Məhkəmə qərarları › İş №2(011)-1908/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1908/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1908/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 06 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 414 manat məbləğində əsas borc, 85.48 manat məbləğində faiz borcu və 25.59 manat cərimə borcu olmaqla, ümumilikdə 525,07 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 06 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 06 avqust 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 yanvar 2022-ci ilədək cavabdehlərin banka 06 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 414 manat əsas, 85.48 manat faiz, 25.59 manat cərimə borcu olmaqla, ümumilikdə 525,07 manat borcu vardır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 arasında 06 avqust 2020ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28 yanvar 2022-ci ilədək cavabdehlərin banka 06 avqust 2020-cu il tarixli kredit müqaviləsi üzrə 414 manat əsas, 85.48 manat faiz, 25.59 manat cərimə borcu olmaqla, ümumilikdə 525,07 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 "xxxx" KB ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi əsasında cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 06 avqust 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 25.59 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 414 manat məbləğində əsas borc, 85.48 manat məbləğində faiz borcu, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 504,48 manat pul vəsaiti alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İlham oğlundan və Cavabdeh3 müştərək qaydada 414 (dörd yüz on dörd) manat məbləğində əsas borc, 85.48 (səksən beş manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 504,48 (beş yüz dörd manat qırx səkkiz qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar