Məhkəmə qərarları › İş №2(011)-187/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-187/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-187/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin, 92 saylı mənzili iddiaçının, Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin, 95 saylı mənzili isə cavabdehin mülkiyyətindədir.

2. Mübahisə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin, 95 saylı mənzildən iddiaçının mülkiyyətində olan həmin ünvanda yerləşən 92 saylı mənzilə su axması nəticəsində dəymiş zərərlə bağlıdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 500 manat və dövlət rüsumu qismində ödədiyi 20 manat, cəmi 520 manat cavabdehdən alınıb ona verilməsi və mənzilinə su axıdılması ilə bağlı onun qeyri-hüquqi (qanunsuz) hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yaşadəğı və qeydiyyatda olduğu mənzil xüsusi nıülkiyyətindədir. Yaşadığı mənzilin üst mərtəbəsində yəni 95-ci mənzilində cavabdeh yaşayır. Cavabdehin istifadəsində olan mənzilin hamam otağı olan hissədən bu ilin aprel ayından mütəmadi olaraq mənzilinin vanna otağına su axıdılır. Hazırda da bu proses davam edir, su sızmanın qarşısının alınması üçün dəfələrlə cavabdehə irad tutaraq su sızmanın qarşısının alınmasını tələb elsə də, o məhəl qoymamışdır. Analoji xəbərdarlığı cavabdehə həmin sahəyə xidmət edən Mənzil İstismar sahəsinin rəhbərliyi də etmişdir, lakin o mənzilinə olan susızmanın qarşısını almamışdır. Nəticədə mənzlinin vanna otağı tam yararsız vəziyyətə düşmüşdür (tavan və yan divarlar susızmanın nəticəsi olaraq nəm haldadır) və mənzilinin həmin hissəsi təmir edilməlidir. Mənzilinə Xətai rayon Mənzil Kommunal İstehsallat Birliyinin 94 saylı MKİS-n mühəndisi M.Allahverdiyev, böyük mühasibi və mühasibi B.Cəfərova və fəhlə B.Kazımov tərəfindən baxış keçirilmiş və tərtib etdikləri 10 avqust 2022-ci il tarixli aktla üst mərtəbədə yerləşən 95-ci mənzildən alt mərtəbədə yerləşən xüsusi mülkiyyətçisi olduğu 92-ci mənzilə su sızma faktının olmasını təsdiq etmişlər. Mənzilinə dəymiş maddi zərəin aradan qaldırılması üçün, yəni təmir edilməsi üçün 500 manat tələb edilir. Həmin mənzil əvvəllər X3 xüsusi mülkiyyətində olmuşdur, analoji mübahisə onunla da aralarında olmuşdur, Xətai rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(011)-6351/2021 nömrəli qətnaməsi ilə ondan maddi ziyan qismində 250 manat məbləğində pul ona ödənilmiş, lakin su axıdılmasının qarşısı alınması hissəsində qətnamə icra edilməmişdir. 23 noyabr 2021-ci il tarixdə mənzilin keşmiş mülkiyyətçisi Rafiq Orucov su sızmanın qarşısını almadan mənzili hazırki cavabdehə satmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, su onun mənzilindən axmır, şaxtadan axır. Ona görə də, iddiaçının mənzilinə suyun axması nəticəsində zərər dəyməsinə görə o məsuliyyət daşımır. Suyun binanın hansı mənzilindən axması bilmir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

17. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin 92 saylı mənzilə su axıdılır. İşin bu halı Məhkəmə Ekspertiza Mərkəzinin 10/8195 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin sanitar qovşağının divarlarının və tavan hissəsinin boya qatının qopması, çatlaması və qabarması müşahidə edilmişdir.

18. Bundan başqa, Bakı şəhəri Xətai rayonu 94 saylı MKİS tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş Aktda cavabdehin yaşadığı əvvəllər 92 saylı mənzildən iddiaçının yaşadığı 30 saylı mənzilə su axıdılması qeyd edilmişdir.

19. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir.

20. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olubolmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfü deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi).

21. Ekspertiza rəyində də iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin 92 saylı mənzilinin sanitar qovşağında mərtəbələrarası su sızmasının əlamətlərinin olması qeyd olunmuşdur.

22. Cavabdeh su sızıntısının onun mənzilindən axmamasını bildirsə də, su sızıntısının onun mənzilindən deyil, binada yerləşən başqa mənzillərdən axmasını təsdiq edə biləcək heç bir sübutu məhəkəməyə təqdim etməmişdir.

23. Bundan başqa, ekspert cavabdehə məxsus Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin 95 saylı mənzilinə baxış zamanı mənzilin sanitar qovşağının və şaxtasının su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su sızıntısı, boru və boru işləmələrində çatlar və s.) aşkar edilmədiyini bildirsə də, baxışın hansı qaydada, vizual, yaxud mənzilin sanitar qovşağına açıq şəkildə baxılmasını rəyində açıqlamamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticə ümumi formada olduğundan mötəbər hesab edilə bilməz və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil edən yalnız rəyin həmin hissəsinə əsaslanmaqla iddianın rədd edilməsi qanuni hesab edilə bilməz.

24. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir.

25. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 500 manat olması hissəsində qismən əsaslıdır.

26. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/8195 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayon, Gen.Mehmandarov küçəsi, 8 saylı evin 92 saylı mənzilinə su axması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı olan təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətinə uyğun olaraq təqribən 297 manat müəyyən olunur.

27. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə su sızması nəticəsində dəymiş ziyanın ümumilikdə 297 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 297 manat cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 60 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. 297 manat maddi ziyan və 12 manat dövlət rüsumu, cəmi 309 manat manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 8 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi Cavabdeh, 20 manat hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar