Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-198/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh 2019-cu ildə ümumi tanışı vasitəsi ilə tanımışdır. Cavabdeh özünü daşınmaz əmlakın alverçisi kimi təqdim etmişdir. Bir müddət sonra cavabdeh ona birgə “işləməyi” təklif etmiş, yəni ondan evlərin alınması adı ilə pul istəmiş, güya alınmış evi satdıqdan sonra əlavə gəlir də verəcəkmiş. Həmin ərəfədə o, özünə məxsus nəqliyyat vasitəsini və qızına məxsus mənzili satdığı üçün əlində müəyyən məbləğdə pul vəsaitləri olduğu üçün onun borc istəməsinə müsbət cavab vermişdir. Cavabdeh onda ümumiyyətlə xoş təsir bağışladığından və etibarını qazandığından o, bu təklifə razılaşmışdır. İlk dəfə xx.xx.2020-ci ildə, daha sonra xx.xx.2020-ci ildə, daha sonra xx.xx.2020-ci ildə, son dəfə isə 2021-ci ilin fevral ayında hər dəfə fərqli məbləğlərdə olmaqla, cavabdehə ümumi 46 000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdehin hesablamalarına görə (dediyinə görə) bu məbləğin qarşılığında ona 100-120 min manat arasında məbləğ qaytarmalı imiş. (46 min dollar təxmini 78 min manat edir, cavabdeh bildirmişdir ki, borc götürdüyü məbləğin təxmini yarısı qədər də gəlir əldə etməlidirlər). O, ehtiyat edərək cavabdehdən“birdən işin alınmaz, pulumuz itkiyə gedər, onda necə qaytararsan?” sualını verdikdə isə, cavabdeh ona evini, avtomobilini göstərmiş və əmlakı hesabına borcunu qaytarmaq gücündə olduğunu bildirmişdir. 2021-ci ilin mart ayında pulu qaytarmağı vəd etsə də, cavabdeh vədinə əməl etməmişdir. Daha sonra aprel və may aylarında onunla ünsiyyətdən qaçmağa başlamış, telefonlara cavab verməmiş, ümumiyyətlə borclu olmadığını bildirmişdir. Buna görə də, o, hüquqmühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Onun şikayətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılarkən, görünür cavabdeh məsuliyyətdən qorxaraq borcun götürüldüyünü etiraf etmişdir və xx.xx.2021-ci il tarixdə İltizam verərək, pulların avqust ayında qaytaracağına vəd etmişdir. Həmin iltizamda 46 000 ABŞ dolları borclu olduğunu etiraf etmişdir və iltizamı verərkən 5000 manat borcundan qaytarmışdır (təxmini 3 min dollar edir). Hazırda cavabdehin 43000ABŞ dolları borcu var. İltizama gəldikdə, bildirmişdir ki, cavabdeh deyirdi ki, evi, maşını var və onları satıb pulu qaytaracaqdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdehin heç zaman daşınmaz əmlakı olmamış, avtomobilini isə onlar polisə müraciət edərkən 21 may 2021-ci il tarixdə artıq satmışdır və ona təkrar olaraq yalan məlumat vermişdir. O, bu məlumatları görəndən sonra anlamışdır ki, iltizamla vəd edilmiş müddətin gözlənilməsində hər hansı fayda olmayacaqdır, əksinə cavabdeh ölkəni tərk edə bilər.Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh onun xeyrinə 43000 ABŞ dolları məbləğində borcun, son bir il üçün 5% olmaqla, cəmi 2150 ABŞ dolları faiz borcunun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli, 2(011)-6461/2021 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində Cavabdeh tərəfindən 218.000 ABŞ dolları pulunun ələ keçirildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayına kimi olan müddət ərzində tanışı Gülnara Qamzayevadan borc olaraq hissə-hissə olmaqla ümumilikdə 117.000 ABŞ dolları pul alıb sonrakı müddətdə aldığı pulun 71.000 ABŞ dollarını qaytararaq qalan məbləği qaytara bilmədiyi üçün aralarında narazılıq yarandığına görə X6 Məmmədova barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş və bu barədə müraciət müəllifinə cavab verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazmadan (iltizamdan) görünür ki, Cavabdeh (Gülya xanımdan) Gamzayeva Gülnarədən 117400 dollar pul götürdüyünü, 18 min dolları martın 18-i, qalan pulu isə hissə-hissə qaytaracağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X1 ərizəsinə baxılmış, X4 izahatında ərizəsində yazdıqlarını təsdiq etmiş, Cavabdeh izahatında onun Gülnarəyə borcunun olduğunu, həmin məsələyə Xətai Rayon Məhkəməsi tərəfindən baxılacağı, pulun bir qismini qaytardığını, qalan hissəsini də qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla və cavabdeh tərəfindən yazılmış əlyazma ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən iddiaçı X2 alınmış borcdan 46000 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iddia tələblərindən kənara çıxmayaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla qismən təsdiq edildiyi üçün iddia qismən təmin edilməli, iddiaçının Cavabdeh tələb etdiyi 43000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “son bir il üçün 5% olmaqla, cəmi 2150 ABŞ dolları faiz borcunun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun tutulması” hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 43000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 50%, yəni 15 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-198/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-198/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver