Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-178/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və qeyrisinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı – dəymiş zərərin əvəzi olaraq ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 14-cü mərtəbə, 1-ci blokunda ümumi sahəsi 117,5 kv.metr olan 3 otaqlı, 95 saylı mənzil üçün onun tərəfindən Cavabdeh1 MMC-yə ödənilmiş 64225 ABŞ dollar pul vəsaitinin və 48168,75 ABŞ dolları cərimə faizinin, cəmi 110393,75 ABŞ dolları pul vəsaitinin ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2005-ci il tarixdə ünvan 2 ünvanda 16 mərtəbəli yaşayış evinin 14-cü mərtəbə, 1ci blokunda ümumi sahəsi 117,5 kv.metr olan 3 otaqlı, 95 saylı mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilədə göstərilir ki, mənzilin dəyəri, yəni 64225 ABŞ dolları mənləğində pul vəsaiti bir dəfəyə ödənilmişdir və qalıq borc yoxdur. Bu barədə maliyyə arayışı da verilmişdir. Müqavilənin 1.1-ci bəndinə görə “İcraçı” göstərilən mənzili “Payçıya” verməyi, 1.2-ci bəndinə əsasən “Payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, “İcraçı” öz öhdəliyini yerinə yetirməmişdir. Sonradan iddiaçı həmin mənzilin X4 tərəfindən zəbt olunduğunu öyrənmiş və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda X4 da İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən təqdim olunmuş sənədlər (müqavilələr) Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli 9988/10181 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin üzərində olan möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə payçı İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, icraçı ünvan 3 ünvanda 16 mərtəbəli yaşayış evinin 14-cü mərtəbə ümumi sahəsi 117,5 kv.metr olan 1-ci blokda yerləşən mənzili payçıya bir pay kimi verməyi, payçı isə 64625 ABŞ dolları məbləğində pay dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus ünvan 4 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 117,5 kv.metr olan 3 otaqlı 95 saylı mənzilin 64625 ABŞ dolları məbləğində pay dəyəri payçısı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 2286/2016 saylı qətnaməsi ilə İddiaçı X3 qarşı 10000 ABŞ dollarının və 30000 manatın tutulmasına, ünvan 1 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,5 m2 olan 3 otaqlı 95 saylı mənzilindən çıxarılmasına, mənzilin boşaldılmasına, onun mənzilə sahiblik və istifadə hüququnun tanınmasına dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,5 m2 olan 3 otaqlı 95 saylı mənzilə X1 və istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-6227/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-2584/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-2584/2017 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi Azad İmanov və İlham Əsədov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2286/2016 nömrəli işi üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə sənədlərin texniki ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2021-ci il tarixli 5/1163 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin materiallarının 6-cı vərəqdə olan "xxxx" MMC-nin İddiaçı adına xx.xx.2005-ci il tarixli maliyyə arayışının çap mətni, əlyazılar və imza axınlı printerdə çap edilmişdir. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2022-ci il tarixli 4/175-5/153 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 78-ci vərəqəsində olan Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “Direktor” qrafasındakı imza, “İlkin ödəniş” və “Qalıq” qrafalarındakı yazılar Cavabdeh2 tərəfindən icra olunmuşdur, tədqiqata təqdim edilmiş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli və nömrəsiz müqavilənin arxa hissəsində olan möhür əksi relyef klişeden sənədin üzərinə bir başa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli və nömrəsiz müqavilənin arxa hissəsində olan möhür əksi yuxarıda qeyd edilmiş sənədlərdəki eyni məzmunlu möhürün sərbəst və eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, ünvan 1 binanın 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117,5 m2 olan 3 otaqlı 95 saylı mənzili Cavabdeh1 MMC tərəfindən İddiaçı satılmış və verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri olan 64625 ABŞ dolları iddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, qeyd edilən müqavilə etibarsız hesab edilərək, mənzil üçüncü şəxsə təhvil verilmişdir. Məhkəmə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə və iddiaçıya verilmiş eyni tarixli maliyyə arayışına hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilsə də, lakin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli ekpert rəyinə əsasən müqavilənin saxta olması müəyyən edilməmiş, əksinə xx.xx.2005-ci il tarixli müqavilədə “Direktor” qrafasındakı imza, “İlkin ödəniş” və “Qalıq” qrafalarındakı yazıların Cavabdeh2 tərəfindən icra olunması və müqavilə üzrə ödənilməli pul vəsaiti üzrə iddiaçının borcu qalmadığından, iddiaçı tərəfindən 64625 ABŞ dolları pul vəsaitinin ödənilməsi tam sübüta yetirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, İddiaçı həmin mənzilə görə Cavabdeh1 MMC-yə və Cavabdeh2 ödədiyi pul vəsaiti tələb etdiyi məbləğdə, yəni 64225 ABŞ dolları müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh2 alınaraq ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin iddia tələbinin “48168,75 ABŞ dolları cərimə faizinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırsa da, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaiti qanunsuz saxlamaqla ondan faydalanması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia bu hissədə təmin oluna bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində ona dəymiş 48168,75 ABŞ dolları maddi zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının xərcləri cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 262 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 262 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 64225 (altmış dörd min iki yüz iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 262 (iki yüz altmış iki) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-178/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-178/2022
22.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver