Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-181/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2532 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.N.Xəlilov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə “X10“ MMC arasında 21.04.2017-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir, belə ki, onun 21.04.2017-ci il tarixdə Oba-Neftçilər 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində MMC-yə zərər vurması müəyyən olunmuş, 21.09.2017-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən, yekun ziyan məbləği 2532 manat məbləğində hesablanmışdır, lakin o, bu kəsrin izahatını verməmişdir, cavabdehə şər-böhtan atılmamışdır, belə ki, müəssisəyə mallar qaimə əsasında gəlir, gələn mal sayılır və cavabdeh qol çəkərək malları götürür, əgər mal əksikdirsə, burada məsuliyyət cavabdehindir, o malı saymalı, sistemdə qeydiyyatdan keçirməlidir, əgər mal oğurlanmışdırsa, əksikdirsə bunu bildirməlidir, cavabdeh mal əksik gəlibsə belə, saymadan qol çəkdiyi üçün hazırda məsuliyyət onun üzərindədir, o nəzarət etməli idi, onun xəbəri var idi ki, yoxlama zamanı işində qüsur tapılacaq, ona görə də özü 2017-ci il tarixində, yoxlama başlayandan 2 ay sonra işdən çıxmışdır, bu barədə rəsmiləşdirmə də 2017-ci ilin dekabr ayında olmuşdur, ona yoxlamanın nəticəsi barədə məlumat verilməmişdir, hüquq mühafizə orqanlarına bu barədə müraciət olunmamışdır, iş çox olduğu üçün məhkəməyə müraciət bu qədər gecikmişdir. Sonda iddiaçının nümayəndəsi N.N.Xəlilov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında bildirdi ki, o, 2017-ci ildə iddiaçı şirkətdə administartor vəzifəsində çalışmağa başlamışdır, vəzifəsi müdir olsa da, fəhlə kimi işləmişdir, sınaq müddəti 3 ay olmamışdır, 10 gün təcrübə keçdikdən sonra işə başlamışdır, ona tapşırıqları bölgə müdiri verirdi, ona nə deyilmişdirsə, onu da yerinə yetirmişdir, orada 5 ay işləmişdir, işdən öz ərizəsi ilə çıxmışdır, bu zaman ona hazırki mübahisə ilə bağlı heçnə deməmişlər, onun bu yoxlama barədə heç bir məlumatı olmamışdır, bu hadisə 2017-ci ildə olmuşdur, lakin indi bu qədər müddət keçdikdən sonra məhkəməyə müraciət edirlər, əgər yeyintidirsə, nə üçün 4 il sonra məhkəməyə müraciət ediblər. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsilə, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21.04.2017-ci il tarixdən başlamaqla administrator vəzifəsinə aylıq 175 manat əmək haqqı ilə müddətsiz əmək müqaviləsi imzalanmışdır. İş materiallarında olan 21.04.2017-ci il tarixli 189-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə 21.04.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından olan “X6” haqqında müqavilədən görünür ki, İddiaçı MMC-nin rəhbəri X3 ilə Cavabdeh arasında onun tutduğu vəzifə və qurduğu işlə əlaqədar X6 haqqında müqavilə imzalamışdır. İş materiallarında olan 27.12.2017-ci il tarixli ərizədən görünür ki, X4 27.12.2017-ci il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 27.12.2017-ci il tarixli 577-K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasındakı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ”a” bəndinə əsasən xitam verilmiş və istifadə edilməmiş 13,24 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, 27.12.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68.a bəndinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasındaki əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehin fəaliyyətinin yoxlanılması nəticəsində 2532 manat əskik olduğu üçün bu məbləğ onun tərəfindən ödənilməlidir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2532 manat çatışmazlıq müəyyən olunmuşdur, o heç bir ödəniş etməmişdir. İş materiallarında olan 21.09.2017-ci il tarixli inventarizasiya nəticələrinə dair ilkin aktdan görünür ki, inventarizasiya nəticələrinə dair akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan 21.09.2017-ci il tarixli inventarizasiya nəticələrinə dair aktdan görünür ki, Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan 21.09.2017-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh inventarizasiya müddətində kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişdir, heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heçnə almamışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli 9/5213 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X10 MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatlarının dügzünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh X10 MMC-yə olan çatışmazlığının 2532,40 manat məbləğində müəyyən olunur. Həmin rəyə əlavə olunmuş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat məbləğində müəyyən olumuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki cavabdeh 21.04.2017-ci il tarixdə İddiaçı MMC-də administrator vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında X6 barədə müqavilə imzalanmışdır, həmin müqaviləyə əsasən, cavabdeh ona etibar edilən maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz öhdəsinə götürmüşdür, 21.09.2017-ci il tarixində keçirilmiş inventarizasiya nəticəsində cavabdehin balansında 2532 manat çatışmazlıq müəyyən olunmuşdur, cavabdeh 27.12.2017-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir, iddia tələbi cavabdehin öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmədiyi səbəbindən iddiaçıya vurulmuş 2532 manat məbləğinin alınması barədədir, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix isə 21.09.2018-ci ildir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan vurulmasını aşkar etdiyi gün çatışmazlığın müəyyən olunduğu inventarizasiyanın keçirilməsi tarixindən, yəni 21.09.2017-ci il tarixdən hesablanmalıdır ki, belə olan halda da onun tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müdəti 21.09.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən iddia ərizəsi üzrlü səbəblər olmadan, iddia müddəti başa çatandan sonra, 18.05.2020-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyə əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2532 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçının məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2532 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçındən məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul məbləği tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-181/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-181/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver