Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-185/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A538217 şassi (ban) nömrəli, ağ rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh1 ilə “Okean Avto- 2011" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2686 saylı nisyə alqısatqı müqaviləsinə əsasən ilkin ödəniş 7000 manat, 36 ay müddətinə, hər ay üzrə 642 manat ödəniş etməklə, cəmi 30.080,9 manata satılmışdır. xx.xx.2020-ci il tarixli, 2686 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə zaminlik edərək xx.xx.2020-ci il tarixli, 2686 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən Cavabdeh1 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A538217 şassi (ban) nömrəli, ağ rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün “Okean Avto-2011" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2686 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 7000 manat, 11 ay 642 manat, 01 ay 145 manatdan cəmi 14.207 manat ödəniş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 15.873,9 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2020-ci il tarixli, 2686 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh1 dəfələrlə şifahi xəbərdar edilsə də o, borcunu ödəməkdən yayınmışdır. Sonda tərəflərindən müqavilənin şərtlərinə əsasən Cavabdeh1 və zamin Cavabdeh2 qeydiyyat ünvanlarına pretenziya məktubu ünvanlanmış, lakin buna baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2020-ci il tarixli, 2686 saylı saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobil təhvil verildiyi günə qədər gecikdirildiyi hər gün üçün 50 manat məbləğində istifadə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh1 müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2021-ci il tarixdən iddia verilən günədək, 564 gün istifadə edərək təhvil vermədiyindən gecikdirdiyi hər gün üçün 50 manat məbləğində istifadə (564 x 50 = 28200) haqqı hesablanmaqla 28200 manat məbləğində istifadə haqqı hesablanmışdır. Bu müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A538217 şassi (ban) nömrəli, ağ rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2021-ci il tarixdən iddia verildiyi günədək, 564 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3621 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2020-ci il tarixli, 2686 saylı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabdeh tərəflər razıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə “Okean Avto-2011’’ MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2686 saylı müqavilələrinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri təhvil verilməməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 15.873,9 manat əsas borc pulun, 3621 manat məbləğində cərimə pulunun, 28.200 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 233,1 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “Okean Avto-2011" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2020-ci il tarixli, 2686 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 7000 manat, 36 ay müddətinə, hər ay 642 manat ödəniş etməklə, 30080.9 manata satılmışdır. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli, 2686 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, X4 ilə "xxxx" MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Əmir Mehdiyev, Cavabdeh1 iddiaçı ilə arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 təhvil verilmiş, nəqliyyat vasitəsinin heç bir nasazlığı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2-ci maddəsi təsbit edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Mülki işin materialları müəyyən edilmişdir ki, 23 yanvar 2020-ci il tarixli, 2686 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 7000 manat, 36 ay müddətinə, hər ay üzrə 642 manat ödəniş etməklə, cəmi 30.080,9 manata satılmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, “Hyundai Sonata” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olaraq həmin avtomobili Cavabdeh1 faktiki sahibliyinə və istifadəsinə vermişdir. Lakin həmin müqavilə notarius tərəfindən təsdiq edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyindən, qanunvericiliyin bununla əlaqədar, həmçinin müqavilənin ləğvi ilə bağlı tələbləri pozulduğundan, iddianın hüquqi əsasını təşkil edən müqavilə etibarsız əqd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 avtomobilin verilməsi mülki işdə olan sübutlarla təsdiq edildiyindən və tərəflər arasında bağlanmış alğısatqı müqaviləsi mülki məcəllənin şərtləri pozulmaqla bağlanmış əqd - etibarsız əqd olduğundan tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan iddia qismən təmin edilməli, mübahisə predmeti olan avtomobil iddiaçıya geri qaytarılmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A538217 şassi (ban) nömrəli, ağ rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-185/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-185/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver