Məhkəmə qərarları › İş №2(011)-1784/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1784/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1784/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2nn Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı2 verdiyi etibarnamə əsasında "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3131 saylı, “Hyundai Sonota” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı (şassi: KMHEU41AP8A554612) avtomobilin (bundan sonra - Avtomobil) nisyə alqısatqısı barədə müqavilə bağlanmış və avtomobil eyni tarixdə cavabdehə təhvil verilmişdir. Müqaviləyə görə avtomobilin dəyəri 20394,3 manat, ödəniş müddəti 30 ay, aylıq ödəniş isə 680 manat müəyyən edilmişdir.

2. Avtomobil İddiaçı2 mülkiyyətində olmuş və bu barədə ona xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.

3. 12.03.2019-cu il tarixdə iddiaçılar arasında tələbin güzəşti barədə müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı2 özünün mülkiyyətində olan daşınar əmlakları "xxxx" MMC-nin idarəçiliyinə vermiş və nisyə satılmış daşınar əmlaklar üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu "xxxx" MMC-yə güzəşt etmişdir.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3131 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin verilməməsi nəticəsində mülkiyyətçiyə dəymiş zərərin əvəzi kimi 19.788,3 manat əsas borc pulun, 3740 manat məbləğində cərimə, 27.500 manat məbləğində istifadə haqqının və dövlət rüsumu qismində ödənilmiş 243,10 manat pulun cavabdehdən İddiaçı2 xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "Okean Avto-2011” MMC xx.xx.2011ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı2 “Okean Avto-201 1" MMC-уə təqdim etdiyi Bakı şəhəri 3 saylı notariat kontorunun 7E-2902 reyestr nömrəli, AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında onun mülkiyyətində olan Avtomobil üçün cavabdehlə “Okean Avto-2011" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3131 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş etmədən, 30 ay müddətinə, hər ay üzrə 680 manat ödəniş etməklə, cəmi 20.394,3 manata satılmışdır. Lakin cavabdeh Avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3131 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş etmədən, 01 ay 606 manat, cəmi 606 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixli, 3131 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh dəfələrlə şifahi xəbərdar edilsə də o, borcunu ödəməkdən yayınmışdır. Sonda müqavilənin şərtlərinə əsasən cavabdehin qeydiyyat ünvanına pretenziya məktubu ünvanlanmış lakin buna baxmayaraq cavabdeh öhdəliklərini verinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 550 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirdiyi hər gün üçün 50 manat məbləğində istifadə (550x50=27.500) haqqı hesablanmaqla 27.500 manat məbləğində istifadə haqqı hesablanmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Mülki işə tətbiq edilən hüquq:

8. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

9. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur....

10. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

11. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

12. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

15. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizənin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

22. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır.

23. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr)

24. Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alqı-satqı münasibətləri təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir.

25. Yuxarıda qeyd edilən müddəalarda həm də, əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

26. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması, yaxud bağladığı əqdin hüquqi nəticələrini yetəri qədər dərk etməməsi ilə bağlıdır. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir.

27. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, forma və məzmuna aid olan şərtlər, əsasən, əqdlərin hansı qaydada bağlanması ilə əlaqədardır. Qanunda məcburi tələblər olmadıqda, müqavilənin forma və məzmununu onu bağlayan tərəflər öz iradələrinə uyğun (yazılı, yaxud şifahi formada) müəyyən edirlər. Bəzən müqavilənin etibarlı hesab edilməsi üçün təkcə onun yazılı formada bağlanması deyil, həm də xüsusi qaydada təsdiq edilməsi qaydası (notariat və ya ona bərabər tutulan orqanlar tərəfindən) nəzərdə tutulur. Qanunla müəyyən edilmiş bu tələblərə əməl edilməməsi isə müqavilənin etibarsızlığı ilə nəticələnir. Qanunda isə etibarsız əqdlərin əhəmiyyətsiz və mübahisələndirilən olmaqla, 2 forması müəyyən edilmişdir (§ 11).

28. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınar əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir.

29. Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan da göründüyü kimi, rəsmi reyestirdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir.

30. Mülki iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə üzrə Avtomobilə dair alqı-satqı müqaviləsi "xxxx" MMC və cavabdeh arasında yazılı formada bağlansa da, notarial qaydada təsdiq edilməmişdir. Əqdin notarial qaydada təsdiq edilməməsi isə, qanunun mənasına görə, əqdin əhəmiyyətsizliyinə aid olan nəticədir.

31. Bundan başqa, Avtomobilə dair bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə həm də ona görə etibarsız hesab edilməlidir ki, ona "xxxx" MMC-yə İddiaçı2 tərəfindın etibarnamə verilməsinə baxmayaraq müqaviləni sonuncunun deyil, "xxxx" MMC öz adından başlamışdır. Halbu ki, xx.xx.2016-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə İddiaçı2 adından nümayəndəsi qismində müqavilə bağlamaq səlahiyyəti verilmişdir.

32. Mülki Məcəllənin 332.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə, birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Mülki Məcəllənin 359.3-cü maddəsi də qadağan edir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

33. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3131 saylı müqavilə notarial qaydada təsdiq edilmədiyindən, habelə "xxxx" MMC müqaviləni öz adından bağladığından etibarsız hesab edilməli, eyni zamanda Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə, Avtomobil İddiaçı2 (Avtomobilin mülkiyyətçisi olduğu üçün), ödənilmiş 606 manat pul isə "xxxx" MMC-dən tutularaq (iş materiallarına əsasən pul ona ödənildiyindən) cavabdehə qaytarılmalıdır.

34. Məhkəmə hesab edir ki, iddia tələbi Avtomobilin verilməməsi nəticəsində mülkiyyətçiyə dəymiş zərərin əvəzi olaraq hesablanmış əsas borcun, cərimənin və istifadə haqqının İddiaçı2 qaytarılması hissəsində təmin edilməməlidir.

35. Məhkəmənin qənaətinə görə iddia həmin hissədə, əvvəla yuxarıda da qeyd edildiyi kimi, Avtomobilə dair bağlanmış müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsız olduğundan təmin edilə bilməz.

36. Digər tərəfdən, iddia həmin hissədə ona görə təmin edilə bilməz ki, İddiaçı2 özünə məxsus bütün daşınar əmlaklarla bağlı borclu şəxslərə qarşı tələb hüququnu digər iddiaçı "xxxx" MMC-yə güzəşt etmişdir.

37. Qanunun verdiyi anlayışdan da müəyyən edilir ki, tələb sahibi (kreditor) borclusu olduğu şəxsə qarşı olan tələbini özündə olan həcmdə, yəni tam şəkildə üçüncü şəxsin mülkiyyətinə verə bilər. Tələbin üçüncü şəxsin mükiyyətinə verilməsi isə tələb sahibinin (kreditorun) tələbə aid olan bütün hüquqlarından tam şəkildə imtina etməsini nəzərdə tutur, çünki Mülki Məcəllənin 194.2-ci maddəsi birbaşa nəzərdə tutur ki, tələb güzəşt edildiyi halda ilk sahibin yerini üçüncü şəxs (tələbi alan şəxs) tutur.

38. 12.03.2019-cu il tarixdə bağlamış müqavilənin 1-ci bəndində də, İddiaçı2 bütün daşınar əmlakları ilə bağlı borclu şəxslərə qarşı tələb hüququnu "xxxx" MMC-yə güzəşt etmişdir. Bu halda, İddiaçı2 xx.xx.2021-ci il tarixli “əşyanın alqı-satqısı haqqında” müqavilə üzrə Avtomobilin dəyərinin ona ödənilməsini tələb edə bilməz, çünki əvvəldə də şərh edildiyi kimi, o, cavabdehə qarşı olan tələb hüququnu "xxxx" MMC-nin mülkiyyətinə verməklə, ondan imtina etmişdir. Əgər Avtomobilə dair bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə etibarlı olsaydı, bu zaman cavabdehə qarşı Avtomobilin dəyərinin yalnız özünə ödənilməsini "xxxx" MMC tələb edə bilərdi.

39. Məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumnun İddiaçı2 xeyrinə tutulması hissəsində də təmin edilməməlidir, belə ki, iş materiallarından görünür ki, dövlət rüsumu "xxxx" MMC tərəfindən ödənilmişdir.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. “Əşyanın nisyə alqı-satqısı haqqında” xx.xx.2021-ci il tarixldə bağlanmış 3131 saylı müqavilə etibarsız hesab edilsin. “Hyundai Sonota” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı (şassi: KMHEU41AP8A554612) avtomobil İddiaçı2 qaytarılsın, həmin avtomobilə görə ödənilmiş 606 manat pul vəsaiti "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar