Məhkəmə qərarları › İş №2(011)-193/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-193/2022

27.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-193/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi, maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə o, eyni küçədə yaşayırlar, cavabdeh onun istifadəsində olan ünvan 1 ünvana özünə məxsus ünvan 2lan məsafəni sökərək tikinti aparmışdır və onun evi ilə öz evinin damını birləşdirmişdir. Cavabdeh həmin tikintini apararkən öz evinin damını onun evinin damına birləşdirərkən ondan icazə almadan onun evinin damının örtüyünü, yəni şiferini kəsərək qısaltmışdır. Hazırda yağış, qar yağanda otaqlarına yağıntı suları tökülür, bununla da onun evinə il boyu nəmişlik yaratmışdır. Eyni zamanda cavabdeh həmin tikinti işlərini aparmamışdan əvvəl evi ilə onun evinin arasında evin arxasına keçmək üçün bir metr enində yol var idi. Hazırda həmin yolu cavabdeh kəsərək yerində otaq tikmişdir. O, öz evinin arxasına, yanına keçə bilmir. O, cavabdehin həyat yoldaşı, yəni ərinə -Elman müəllimə bu barədə etiraz etdikdə, o, bildirmişdir ki, o, heç nə edən deyildir. Ancaq qonşular da şahiddirlər ki, onun evinin dam örtüyünü, yəni şiferləri kəsərək qısaltmış və bunun nəticəsində onun evində nəmişlikdən yaşamaq mümkün deyildir. İddiaçı göstərilənləri nəzərə alaraq, onun istifadəsində olan yaşadığı ünvan 1 ünvanında yerləşən eyvanın dam örtüyünün təzələnməsi üçün 1000 manat pulun, onun evi ilə cavabdehə məxsus ünvan 3 ünvanının arasında olan torpaq sahəsinin cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən eyvanın dam örtüyünün təzələnməsi üçün 1000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının çıxışını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli aktdan məlum olur ki, 66 saylı MKİS-nin mühəndisi A.Osmanov, sahə nəzarətçiləri V.Kərimov və E.Ağayevin iştirakları ilə akt tərtib edilmiş və həmin akta əsasən ünvan 4 ünvanında yaşayan X2 müraciəti əsasınsa yaşadığı evə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, qonşu tərəfdən evin divarı onun evinin divarına bitişik olduğundan yağışlı havalarda yağan yağışlar qonşunun dam örtüyündən divarlara tökülərək nəmişlik yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1353 nömrəli 11 avqust 2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin dam örtüyündə hər-hansı bir qüsur müəyyən olunmamışdır. Lakin İddiaçı məxsus evin 3,8x4,3m və 2,95x3,0m ölçüdə olan otaqların divarlarının və tavanının künc hissəsində (cavabdeh tərəfdə olan divarın üzərində) sarımtıl su sızma izlərinin olduğu müşahidə edilmişdir. Həmin su sızma izlərinin əmələ gəlməsinə səbəb, cavabdehə məxsus dam örtüyünün mailliyi iddiaçının dam örtüyünün su novuna tərəf istiqamətləndirdiyi və bu zaman atmosfer çöküntülərinin (yağış sularının) iddiaçının mənzilinə tökülməsidir. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli işlərin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1346.0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin qərarın 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4570 nömrəli 01 noyabr 2021-ci il tarixli rəyi ilə İddiaçı məxsus evə maddi zərərin dəyməsi və həmin zərərin dəyməsində cavabdehə məxsus tikilidə mövcud olan qüsurların səbəb olması təsdiq edildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 1000 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 manat məbləğində dəymiş maddi zərər tutularaq İddiaçı ödənilsin. İddia təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1 Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova düzdür Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar