Məhkəmə qərarları › İş №2(011)-183/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-183/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-183/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, "xxxx" ASC-nin Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada 01.11.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsinə əsasən 08.07.2021-ci il tarixinə əsas borc üzrə 71549,98 manat, faiz borcu üzrə 27163,64 manat, cəmi 98714,41 manat borcun, 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsinə əsasən 08.07.2021-ci il tarixinə əsas borc üzrə 30894,12 manat, faiz borcu üzrə 11108,30 manat, cəmi 42012,90 manat borcun tutulması, həmçinin 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi 25.02.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada 01.11.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 71549,98 manat, faiz borcu üzrə 29432,71 manat, cəmi 100982,69 manat borcun, 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 30894,12 manat, faiz borcu üzrə 9925,87 manat, cəmi 40819,99 manat borcun tutulması, həmçinin 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi L.V.Talıbova iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC-nin mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsinə əsasən, ona 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 46013 manat, 01.11.2012-ci il tarixli 6424 saylı müqavilə üzrə 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 104340 manat kredit verilmişdir, həmin müqavilələrin təminatı kimi iddiaçı ilə "xxxx" MTK arasında 01.11.2012-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır, hər iki müqavilə üzrə hesablanmış kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir, məhkəməyə iddiaçı tərəfindən müraciət olunduqdan sonra cavabdeh tərəfindən banka hər iki müqavilə üzrə altı dəfə ödəniş olunmuşdur, bu ödənişlər sistem tərəfindən hər iki müqavilə üzrə borcdan silinmişdir, ödənişlər olunsa da, faiz hesablanması dayanmadığından hazırda təqdim olunmuş maliyyə arayışlarına əsasən cavabdehin 16.02.2022-ci il tarixə banka olan borcu 6424 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 71549,98 manat, faiz borcu üzrə 29432,71 manat, cəmi 100982,69 manat, 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə 30894,12 manat, faiz borcu 9925,87 manat olmaqla, cəmi 40819,99 manatdır, həmçinin mülki işin ekspertizaya getməsi prosesi olduqca uzanmışdır, belə ki qərardadlardan şikayət verilmiş, mülki iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir, 2018-ci ilədək 150.000 manat pul götürmüşdür, 2017-ci ildə işdən çıxmışdır, bununla belə borcunu ödəməyə çalışmışdır, 109.500 manat ödəniş etmişdir, 5 il ərzində hər ay 1980 manat ödəmişdir, son bir ildə də hər ay 750 manat pul ödəmişdir, bank borcun ödənilməsi ilə bağlı ona yardım etmir, bu barədə onlarla danışıqlara da getmiş, məktub da yazmışdır, mülkiyyətində əmlakı yoxdur və sahibkar deyildir, əsas borcun 80 %-ni ödəmişdir, əsas borcu, yəni 150000 manatın yerdə qalan hissəsini ödəməyə razıdır, lakin faizi ödəməyə razı deyildir, bir ildir on minə yaxın pul vermişdir, məhkəmə prosesi getdiyi vaxt da ödənişlər etmişdir, onu ancaq faizə silmişdirlər, həmin bankın işçisi olmuşdur, bank tərəfindən ona güzəşt olunmasını istəyir. Sonda cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 01.11.2012-ci il tarixli 6424 saylı kredit müqaviləsi ilə borc verən borc alana 120 ay müddətinə 10 %-lə 104340 manat kredit verməyi üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh və zamin "xxxx" MTK arasında 391 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MTK 01.11.2012-ci il tarixli 6424 saylı kredit müqaviləsinə əsasən 104340 manat məbləğində 120 ay müddətinə verilən kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı qismində Zamin borclunun öhdəliklərinin yerinə yetirilməsində kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 01.11.2012-ci il tarixli 6425 saylı kredit müqaviləsi ilə borc verən borc alana 120 ay müddətinə illik 10 %-lə 46.013 manat kredit verməyi üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh və zamin "xxxx" MTK arasında 392 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, "xxxx" MTK 01.11.2012-ci il tarixli 6425 saylı kredit müqaviləsinə əsasən 46013 manat məbləğində 120 ay müddətinə verilən kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı qismində Zamin "xxxx" MTK borclunun öhdəliklərinin yerinə yetirilməsində kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.07.2021-ci il tarixli MF-1017 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 204MRML172790298 saylı 01.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə illik 10 % dərəcəsi, kredit məbləği 46013 manat olmaqla, 08.07.2021-ci il tarixə 30894,12 manat əsas borc, 11108,30 faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 42012,90 manatdır. İş materiallarında olan 08.07.2021-ci il tarixli MF-1018 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 204MRML172790514 saylı 01.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə illik 10 % dərəcəsi, kredit məbləği 104340 manat olmaqla, 08.07.2021-ci il tarixə 71549,98 manat əsas borc, 27163,64 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 98714,41 manat, rüsum üzrə tələb edilən məbləğ 30.4 manatdır. İş materiallarında olan 16.02.2022-ci il tarixli MF-0422 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 16.02.2022-ci il tarixə 71549,98 manat əsas borc, 29432,71 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 100982,69 manat, rüsum üzrə tələb edilən məbləğ 30.4 manatdır. İş materiallarında olan 16.02.2022-ci il tarixli MF-0419 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 16.02.2022-ci il tarixə 30894,12 manat əsas borc, 9925,87 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 40819,99 manat, rüsum üzrə tələb edilən məbləğ 30.4 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 11.06.2021-ci il tarixdə borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 08.07.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli, 9/8880 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 01.11.2012-i il tarixli 6424 saylı kredit müqaviləsində və 01.11.2012-ci il tarixli 6425 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu 01.11.2012-i il tarixli 6425 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 30917,10 manat, faiz borcu üzrə 11128,19 manat, 01.11.2012-ci il tarixli 6424 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 71578,96 manat, faiz borcu üzrə 27196,46 manat. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 01.11.2012-ci il tarixində 6424 və 6425 saylı iki kredit müqaviləsi imzalanmışdır, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində "xxxx" MTK zamin durmuşdur, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə bildiriş məktubu göndərilmişdir, Cavabdeh tərəfindən 08.09.2021-ci il tarixdən sonra banka kredit müqavilələri üzrə ödənişlər edilmiş, həmin ödənişlər bank tərəfindən nəzərə alınmış, müqavilələr üzrə borcdan silinmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 01.11.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsi üzrə 71549,98 manat, faiz borcu üzrə 29432,71 manat, cəmi 100982,69 manat, 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə 30894,12 manat əsas, 9925,87 manat faiz, cəmi 40819,99 manat olmaqla ümumilikdə 141802,68 manat məbləğində kredit borcu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, onlardan dövlət rüsumu qismində ödənilmiş 30 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçıya, ekspertizanın dəyərini təşkil edən 100 manat isə alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativindan müştərək qaydada 01.11.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsi üzrə 71549,98 manat əsas, 29432,71 manat faiz, cəmi 100982,69 manat, 01.11.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə 30894,12 manat əsas, 9925,87 manat faiz, cəmi 40819,99 manat kredit borcu olmaqla ümumilikdə 141802 (yüz qırx bir min səkkiz yüz iki) manat 68 (altmış səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 (qırx) qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Cavabdeh və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar