Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-184/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı, eyni zamanda, İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh1 nümayəndəsi və vəkili X1, cavabdeh, eyni zamanda, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 50.000 ABŞ dolları maddi zərərin tutularaq onlara ödənilməsi, ünvan 1, 8 saylı mənzilə bitişik, 6 saylı mənzilin üstündə qanunsuz inşa edilmiş tikilinin sökülərək binanın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu, Abbas Səhhət küçəsi ev 6, mənzil 6 onlara məxsus olmaqla mülkiyyətlərindədir, bunu təsdiq edən seriya MH, ******* nömrəli çıxarışları vardır. Həmin yaşayış sahəsi 05.12.2013-cü il tarixdə “xxxx”QSC-yə girov qoyulmuş və kredit götrülmüşdür. 0,0351 ha.torpaq sahəsində yerləşən, 2 mərtəbəli binada,42.7 kv.m yayaış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil 6 nömrəli binada tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 1012 nömrəli kitabının 91023 nömrəli vərəqində qeydiyyata alınmışdır.Hazırda həmin mənzildə 8 nəfər ailə üzvü qeydiyyatda olmaqla yaşayır. Cavabdehlər 2019-cu ilin yay aylarında onlara qarşı məhkəmədə “qanunusuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarlması” barədə iddia ərizəsi vermiş, 2(011)-5816/2019 saylı, 10.12.2019-cu il tarixli qətnamə ilə tələbin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə cavabdehlər onlara məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 saylı mənzilin üstündə müvafiq icazə olmadan tikinti-quraşdırma işləri aparmağa başlamış, tkilini və mənzili yükləmiş, nəticədə mülkiyyətlərində olan mənzil qəzalı vəziyyətə düşmüşdür. Bir neçə dəfə qanunsuz tikinti aparılmasına görə dava-dalaş düşmüş, ona xəsarətlər yetrilmiş, polis orqanları araşdırma aparmışdır. Lakin cavabdehlər qayda və qanunlara məhəl qoymadan tikintini davam etdirmiş, mənzili yükləmiş, istinad-yük divarları çat vermiş, yaşayış sahəsi qəzalı vəziyyətə salınmılşdır. Hazırda binada yaşamaq həyat üçün təhlükəlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlaklara külli miqdarda - 50.000 ABŞ dolları real maddi ziyan vurulmuşdur. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Xətai rayonu MKTB-nin 583 saylı, 25.02.2021-ci il tarixli arayışdan görünür ki, o, 1993-cü ildən sahəsi 12 kv.metr olan 1 otaqlı evdə anası, xalası, xalası qızı, xalası nəvəsi ilə birgə olduqca acınacaqlı vəziyyətdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Atası 2003-cü ildə ölmüşdür, 12 yaşından tək böyümüşdür. Mənzil bir otaqlı və darısqaldır. Mənzil balaca olduğuna görə ailə qura bilməmişdir. Məcburən Xətai rayon İcra hakimiyyəti başçısının şifahi razılığına əsasən mənzilin qarşısında əlavə tikili tikmişdir. Həmin əlavə tikilini inşa edən zaman maddi imkanı olmadığına görə Kapital Bank ASC-dən 3180 manat məbləğində kredit götürmüşdür. İddia ərizəsində qeyd edilən - Xətai rayonu, Abbas Səhhət küçəsi, ev 6, 6 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının ona qarşı iddia etdiyi qanunsuz tikili iddiaçının özünün qanunsuz olaraq tikdiyi balkonun üzərində tikilmişdir. Belə ki, özünün tikdiyi tikili cavabdehin yaşayış yerinə heç bir xələl gətirmədən tikilmişdir. Bir metr ara məsafəsi var, hətta artırmanın dirəkləri belə cavabdehin qanunsuz tikilisinə toxunmur. Hətta iddiaçının artırması onun mənzilinin qabağını kəsir. Həmçinin qeyd etmək istəyir ki, onlardan 50.000 ABŞ dolları maddi zərər tələb etməsi əsassızdır. Onların tərəfindən heç kəsə nə maddi, nə də mənəvi zərər vurulmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda, İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əsassız olduğuna görə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 əsassız olduğuna görə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, yaşayış sahəsi 42.7 kv.m olan 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1012 nömrəli reyestr kitabının 91023 nömrəli vərəqində 25.09.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1, sahəsi 26.20 kv.m olan 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 02.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09.04.2021-ci il tarixli, 10/2711 saylı rəyindən göründüyü kimi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi, 6 saylı evin 8 saylı mənzilinin yaşayış binasının ikinci mərtəbəsində yerləşdiyi nəzərə alınaraq tikinti norma və qaydalarına uyun inşa olunduğu müəyyən edilir. Lakin tədqiq olunan 8 saylı mənzilə bitişik vəziyyətdə əlavə inşa olunmuş tikiliyə (həmin mənzilə ayrıça giriş-çıxış yolu pilləkən qəfəsəsindəndir) dair mülki iş materialında müvafiq icra sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə, yəni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Cavabdeh1 məxsus mənzilin daxilində yenidən qurma işlərinin aparılmadığı müəyyən edilir. Bakı şəhəri Xətai rayonu A.Səhhət küçəsi 6 saylı evin 8 saylı mənzilinin tikintisi ilə əlaqədar Bakı şəhəri Xətai rayonu A.Səhhət küçəsi 6 saylı evin 6 saylı mənzilinə ziyan (istilik, su sızma, çökmə, qrunt suları və s.) vurulmadığı müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddələrinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikililərin onların hüquqlarını pozduğunu, bunun nəticəsində onlara 50000 ABŞ dolları ziyan dəydiyini iddia etmələrinə baxmayaraq bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının 09.04.2021-ci il tarixli, 10/2711 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəti olan 100 manat iddiaçılardan dövlət nəfinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 50.000 ABŞ dolları maddi zərərin tutularaq onlara ödənilməsi, ünvan 1, 8 saylı mənzilə bitişik, 6 saylı mənzilin üstündə qanunsuz inşa edilmiş tikilinin sökülərək binanın əvvəlki vəziyyətinə qaytarılması barədə iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı Cavabdeh1 dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-184/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-184/2021
20.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver