Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-176/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ona məxsus qızıl zinət əşyalarının və ya bunun müqabilində razılığa gəldikləri 2180 manat pulun cavabdehdən onun xeyrinə ödəniləsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus qızıl-zinət əşyalarının müqabilində razılığa gəldikləri 2180 manat pulun cavabdehin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, maddi ehtiyacını ödəmək məqsədilə özünə məxsus qzıl-zinət əşyalarını satmaq üçün tanışlarına, o cümlədən Gülnarə Paşayevaya məlumat vermişdir. 2019-cu ilin noyabr ayının sonunda Gülnarə dayısı oğlu kimi təqdim etdiyi X2 və cavabdehlə birlikdə onun yaşadığı evə gəlmişdir. Cavabdeh ona məxsus 2 qızıl zəncir (sep), 2 sırğa, 1 üzük, 1 uşaq sırğası (25,65 qr) olmaqla, 2180 manat dəyərində qızıl əşyalarını (1 qr qızılın qiyməti 85 manat) nisyə almışdır. Cavabdeh Gülnarənin və Kərimin yanında ona söz vermişdir ki, qızılların dəyərini növbəti aydan başalayaraq hər ay 200 manat ödəyəcəkdir. Cavabdeh etibarını qazanmaq üçün, hətta şəxsiyyət vəsiqəsinin surətini və bank kartını ona vermişdir. Amma kartda indiyə kimi heç bir vəsait olmamışdır. Cavabdeh ondan aldığı nə qızılları, nə də pulunu qaytarmamışdır. Onun şikayəti əsasında 05.01.2021-ci il tarixdə BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, cavabdeh verdiyi izahatında ondan 2180 manat dəyərində qızıl əşyaları aldığını, lakin dəyəri olan 2180 manat pulu ödəmədiyini etiraf etmişdir. Bundan başqa, Gülnarə və Kərim də polisdə yazdıqları ifadələrində bu faktı təsdiq etmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, iddiaçını çoxdandır tanıyır. Sadıxı (cavabdeh) Kərim gətirmişdi. O, şəxsiyyət vəsiqəsini onun yanında iddiaçıya verdi və ondan qızıl əşyaları aldı. Qızılların nədən ibarət olduğunu dəqiq bilməmişdir. Dedi maaşı 199 manatdır, hər ay ödəniş edəcək. Həmçinin iddiaçıya dedi ki, hər ayın 5-6-sı karta maaşı yüklənir, pulun ödənilməsini gecikdirsə, oradan pulu götürə bilər. Cavabdehin aldığı qızılların dəyərinin 2000 manat olması yadındadır, lakin ondan artıq nə qədər alması yadında deyil. Məhkəmə iddiaçının və şahidin izahatını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan nisyə qızıl-zinət əşyaları almış, lakin dəyərini ödəməmişdir. İşin bu halı iş materialları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında izahat vermiş şahid Gülnarə Paşayeva cavabdehin iddiaçıdan qızıl-zinət əşyalarını nisyə aldığını və ödənişini aylıq olaraq ödəməyi öhdəsinə götürdüyünü açıq və mübahisəsiz olaraq bildirmişdir. Cavabdeh isə məhkəmə iclası barədə dəfələrlə xəbərdar edilsə də, məhkəmədə iştirak etməmiş və iddia barədə hər hansı formada münasibətini bildirməmişdir. Bu halda, məhkəmə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınmasını işin mübahisəsiz halı olaraq qəbul edir. Mülki Məcəllənin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin şərh edilən halları əsasında məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında qızıl-zinət əşyalarının aylıq ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öhdəlyini yerinə yetirərək 2180 manat dəyərində qızıl əşyalarını cavabdehin mülkiyyətinə versə də, cavabdeh öhdəliyini pozaraq aldığı əşyanın dəyərini ödəməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2180 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-176/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-176/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver