Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1831/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 27.04.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27.04.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə kredit müqaviləsi bağlayaraq rəsmiləşdirmişdir. Həmin müqaviləyə görə cavabdehlər 108.000 manat borc məbləğini iddiaçıya verir və iddiaçı isə hər ayın 25-i cavabdehlər Cavabdeh1 5000 manat, Cavabdeh2 4000 manat ödəməyi öhdəsinə götürür. Ancaq iddiaçı müqavilənin formal olaraq onun adına bağlandığını qeyd etmişdir. Belə ki , hər iki cavabdeh iddiaçının nümayəndəsi olduğu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən X1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşlar. X3 həbsdə olduğu üçün onun həbs cəzası almaması və zərərçəkənlərin pulunu ödəyə bilməsi üçün qeyd olunan kredit müqaviləsi formal olaraq İddiaçı adına bağlanmışdır və hər iki cavabdehlər razı olmuşdur ki, bu vasitə ilə X3 həbs olunmasın və çıxdıqdan sonra onların pulunu hissə-hissə ödəsin. Nəzərə alınsa ki, kredit və borc müqaviləsi real müqavilələrə aiddir, bu zaman müqavilənin bağlandığına baxmayaraq, pul vəsaitinin verilmədiyinə görə həmin pulun tələb edilməsi də əsaslı və qanuni hesab edilməməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 27.04.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə 27.04.2017-ci il tarixdə Bakı şəhərinin 13 saylı Notariat kontorunda təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 108.000 manat məbləğində pulu borc alan İddiaçı borc vermiş, borclu isə krediti 27.04.2018-ci il tarixədək, hər ayın 25-i Cavabdeh1 5000 manat, Cavabdeh2 4000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərimişdir ki, o , iddiaçı ilə həyat yoldaşı vasitəsilə tanış olmuşdur və iddiaçı onun həyat yoldaşı ilə tikintidə bir yerdə işləmişlər. Eyni zamanda iddiaçı X2 məhkəmədə nümayəndəlik etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə biznes fəaliyyəti ilə məşğul olmuşdur. X3 qeyd edilən müqavilə üzrə borcun onun borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mübahisəli kredit müqaviləsindən göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 27.04.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda iddiaçı ilə cavabdehlər arasında 108.000 manat borcla əlaqədar rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqdi bağlayarkən əslində tərəflərin nəzərdə tuduqları əqdə olan qaydaların tətbiq edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1831/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1831/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver