Məhkəmə qərarları › İş №2(011)-1952/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1952/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1952/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.250 manat və ödənilmiş 234 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Cavabdeh 26 sentyabr 2019-cu il tarixdə onun xahişi ilə işə düzəlməsi ilə əlaqədar 48.250 manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh həmin pulu 2 il ərzində iddiaçıya geri qaytaracağını bildirmişdir. Lakin iddiaçı borcun ödənilməsini ondan tələb etsə də, iddiaçı ona hədə-qorxu gələrək borcu qaytarmamışdır. Borc aldığı tarixlərdə cavabdeh pulun qaytarılması barədə yazılı qəbzlər yazaraq şəxsiyyət vəsiqəsini və avtomobilin texniki pasportunu təqdim etməklə borcunu qaytaracağını bildirmişdir. Lakin artıq iki ildən çoxdur ki, cavabdeh borcunu qaytarmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Nümayəndə iddiaçının qızıdır. İşin faktiki halları: İddiaçı 26 sentyabr 2019-cu il tarixdə tanışı olan cavabdehə 48.250 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu 2 il ərzində qaytaracağına dair söz versə də, hələ də borcu geri qaytarmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. İşə baxan məhkəmənin mövqeyi: Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdeh iddiaçıdan pul almış, lakin pul vəsaitini ona geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı bununla bağlı qəbzlər təqdim etmişdir. Həmin qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan 26 sentyabr 2019-cu il tarixdə və 04 may 2021-ci il tarixdə borc aldığını, iddiaçıya cəmi 48.250 manat məbləğində borcunun olmasını qeyd etmişdir. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh öz izahatında bildirmişdir ki, o, təqdim olunan qəbzləri özü yazıb imza etmişdir. Lakin o, iddiaçıdan 2017-ci ildə cəmi 5000 manat pul almışdır. Hal-hazırda ondan tələb olunan borc aldığı pulun faizidir. Məhkəmə cavabdehin izahatlarına qiymət verərək hesab edir ki, o, izahatlarında iddiaçıdan cəmi 5000 manat məbləğində pul aldığını, hazırda tələb olunan borcun həmin pulun faizi olmasını bildirsə də, bu halları təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıya borc aldığı pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 48.250 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 234 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 234 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 48.250 (qırx səkkiz min iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş 234 (iki yüz otuz dörd) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar