tələbkarın ərizəsinə” heç bir sənəd əlavə edilməməsinə baxmayaraq, 167 saylı Qərarın 13-cü hissəsinin (13-cü hissə - İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir) tələbini pozaraq əsassız və qanunsuz olaraq xx.xx.2021-ci il tarixli “icra qeydini “Elektron notariat” informasiya sisteminə yerləşdirmişdir. "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixli “icra qeydinin verilməsi üçün əsas olan ərizə ilə birlikdə “Elektron notariat” sisteminə daxil edilmiş və cavabdeh İddiaçı borcunu mübahisəsiz təsdiq edən sənədlərin surətinin verilməsi barədəki 05 mart 2024cü il tarixli, 03/02 saylı sorğuya bankın verdiyi 881İB nömrəli, xx.xx.2024-cü il tarixli cavabda “Bankın müştərisi İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2020- ci il tarixli, bank kartı hesabı müqaviləsinə əsasən debet kartı rəsmiləşdirilmişdir. Məlumat üçün qeyd edir ki, müvafiq müqavilənin 3.8-ci maddəsinə əsasən kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və “hesab sahibi” “bank”ın ilk tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə “Bank”ın tarifi ilə hesablanmış faizi dərhal “Banka qaytarmalıdır. Bankın təqdim etdiyi bildirişdə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” aşağıdakı məzmunda olmuşdur: “Borclu İddiaçı Sizin barənizdə xx.xx.2020 tarixli, № AL67915A73_8 saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. 2. Həmin sənədə görə 32 ay müddətinə, illik 0 faiz olmaqla 2940.02 Azərbaycan manatı məbləğində kredit götürmüsünüz və öhdəliyiniz yaranmışdır. 3. xx.xx.2020-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2020 tarixinə xx.xx.2020 tarixli, № AL67915A738 saylı sənəddən irəli gələrək 3915.51 AZN əsas, 0 AZN komission haqq, 0 AZN cərimə borcu tərəfinizdən ödənilməlidir. 4. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində norarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd: Bu bildiriş həmçinin elektron ünvanınıza (olduğu halda) və SMS vasitəsilə əlaqə nömrə(lər)nizə tel:+**********81)də göndərilmişdir. Tələbkar Ubank of Baku” ASC-nin nümayəndəsi X4. İmza “var”, tarix: xx.xx.2020”. Bildirişdən göründüyü kimi bankla borclu İddiaçı arasında xx.xx.2020-ci il tarixdə № AL67915A73_8 saylı kredit müqaviləsi bağlanmış və bank borcluya 32 ay müddətinə illik 0 faiz olmaqla 2.940,02 manat kredit vermişdir. Lakin 5 ay sonra bank borcluya 32 ay müddətinə 0 faizlə verdiyi krediti 975,49 manat artıraraq ondan 3915,51 manat məbləğində qaytarmasını tələb edir. Bank kreditin 975,49 manat artması səbəbini də açıqlamamışdır. Halbuki, bankla İddiaçı arasında xx.xx.2020-ci il tarixli, № AL67915A73 8 saylı kredit müqaviləsi bağlanmamışdır və belə bir müqavilə də mövcud deyildir. Bank sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, № AL67915A738 saylı kredit müqaviləsini təqdim edə bilməmiş, əvəzinə xx.xx.2020-ci il tarixli “Bank Kartı hesabı müqaviləsi”ni təqdim etmişdir ki, bu müqavilə də kredit müqaviləsini əvəz etmir və edə bilməz, belə müqavilə ilə bank kredit vermir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisinə İddiaçı tələbkar "xxxx" ASC-nə 3.915,51 AZN manat əsas borcun və 20 manat dövlət rüsumunun, cəmi 3.935,51 manat borcun tutulması barədəki xx.xx.2021- ci il tarixli “İcra Qeydinin verilməsi zamanı Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 76-cı maddəsinin və “Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir” qaydasına əməl edilməməsi yolu ilə verildiyindən ləğv edilməsi barədə müraciət edilmişdir. Bakı şəhəri 36 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 242 saylı məktubunda aparılmış icra qeydinin notarius tərəfindən ləğv edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığından bunun məhkəmədə mübahisələndirilməsi təklif edilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə “pretenziya verib borcun mübahisəliyini təsdiq edən sənədləri təqdim etməsi təklif edildi. "Bank of Baku” belə sənədləri təqdim edə bilmədi və pretenziyaya 2 aydan da çox bir müddət ötəndən sonra natamam cavab göndərmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclas zalında iştirak etmişdir və iddia tələbinə etiraz etdiyini bildirmişdir ki, yaranmış overdraft nəticəsində iddiaçının hesabına 3.915 manat 51 qəpik pul vəsaiti mədaxil olmuşdur. Bununla bağlı icra qeydi verilməsindən öncə borcluya icra qeydi ilə bağlı müraciət olunacağına dair bildiriş göndərilmişdir. Həmin bildirişin göndərilməsi barədə xəbərnamə və ya poçt qəbzi saxlanılmayıb. Lakin, məhz həmin bildirişin göndərilməsi barədə notariata məlumat verildiyindən sonra borclu barədə icra qeydi verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 8İ-547 reyestr saylı icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Bakı, Xətai S.Vəzirov küç 11F 21 ünvanında qeydiyyatda olan İddiaçı AL67915A73_8 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3.915 manat 51 qəpik tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3.935 manat 51 qəpik pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Vəkil ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, AR-İİİ № 289584 saylı etibarnamə əsasında 05 mart 2024-cü il tarixli, 03/02 saylı müraciətinə cavab olaraq bildirilir ki, bankın müştərisi İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, Bank kartı hesabı müqaviləsinə əsasən debet kart rəsmiləşdirilmişdir. Məlumat üçün qeyd edilir ki, müvafiq müqavilənin 3.8. maddəsinə əsasən kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və “Hesab sahibi” “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə “Bank”ın tarifi ilə hesablanmış faizi dərhal “Bank”a qaytarılmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən İddiaçı ünvanlanmış “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin” surətindən görünür ki, borcluya xx.xx.2020 tarixli, № AL67915A73_8 saylı sənəd üzrə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 32 ay müddətinə, illik 0 faiz olmaqla 2.940,02 Azərbaycan manatı məbləğində kredit götürülmüşdür və öhdəlik yaranmışdır. 3.xx.xx.2020 tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2020 tarixinə xx.xx.2020 tarixli, № AL67915A73_8 saylı sənəddən irəli gələrək 3.915,51 AZN əsas, 0 AZN komisyon haqq, 0 AZN cərimə borcu ödənilməlidir. İş materiallarında olan "xxxx" ASC (“Borc verən”) ilə İddiaçı (“Borc alan”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli Bank kartı hesabı müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə «Bank» «Hesab sahibi»nə hesab açmağı (bundan sonra «Kart hesabı») və kart hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparılması üçün plastik kart (bundan sonra «Kart») verməyi, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul elməyi, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair «Hesab sahibi»nin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən kartdan istifadə müddəti 24 ay (sonuncu ayın son gününədək) təşkil edir və həmin müddətdə kart «Bank»ın mülkiyyəti sayılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Fərdi qaydada fəaliyyət göstərən Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli 03/01 nömrəli müraciət məktubuna cavabda bildirilmişdir ki, Notariat ofisinə ünvanlanana müraciətə baxılmışdır. Bildirilir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 6-cı abzasına əsasən fərdi kabinet olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində borclu İddiaçı barəsində həmin qaydada göndərilmiş Notariat icra qeydi haqqında ərizə əsasında xx.xx.2021-ci il tarixində 8İ-547 reyestr nömrəsilə icra qeydi aparılmışdır. İş materiallarında olan “Notariat icra qeydi haqqında ərizə” surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AL67915A73_8 saylı kredit müqaviləsi üzrə 3.915.51 manat məbləğində ödənilməmiş əsas borc və “Hökumət ödəniş portalı” vasitəsilə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 36 saylı notariat ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə notariat ofisinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 6-cı abzasına əsasən fərdi kabinet olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizəməlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. xx.xx.2021-ci il tarixində tələbkar "xxxx" ASC tərəfindən həmin qaydada “Elektron Notariat” X1 daxil edilmiş Notariat icra qeydi haqqında ərizə əsasında həmin gün 8İ-547 reyestr nömrəsilə borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində tələbkar "xxxx" ASC tərəfindən “Elektron Notariat” X1 daxil edilmiş Notariat icra qeydi haqqında ərizə əsasında həmin gün 8İ-547 reyestr nömrəsilə borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. İcra qeydinin aparılmasına əsas olmuş sənədlərin surətləri barədə "xxxx" ASC-nə müraciət olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş əqdlərdə icra qeydinin aparılması üçün notariusa notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunmalıdır. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət edəcəyinə dair bildiriş göndərməli idi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AL67915A73_8 saylı kredit müqaviləsi üzrə icra qeydinin veriləcəyi barədə tələbkar tərəfindən borcluya bildirişin göndərilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tələbkar "xxxx" ASC-nin nümayəndəsi həmin bildirişin göndərilməsini təsdiq edən sənədlərin saxlanılmadığını bildirmişdir, iş materiallarına həmin sənədlər əlavə edilməmişdir, cavabdeh notariat orqanı isə sözügedən icra sənədininin verilməsinə əsas olmuş sənədlərin bank müəssisəsində saxlanıldığını qeyd etmişdir. İcra qeydinin veriləcəyi barədə tələbkar tərəfindən borcluya bildirişin göndərilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri təmin edilərək, Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 8İ-547 reyestr saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı AL67915A73_8 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin xeyrinə vaxtında ödənilməmiş 3.935 manat 51 qəpik pul məbləğinin tutulması barədə Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 8İ-547 reyestr saylı icra qeydi ləğv edilsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 36 Saylı notariat ofisindən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1715/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1715/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver