Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1911/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən 5366,70 manat əsas borc, 534,32 manat faiz, 2,09 manat cərimə olmaqla, cəmi 5903,11 manat məbləğində borcun və ödənilmiş 79,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 14.06.2021-ci il tarixdə 2785nkAHM/21 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 41 ay müddətinə illik 25 % ilə 5453 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 14.06.2021-ci il kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 41 ay müddətinə illik 25% ödəmək şərtilə 5453 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinin tələblərini cavabdeh pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 yanvar 2022, cümə tarixinə Banka 5366,7 manat əsas, 534,32 manat faiz, 2,09 manat cərimə borcu olmaqla, cəmi 5903,11 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi 31.05.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu ödəməkdən boyun qaçırmır, lakin əmək haqqının ¼ hissəsi alimentə çıxıldığna görə hal-hazırda 3 ay 80 manat ödəməyə daha sonra isə ödəniş qrafikinə uyğun ödəməyə imkanı çatır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən şərtlərlə kredit müqaviləsi bağlanmış və iddiaçı razılaşdırılmış pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da cavabdehin 28.01.2022-ci il tarixə, 14.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5366,70 manat əsas borcu, 534,32 manat faiz borcu və 2,09 manat cərimə borcu olmaqla, ümumilikdə 5903,11 manat məbləğində borcunun olması qeyd edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit və bank hesabı məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərlərinə öhdəlik götürmüşlər. Lakin, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit və bank hesabı vəsaitini və həmin kredit və bank hesabından yaranan faiz borclarını ödəməli olmalarına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas, faiz və cərimə borcu iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışda əks olunmuş cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq tutulmalıdır. Belə ki, 31.05.2022-ci il tarixində iddiaçı tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş hesabdan çıxarışla müəyyən olunur ki, cavabdeh tərəfindən edilmiş ödənişlərdən 37,06 manat məbləğində pul onun əsas borcundan çıxılmışdır. Ona görə də iddia əsas borcun tutulması hissəsində qismən təmin edilərək 5329,64 (5366,70 – 37,06 = 5329,64) manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Həmçinin, sözügedən hesabdan çıxarışla müəyyən edilir ki, cavabdeh tərəfindən 13 may 2022-ci il tarixində edilmiş 80 manat məbləğində ödənişdən 16,85 manat, 26 may 2022-ci il tarixində edilmiş 60 manat məbləğində ödənişdən isə 54,92 manat, ümumilikdə 71,77 manat məbləğində pul cavabdehin faiz borcundan silinmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində də qismən təmin edilərək, 462,55 (534,32 – 71,77 = 462,55) manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cərimənin tələb edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, hesabdan çıxarış məlumatına əsasən cavabdeh tərəfindən 13 may 2022-ci il tarixində edilmiş 80 manat məbləğində ödənişdən 34,07 manat, 26 may 2022-ci il tarixində isə edilmiş 60 manat məbləğində ödənişdən 5,08 manat, ümumilikdə 39,15 manat məbləğində pul cavabdehin cərimə borcundan silinərək, cərimə borcunun ödənişi sona çatmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlərin bir hissəsi cərimə borcundan çıxılaraq iddia tələbində qeyd edilmiş cərimə borcu cavabdeh tərəfindən artıq ödənildiyindən iddia həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 79,08 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, hesabdan çıxarış məlumatına əsasən cavabdeh tərəfindən 15 mart 2022-ci il tarixində edilmiş 50 manat və 13 may 2022-ci il tarixində edilmiş 80 manat məbləğində ödənişdən 29,08 manat, ümumilikdə 79,08 manat məbləğində pul məhkəməyə ödənilmiş dövlət rüsumuna çıxılaraq, iddia tələbində qeyd edilmiş dövlət rüsumunun ödənilməsinə görə tələb edilən pul cavabdeh tərəfindən artıq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.06.2021-ci il tarixdə 2785nkAHM/21 saylı kredit müqaviləsi üzrə 5329,64 manat əsas, 462,55 manat faiz olmaqla, cəmi 5792,19 manat pul məbləği Cavabdeh tutularaq «X1» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1911/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1911/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver