Məhkəmə qərarları › İş №2(011)-174/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-174/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-174/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Nissan Sunny” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçya məxsusdur.

2. xx.xx.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 57 ünvanında, “Ramal” ticarət mərkəzinin qarşısında iddiaçıya məxsus Avtomobilə ziyan vurmuş və bu barədə onun barəsində xx.xx.2021-ci il tarixdə MN ******* №-li protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh barəsində cinayət başlamılması rədd edilmişdir.

3. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3062 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda (beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

5. İddia ərizəsinin dəlilləri:

6. İddiaçı cavabdeh tərəfindən ona məxsus “Nissan Sunny” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1200 manat zərərin cavabdehdən tutularaq onlara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, cavabdeh xx.xx.2021-ci il tarixdə onun Avtomobilinə ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixdə MN ******* №-li protokoldan görünür ki, Avtomobilinə 1200 manat ziyan vurulmuş, bununla da cavabdeh AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cavabdeh İXM-nin 232-1-ci maddəsilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Eləcə də, xx.xx.2021-ci il tairixli mütəxəsis rəyi ilə Avtomobilə 1200 manat ziyan dəyməsi müəyyən edilmişdir.

8. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

9. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

10. Məhkəmə iclasında verilən izahatlar:

11. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.

12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Məhkəmənin mövqeyi:

22. Məhkəmə İddiaçıın izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

24. İddiaçının avtomobilinə zərər vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3062 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Avtomobilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 57 ünvanında, “Ramal” ticarət mərkəzinin qarşısında 1200 manat məbləğində zərər dəyməişdir. Həmçinin, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın xx.xx.2023-cü il tarixli ekspert rəyində də iddiaçının Avtomobilinə 1050 manat məblğində zərər dəyməsi müəyyən edilmişdir.

25. İddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin təqsirli olması və onun həmin əməlin hüquq zidd olması da iş materiallarında olan sutlarlarla təsdiq olunur. Yenə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3062 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 57, “Ramal” ticarət mərkəzinin qarşısında iddiaçıya məxsus Avtomobilə vurduğu ziyana görə cavabdeh AR İXM-nin 232-1-ci maddəsilə təqsirli bilinmiş və bu hüquqa zidd əməlinə görə 1200 manat məbləğində inziati tənbeh tətbiq edilməklə, cərimə edilmişdir.

26. Həmçinin, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında da səbəbli əlaqə mövcuddur.

27. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.

28. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9026 saylı, xx.xx.2023-ci il tarixli rəyinə əsasən, nəzəri hesablamalar yolu ilə “Ağdam Avtomotoservis və Ticarət Müəssisəsi”nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən dəyişilməli hissələrin qiymətləri nəzərə alınmaqla, 1998-ci il buraxılışlı “Nissan Sunny” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə 1050 manat maddi ziyan dəymişdir.

29. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

30. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 1050 manat cavabdehdən iddiaçının xeyrinı tutulmalıdır.

31. Məhkəmə, həmçinin hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutulmalıdır.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1050 manat məbləğində pul X1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərci X1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar