Məhkəmə qərarları › İş №2(011)-1850/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1850/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1850/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh özünə maşın almaq üçün iddiaçıdan 5500 manat borc pul istəyərək tezliklə qaytaracağını bildirmişdir. 2022-ci ilin aprelində iddiaçı cavabdehə inanaraq öz adına bankdan kredit götürərək ona 5500 manat borc pul vermişdir. Cavabdeh ona verilmiş 5500 manat borc puldan hissə-hissə olaraq cəmi 1500 manat pulu iddiaçıya qaytarmışdır. Cavabdeh bu günə qədər 4000 manat pul borclu qalaraq onu iddiaçıya qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh iddiaçıya dəfələrlə yalan vədlər verərək borclu olduğu 4000 manat pulu qaytarmamışdır. Cavabdeh iddiaçıya aldığı borc pulu vaxtı-vaxtında gecikdirmədən qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu tam qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina etmişdir. İddiaçı göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bu faktı sübut edən iddiaçı və cavabdehin Whatsapp yazışmaları və səs yazılar vardır və sübutlar məhkəmədə təqdim edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 4000 manat pulun və ödədiyi 65 manat dövlət rüsumunun tutularaq, cəmi 4065 manat olmaqla ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, yazışmada göstərilən nömrə ona məxsusdur, onun iddiaçıya borcu yoxdur, əvvəllər borcu olmuş və ödəmişdir. Borcun ödənilməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Whats App” sosial şəbəkəsindən olan yazışmalardan görünür ki, İddiaçı Cavabdeh +994 70 288 66 32 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin yazışmalar aşağıdakı məzmundadır: Cavabdeh: “Allahhaqi 4 manat pulum var, Sen mene ele yazirsan ki, ele bil men partdadiram. Gorum borc goture bilsem 50 manat atacam, 4000 borcum qalıb sene, 50 tapsam bugün atacam 3950 qalacaq, Elime pul keçdikce atacam” İddiaçı: “4750 manat götürdüyün kreditin kağızları qalıb səndə?” Cavabdeh: “Bilmirem. Yox yeqin ki” İddiaçı: “Arxivdən çıxartdırmaq 10 manat” Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəllər birgə nikahda olmuş, həmin dövrdə cavabdeh iddiaçıdan borc pul istəmişdir. Məhkəməyə təqdim edilmiş “Whats App” sosial şəbəkəsindən olan yazışmalardan görünür ki, cavabdehin iddiaçıya 4000 manat borcu olmuş, eyni zamanda cavabdeh mobil nömrənin ona məxsus olmasını məhkəmə iclasında təsdiq etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya olan borcunu ödədiyini bildirsə də, cavabdeh bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, Cavabdeh İddiaçı 4000 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edildiyindən, həmin borc hazırki günədək geri qaytarılmadığından, məhkəmə hesab edir ki, Cavabdeh 4000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul vəsaiti və 65 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar