Məhkəmə qərarları › İş №2(011)-180/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-180/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-180/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.590 manat və məhkəmə xərcləri üçün ödənilmiş 121.77 manat dövlət rüsumunun iddiaçını xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 mülkiyyətində olan “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində idarəetməni itirərək, yolun əks istiqamətində hərəkətini davam etdirmiş, iddiaçının idarə etdiyi “Mercedes Benz E220D” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Qeyd olunan yolnəqliyyat hadisəsində “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobili idarə edən X1 təqsirli olması barədə Xətai rayon X4 və Təhqiqat Bölməsində araşdırma aparılaraq yekun qərar çıxarılaraq, Xətai rayon DYPB-də ******* saylı İnzibati Protokol tərtib olunub təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərardan göründüyü kimi X3 yol hərəkəti qaydasını pozmasına dair təqsirli bilinmişdir. X2 məxsus “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığorta təminatı almışdır. "xxxx" MMC-nin ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, bu qəza nəticəsində “Mercedes Benz” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15.590 manat zərər dəymişdir. Sığorta şirkəti tərəfindən 80680 saylı ödəniş tapşırığına əsasən üçüncü şəxsin əmlakına vurulmuş zərərə görə 5.000 manat sığorta ödənişi həyata keçirilmişdir. Nəticədə sığorta kompensasiyası ilə əhatə olunmayan 10.590 manat zərər məbləği “Mercedes Benz” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili üzrə ödənilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğlə razı deyil, belə ki, baş vermiş qəza nəticəsində iddiaçıya qeyd olunan həcmdə zərər dəyməmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 11 mart 2024-cü il tarixdə iddiaçının idarə etdiyi “Mercedes Benz E220D” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi istiqamətində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçıya məxsus “Mercedes Benz E220D” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh barəsində 09 aprel 2024-cü il tarixli TP ******* saylı yol-hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əalqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 80680 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh dəymiş zərərin məbləği ilə razı olmadığını bildirmiş, bu səbəbdən məhkəmə tərəfindən iş üzrə icraat dayandırılaraq məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli məlumatı ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Bu səbəbdən avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis cəlb edilmiş və iş materialları rəy verilməsi üçün "xxxx" MMC-yə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 aprel 2025-ci il tarixli qiymətləndirmə barədə hesabatından görünür ki, “Mercedes Benz E220D” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 18.200 manat həddində müəyyən edilmişdir. İddiaçı hazırda 10.590 manat dəymiş ziyan və ödənilmiş 121.77 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 mart 2024-cü il tarixdə iddiaçının idarə etdiyi “Mercedes Benz E220D” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil G.Şıxlinski küçəsi istiqamətində hərəkətdə olarkən cavabdehin idarə etdiyi “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçıya məxsus “Mercedes Benz E220D” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli olması yol polisi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşıyır. Odur ki, cavabdeh iddiaçıya vurduğu zərəri ödəməlidir. Məhkəmə vurulmuş zərərin məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı 15.590 manat məbləğində qiymətləndirmişdir. İş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçıya dəymiş ziyanın 5.000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi nəticəsində müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyan 18.200 manat təşkil edir. Qanunvericiliyə əsasən məhkəmə verilmiş iddia tələbinin həcmində işə baxmalıdır. Odur ki, məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş mütəxəssis rəyini sübut qismində qəbul edir və iddia tələbinin tam, yəni 10.590 manat məbləğində təmin edilməsini qanuni hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə Cavabdeh 10.590 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 122 manat dövlət rüsumu ödəmişdir. Lkain iddiaçı 121.77 manat dövlət rüsumunun cavabdehdən tutulması xahiş edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, ödənilmiş 121.77 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 0.23 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10.590 (on min beş yüz doxsan) manat məbləğində maddi ziyan və ödənilmiş 121.77 (bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan 0.23 (iyirmi üç qəpik) manatı İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar