Məhkəmə qərarları › İş №2(011)-1928/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1928/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1928/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(011)- 1810/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən 31.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat, 07.01.2004-cü il təvəllüdlü X3 təhsil və sair xərclərinin qarşılanması məqsədilə hər ay 300 manat olmaqla cəmi 493 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manatın tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1810/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş 07.01.2004-cü il təvəllüdlü X3 və 31.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 manat məbləğdə alimentin onun xeyrinə tutulması qət edilmişdir. 01,01.2022-ci il tarixdən ölkədə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, himayəsində olan uşaqların böyüməklə təlabatlarının əhəmiyyətli dərəcədə artmasını, aldığı əmək haqqının yaşadıqları mənzilin kommunal xərclərinin ödənilməsi, özümün və uşaqlarımın tələbatını təmin etmək üçün yetərli olmadığım nəzərə almaqla cavabdehdən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat, X6 2021-ci ildə universitetə qəbul olunması nəzərə alınaraq, onun normal şəkildə yol-nəqliyyat, geyim, müxtəlif ödənişli təhsil kurslarının, məşğələlərin və sair xərclərinin qarşılanması məqsədilə cavabdehdən hər ay 300 manat olmaqla, cəmi 493 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qanunverciliyin tələbinə uyğun olaraq mediasiya sessiyasında iştirak etmək üçün cavabdehə tərəfindən mediasiya prosessinin tətbiqi barədə təklif göndərilmiş, 05.02.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməkdən cavabdeh qərəzli şəkildə boyun qaçırmışdır. Mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində xərc tərəfindən ödənilmişdir.. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, övladlarının saxlanılması üçün müəyyən olunmuş məbləği vaxtı vaxtında ödəyir. Lakin, İddiaçı alimentin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Hesab edir ki, bu tələblər əsassızdır. Belə ki, pandemiya şəraitinə görə maliyyə imkanları xeyli zəifləmişdir və bu vəziyyət alimentin miqdarının artırılmasını yol vermir. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsi icra edilə bilən olmalıdır. Üzərinə icra edilməsi iqtidarında olmadığı vəzifələrin qoyulması məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəkdir. Həmçinin Ailə Məcəlləsində göstərilmişdir ki, övladların saxlanılması hər 2 valideyninin borcudur. İddiaçının gəlir qazanmasına baxmayaraq, o, uşaqların saxlanılması üçün bütün öhdəlikləri yalnız ondan tələb edir və bu Ailə Məcəlləsinin tələblərinə birmənalı olaraq ziddir. Üvladlarımın rifahı naminə aliment və digər öhdəliklərini lazımınca yerinə yetirmiş və bundan sonra da bütün bu öhdəlikləri yerinə yetirəcək. İddiaçı 07.01.2004-cü il təvəllüdlü X3 18 yaşı tamam baxmayaraq 2021-ci ildə Universitetə qəbul olmasını və onun yol-nəc təhsil kursları və s. xərclərinuin qarşılanması üçün 300 manat pulun mənən tutulmasını da xahiş edir. Qızının artıq 18 yaşı var və bu günə kimi əlavə xərclərini tam qarşıladığı kimi bundan sonra da qarşılayacaq. Amma bu xərclərin məhkəmə qətnaməsi ilə üzərinə qoyulmasına dair tələb əsassızdır. Belə ki, valideyin öz övladını yetkinlik yaşma çatana kimi saxlamağa, qayğısına qalmağa və onu maddi cəhətdən təmin etməyə borcludur. Bu səbəbdən iddianın bu hissədə də təmin edilməsi qanunsuz və əsassız olardı. Sağlamlığı ilə bağlı məhkəmə proseslərində iştirak edə bilməyəcək. Bu halı üzürlü səbəb kimi qəbul edib, iddiaya onun iştirakı olmadan baxılmasını da məhkəmədən xahiş edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(011)-1810/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 07.01.2004-cü il təvəllüdlü X3 və 31.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 07.01.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. X2 tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli MŞB/6-259 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı 31.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin dəyişdirilməsinə dair tələb irəli sürməkdə haqlıdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 31.08.2009-cu il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi 07.01.2004-cü il təvəllüdlü X3 təhsil və sair xərclərinin qarşılanması məqsədilə hər ay 300 manatın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Bundan başqa, həmin Qərarda daha sonra göstərilmişdir ki, “Onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, hesab edir ki 07.01.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatması, həmçinin onun Ailə Məcəlləsinin 80 və 81-ci maddələri ilə nəzərdə tutulmuş “əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar” kateqoriyasına aid olmaması nəzərə alınaraq iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(011)-1810/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 31.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar