Məhkəmə qərarları › İş №2(011)-1806/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1806/2024

09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1806/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4173/2019 və xx.xx.2020-ci il tarixli 2(011)- 4432/2020 saylı qətnamələri ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahılarından xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2019-cu il tarixdə isə X6 anadan olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2019-cu 11 tarixli, 2(011)4173/2091 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat, uşağın 3 yaşına çatanadək isə 50 manat sabit pul məbləğində alimentin Cavabdeh mənim xeyrimə tutulması qət edilmişdir. Birgə nikahımızdan xx.xx.2019-cu il tarixdə ikinci uşaqları - X6 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci 11 tarixli, 2(011)4432/2020 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci 11 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, uşağın 3 yaşına çatanadək xx.xx.2020-cı il tarixdən başlayaraq, hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Maddi cəhətdən çətinlik çəkir. Uşaqlarının maddi tələbatını ödəyə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmiş sabit məbləğdə alimentlər uşaqların saxlanılması üçün kifayət etmir. 2024-cü il üzrə uşaqlar üçün yaşayış mininmumu 235 manat müəyyən edilmişdir. Hazırda cavabdehin maddi durumu normaldır, işləyir. Övladlarının həm yaşı, həm də maddi tələbatları artmışdır və uşaqlarının normal tələbatlarını ödəməkdə maddi cəhətdən çətinlik çəkir, özü tək qadındır. Hesab edir ki, hazırda yaşam xərcləri artdığından, eləcə də yaşayış minimumunun miqdarı artıdığından hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq alimentin artırılması barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, hazırda 784 manat məbləğində əmək haqqı aldığını bildirərək alimentin artırılmasına razı olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 234178 saylı nikah haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış, nikah həmin tarixdə akt qeydləri kitabında 2569 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Sadıqov”, arvada “Sadıqova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 200477 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 321006 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təvəllüdlü X6 xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuşdur, onun valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4173/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək İddiaçı xeyrinə 50 manat alimentin tutulması, alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və xx.xx.2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə 50 manat alimentin tutulması, X2 üçün alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən və EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləməklə, əmək haqqı 784.0 manatdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh Vətən müharibəsi iştirkaçısı olmasına görə 80 manat məbləğində pensiya alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/16-02355 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyyasında iştirak etmiş, Cavabdeh İMS-da iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Mübahisənin predmeti alimentin artırılması tələbidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır, uşaqlar hal-hazırda da iddiaçının yanındadırlar, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4173/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay 170 aliment məbləğinin tutulması qət edilmişdir, cavabdeh hazırda evakuator xidməti üzrə sürücüsü vəzifəsində işləməklə 784 manat məbləğində əmək haqqı və 80 manat məbləğində pensiya alır, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4173/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(011)-4432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin işləməsini, tərəflərin hazırda birgə nikahda olmalarını, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının xahişini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4173/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(011)- 4432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 72,8 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4173/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(011)-4432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələri ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 72 (yetmiş iki) manat 80 (səksən) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar