Məhkəmə qərarları › İş №2(011)-1759/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1759/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1759/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki uşağı dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-155/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə olan nikahı pozulmuş və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışdır. Mediasiya təşkilatında bağladıqları 2022-ci il tarixli MŞB/5-02753 saylı Barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi ilə bağlı razılaşmışlar. Cavabdeh alimentin artırılması ilə bağlı müraciət etsə də, bununla razılaşmamış və mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2023cü il tarixli 2(011)-155/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 475 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli, MŞB/5-02753 nömrəli Barışıq sazişindən görünür ki, İddiaçı, Cavabdeh və mediator X1 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Cavabdeh Maik oğlu İddiaçı ilə birgə nikahdan olan Abbasov Malik və Abbasov Eminin yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə 193 manat, cəmi 386 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün Cavabdeh 08 avqust 2022-ci il tarixli, MŞB/5-02753 nömrəli Barışıq sazişinə əsasən 25 noyabr 2013-cü il təvəllüdlü X4 və 27 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 08 avqust 2022-ci il tarixli, MŞB/5-02753 nömrəli Barışıq sazişinə əsasən 25 noyabr 2013-cü il təvəllüdlü X4 və 27 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya iddiaçının xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar