Məhkəmə qərarları › İş №2(011)-1829/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1829/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1829/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilmsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat məbləğində borcun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü ildə ona məxsus olan “KİA Cerato” ** DG *** dövlət qeydiyyat nişanlı minik maşınını, cavabdehə məxsus olan “Mustanq” markalı maşını ilə arxadan çırpmışdır. xx.xx.2023-cü ildə cavabdeh ilə aralarında razılaşma olmuşdur ki, xx.xx.2024-cü ilə kimi ona 5700 manat verməlidir. Ancaq cavabdeh 4500 manat vermiş, 8 ay ötməsinə baxmayaraq 1200 manatı vermək istəmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin onun tərəfindən imzalandığını təsdiq etmiş, eyni zamanda 1200 manatı ödəməyə etiraz etmədiyini, lakin həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X1” markalı, ** DG *** nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 26 dekabr 2023-cü il tarixdə ona məxsus olan avtomobili avtoyuma məntəqəsinə aparmaq üçün Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində hərəkətdə olan zaman idarəetməni itirmiş, avtomobili yolun kənarında dayanmış vəziyyətdə olan “Kia” markalı avtomobilə toxunmuş, “Kia” markalı avtomobil isə zərbənin təsirindən qabağa gedərək onun qarşısında dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə toxunaraq dayanmış, onun avtomobili isə dərədən aşağı düşərək dayanmışdır. Həmin qərar ilə cinayət işinin başlanması rədd edilmiş, “Ford Mustang” markalı Az NU563TR23 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1 və 339.1-ci maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Xətai PRİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin, tərəfə dəymiş maddi ziyanın ödənilməsi üçün Sığorta Şirkətinə, əks halda məhkəməyə müraciət etməsi izah olunmuşdur. xx.xx.2024-cü il tarixli İddiaçı və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, tərəflər yol-nəqliyyat hadisəsi zamanı baş vermiş ziyanın 5700 manat məbləğində qiymətləndirilməsi ilə bağlı razılaşmış, Cavabdeh 1500 ABŞ dolları və 1700 manat nağd pulu İddiaçı vermiş, 250 manat pulu xx.xx.2024-cü il tarixdə, 1200 manat pulu isə xx.xx.2024-cü il tarixdə verəcəyinə söz vermişdir. Fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “X1” markalı, ** DG *** nömrə nişanlı avtomobil xəsarət almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi və hadisədə cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Eləcə də, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın tərəflərin qarşılıqlı razılığı ilə 5700 manat qiymətləndirilməsi, həmin məbləğdən 1200 manatın bu günə qədər cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi də iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1200 manat pulun tutulması tələbinə dair iddiası əsaslıdır və iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul və 31 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar