Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1941/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan xx.xx.2011ci il təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində saxlanması və onun saxlanılması üçün cavabdehin gəlirlərinin və qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
3. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh ikinci dəfə, xx.xx.2013-cü il tarixdə X3 ilə nikaha daxil olmuş, həmin nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki övladları doğulmuşdur. Sonradan onlar arasında da bağlanmış nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-305/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların Natella İsmayılovanın himayəsində saxlanılması və uşaqların saxlanılması üçün cavabdehin gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
4. Daha sonra, cavabdehin iddiaçıya və Natella İsmayılovaya qarşı onlarla birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “əmək haqqının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması” barədə iddiası təmin edilərək Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-900/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin gəlirlərinin və qazancının 1/6 hissəsi miqdarında, X5 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/6 hissəsi məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9486/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində dəstə rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1411,20 manat məbləğində təşkil edir. Həmçinin cavabdeh 2-ci qrup əlilliyə görə 1792,82 manat məbləğiində pensiya alır və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı Birgə niqahdan olan xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa qəlirlərinin 1/4 hissəsi miqdarda alimentin müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olmuş, amma heç bir vaxt ailə olaraq normal ailə həyatı yaşamamış, cünki artiq onunla nikahda olarkən, Natella adlı qadln ilə qeyri rəsmi yaşamışdır. Ona xəyanətlər etdiyi ücün münasibətləri pozulmuş və bu səbəbdən Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə nikah pozulmuşdur. X1 üçün qazancının və qəlirlərinin ¼ hissəsi miqdarda aliment tutulması qət edilmişdir. Dəfələrlə cavabdeh alimenti azaltmaq məqsədi ilə məhkəməyə müraciyət etmiş, ancaq iddia rədd edilmişdir. Nəhayət cavabdeh məhkəməni özünə 2 otaqlı mənzil ipoteka yolu ilə götürdüyünə inandiraraq öz çirkin niyyətinə nail olmuş və hər ay 330 manat məbləğində pul ödəyir. Cavabdeh 2 dəfə ailə qurmuş və 2 övladı doğulmuşdur. Hazırda ipoteka yolu ilə yeni ailəsinin rahat yaşamı ücün qötürdüyü mənzildə keyfli həyat sürürlər. Cavabdeh 12 il ərzində hec bir zaman övladi ilə maraqlanmayıb. Cavabdeh "xxxx" Şirkətində mühəndis, dəstə rəisi vəzifəsində işləyir və sabit 3500 manat əmək haqqı var, amma bunu məhkəmədən gizlədir və arayış təqdim etməkdən boyun qaçırır. Bugünədək ödədiyi aliment həm maddi, həm də mənəvi tam olaraq uşağa serf olunur, lakin doğulduğu gündən böyrəklərində problem var. Dəfələrlə bu barədə özünə cavabdehə bildirsə də, o hec bir əhəmiyyət verməyib və ona xəstə uşaq lazım olmadığını bildirib.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı uşağın yaşayış yerini tez-tez dəyişməklə uşağı ona göstərməkdən imtina edir. İddiaçı ondan aldığı alimenti uşağa deyil, öz şəxsi ehtiyaclarına sərf edir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, uşaq sağlamlığında olan problemlərlə əlaqədar olaraq hazırda evdə təhsil alır. Hər ay cavabdehdən 300-400 manat məbləğində aliment tutulur. Cavabdehin aliment borcu yoxdur. Bəzi aylarda 100 manat, bəzi aylarda isə 700 manat məbləğində aliment ödənişi olub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, bir valideyn kimi öz vəzifələrini yerinə yetirir. Əvvəl əmək haqqı daha artıq idi, ancaq indi aylıq 1411 manat məbləğində əmək haqqı alır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
17. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. Alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun əvvəl müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər.
22. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, hazırda cavabdehdən iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanmasına görə hər ay cavabdehin gəlirlərinin və qazancının 1/6 hissəsi miqdarında alimentin tutulması Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 900/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin iddiaçı sonuncu, xx.xx.2021-ci il tarixli qətnamənin çıxarılmasından sonra özünün, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşağın xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2013-cü il tarixdə ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından iki övladı doğulmuşdur. Lakin, həmin nikah da məhkəmə qətnaməsi əsasında pozulmuş və sonuncu məhkəmə qətnaməsinə əsasən ikinci nikadhdan doğulmuş övladlarının saxlanılması üçün hər ay cavabdehin gəlirlərinin və qazancının 1/6 hissəsi miqdarında alimentin tutulur.
24. Digər bir tərəfdən, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş bank çıxarışından görünür ki, iddiaçının xeyrinə 2021-ci il üzrə 4315,74 manat (aylar üzrə bərabər bölündükdə 359,64 manat), 2022-ci il üzrə 5570 manat (aylar üzrə bərabər bölündükdə 464,16 manat), 2023-cü il üzrə 6069,28 manat (aylar üzrə bərabər bölündükdə 505,77 manat) cavabdehdən aliment tutulmuşdur. Göründüyü kimi, Cavabdeh saxlanılması üçün cavabdehin gəlirlərinin və qazancının 1/6 hissəsi miqdarında tutulan alimentin məbləği ildən-ilə artmaqda davam edir. Məhkəmə qeyd edir ki, bütün bunlar nəzərə alındıqda, iddiaçının cavabdehlə birgə nikahından olan uşalarının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tututulan alimentin məbləği müqayisə edilən illər üzrə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumundan iki dəfədən də çoxdur.
25. Tərəflərin maddi vəziyyətləri ilə bağlı, məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində dəstə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 1411,20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Cavabdeh saxlanılması üçün cavabdehin gəlirlərinin və qazancının 1/6 hissəsi miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edildikdən, yəni 2021-ci ildən sonra cavabdehin maddi vəziyyətində daha da yaxşı hər hansı bir dəyişiklik olmamışdır. Hətta, cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, o, 33 ay müddətində 8000 manat kredit almış, aylıq ödənişi 296,96 manat təşkil edir.
26. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin olunması cavabdehin əlavə xərclərə cəlb olunması ilə nəticələnə bilər ki, bu da onun həm ikinci nikahından doğulan uşaqların mənafeyinə zidd olar, həm də cavabdehi daha da ağır maddi duruma sala bilər. Məhkəmə qeyd edir ki, maddi və ailə vəziyyəti imkan vermədiyi halda yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimenti ödəmək öhdəliyinin yalnız uşaq yanında qalmayan valideynin üzərinə qoyulması Ailə Məcəlləsinin 56.1-ci maddəsinin də tələbinə zidd olardı. Həmin müddəada deyilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malikdirdirlər.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı