Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-186/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 9335.23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, cəmi 10812.14 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 145.14 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinə (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamın icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2113 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı QSC-yə verilmişdir, "xxxx" ASCnin “Sənaye” filialı ilə (bundan sonra “Bank”) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2011-ci il tarixli, 0206 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 29390 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də görünür ki, cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobili (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) xx.xx.2011-ci il tarixli, 206 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, Bank nəqliyyat vasitəsinin alınması üçün Borcalana 29390 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, kredit vəsaitinin istifadə müddəti xx.xx.2016-cı il tarixində bitir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir, belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 9335,23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, ümumilikdə, 10812.14 ABŞ dolları məbləğində təşkil edir, bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndəsi və vəkili olaraq iddia tələbini qəbul etmədiyini bildirmişdir, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun ödənilməsi“ tələbinin əsassız olması və iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi səbəbi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə İddiaçı QSC BOKT-un nümayəndəsi X1 xx.xx.2025-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan mülki işə baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Sənaye“ filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 206 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə nəqliyyat vasitəsinin alınması məqsədi ilə 29390 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür (Müqavilənin 2.1-ci bəndi). Borc alan bu müqaviləyə əsasən, krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (Müqavilənin 2.2-ci bəndi). Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu müqavilənin 6.10.1-ci bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir (Bənd 3.7). Bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır (Bənd 4.1). Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, Kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixndən sonrakı gün başlayır. Kredit vəsaitindən istifadə müddəti xx.xx.2016-cı il tarixində bitir (Bənd 5.4). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır (Bənd 6.1). Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə, yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin, kredit üzrə hesablanmış fazilərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla, ümumi məbləğin 20%-i miqdarında borc verənə dəbbə pulu ödəməlidir (Bənd 6.10.1). İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 206 saylı İpoteka müqaviləsindən görünür ki, Kredit müqaviləsinin təminatı olaraq tərəflər Cavabdeh mülkiyyətində olan **- LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinin (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 0206 saylı Kredit müqaviləsinə Əlavə 1 Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi illik 18%, kreditdən istifadənin müddəti 60 ay, aylıq ödənişi 746.31 ABŞ dolları, verilmə tarixi xx.xx.2011-ci ildir. İş materiallarında olan AB seriyalı, 622704 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobili Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, 29390 ABŞ dolları Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavə S-AVK-2113 saylı, xx.xx.2018-ci il tarixli Akt-dan görünür ki, Cavabdeh dair müvafiq sənədlər İddiaçı QSC tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi 18%, kreditin verilmə tarixi xx.xx.2011-ci il, bitmə tarixi xx.xx.2016-cı il, verilən kredit borcunun qalığı 9335.23 ABŞ dolları, faiz qalığı 1476.91 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 13-7/2-3-11/291/2024 saylı Maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli, 0206 saylı kredit müqaviləsinə əsasən, borcalan Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, kreditin müddəti 60 ay, kreditin faiz dərəəsi 18%-dir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixində İddiaçı QSCya ötürülən məbləğ 10812.14 ABŞ dolları (9335.23 ABŞ dolları əsas borc, 1476.91 ABŞ dolları faiz borcu), müştərinin İddiaçı QSC-ya qalan borcu 10812.14 ABŞ dollarıdır (9335.23 ABŞ dolları əsas borc, 1476.91 ABŞ dolları faiz borcu). İş materiallarından olan “X3 edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 1257 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC–yə keçməsi, İddiaçı QSC ilə “X3 edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqaviləyə əsasən, "xxxx" -nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 edilməsi Agentliyi” MMC-nin həyata keçirməsi, həmçinin məlumat üçün xx.xx.2011-ci il tarixli, 0206 saylı kredit müqaviləsinə əsasən, gecikmədə olan borcu, əsas borc üzrə 9335.23 ABŞ dolları, faiz borcu üzrə 1476.91 ABŞ dolları olmaqla, ümumilikdə 10812.14 ABŞ dolları təşkil etməsi bildirilmiş, cavabdeh 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC BOKT tərəfindən 145.14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASCnin “Sənaye“ filialı ilə borcalan Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 206 nömrəli Kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi illik 18%, kredit vəsaitindən istifadə müddəti 60 aydır (xx.xx.2011xx.xx.2016), xx.xx.2011-ci il tarixli, 206 saylı İpoteka müqaviləsinə əsasən, Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobili (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) ipoteka ilə yüklü edilmişdir, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh dair müvafiq sənədlər İddiaçı QSC tərəfindən təhvil alınmış xx.xx.2017-ci il tarixli Arayışda Cavabdeh verilən kreditin məbləği 29390 ABŞ dolları, faiz dərəcəsi 18%, kreditin verilmə tarixi xx.xx.2011-ci il, bitmə tarixi xx.xx.2016-cı il, verilən kredit borcunun qalığı 9335.23 ABŞ dolları, faiz qalığı 1476.91 ABŞ dolları olması qeyd edilmişdir, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddia tələbi üzrə cavabdehin ödəməli olduğu borc cəmi 10812.14 ABŞ dolları (9335.23 ABŞ dolları əsas borc, 1476.91 ABŞ dolları faiz borcu) təşkil edir, iddiaçı pul məbləğinin qaytarılmasına dair iddia tələbi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verimişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir və həmin müddət müqavilə tərəfinin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır, iddiaçı isə xx.xx.2011-ci il tarixli 206 nömrəli Kredit müqaviləsi üzrə tələbin ona ötürlüdüyü xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən icra edilməmiş öhdəliyinin qalmasını bilmişdir ki, bu da onun ən geci həmin tarixdə hüququnun pozulduğu barədə məlumatlı olduğunu göstərir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbi üzrə tutmanın Cavabdeh mülkiyyətində olan **-LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinə yönəldilməsi ilə bağlı qeyd edir ki, əsas tələb (kredit müqaviləsi üzrə pul tələbi) üzrə iddia müddəti keçdiyindən ipoteka tələbi üzrə də iddia müddəti keçmişdir və iddia tələbi bu hissədə də əsaslı deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “"xxxx" ASC-nin “Sənaye“ filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 206 saylı Kredit müqaviləsi üzrə 9335.23 ABŞ Dolları əsas borc, 1476.91 ABŞ Dolları faiz borcu olmaqla, ümumilikdə 10812.14 ABŞ Dolları borcun və 145.14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı QSC-nın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- LL-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SANTA FE” markalı minik avtomobilinə (buraxılış ili - 2011, Ban - KMHSH81BDCU812743, rəngi - ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nın hesabına ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-186/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-186/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver