Məhkəmə qərarları › İş №2(011)-1793/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1793/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1793/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu 30.04.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 175 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.02.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək, səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh N.Q. Kərimovla 2011-ci ildə vətəndaş nikahına daxil olmuşlar. Həmin nikahdan 30.04.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur, o, 2016-cı ildə aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-13438/2016 saylı, 24.11.2016-cı il tarixli qətnaməsi ilə 30.04.2013-cü il təvəllüdlü X2 üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh Xətai Rayon Məhkəməsinin 2(011)-13438/2016 saylı, 24.11.2016-cı il tarixli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2369/2017 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-13438/2016 saylı 24.11.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 13438/2016 saylı, 24.11.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 30.04.2013-cü il təvəllüdlü X2 üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13438/2016 saylı, 24.11.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 manat sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, uşağın saxlanması üçün sabit pul məbləğində məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş aliment miqdarı bu məqsədlə yetərli deyil, həmin dövrlə müqayisədə uşaqlar üçün yaşayış minimumu əhəmiyyətli dərəcədə yüksələrək 175 manata çatmışdır, aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment miqdarının artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı artırılaraq, 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış 15 manat alimentin məbləğinin illik ödəmə məcmusu 180 manat olmaqla 500 manatdan az olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3841/2019 saylı, 18.03.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar