Məhkəmə qərarları › İş №2(011)-1997/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1997/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1997/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 ABŞ dolları pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 162A, 33 saylı mənzil iddiaçının həyat yoldaşı X2 mülkiyyətindədir. İddiaçının həyat yoldaşının bacısı oğlu X10 ticarətlə məşğul olmasını və ona pul lazım olduğunu bildirərək, bunun üçün mənzili bank vasitəsilə ipoteka krediti ilə kreditləşdirərək bankdan pul götürmələrini onlardan xahiş etmişdir. İddiaçı qohum olduğu üçün ona razılıq vermiş, bu məqsədlə həmin vaxt olduğu Rusiya Federasiyasının Kazan şəhərindən həyat yoldaşının qardaşı X4 adına etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında X9, iddiaçının həyat yoldaşı X6 və bacısı oğlu X7 arvadı X8 birgə Bakı şəhəri 43 saylı Notariat Kontoruna gedərək 26 sentyabr 2007-ci il tarixdə mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlamış, mənzili “Nikoyl” banka girov qoyaraq 55250 manat məbləğində kredit götürmüşlər. Danışıq belə olmuşdur ki, Ramiz və Aynur birgə krediti qaytaracaq və iddiaçının mənzili ona geri qaytarılacaq. Lakin sonradan məlum olmuşdur ki, kreditin ödənilməsi üçün daha 25000 dollar vəsait tələb olunur, X10 və X8 mənzili geri qaytarmaq niyyətində deyillər və iddiaçıdan 25000 dollar vəsaiti də ödəməyini tələb edirlər. İddiaçı məcburiyyət qarşısında qalaraq həmkəndlisi olan X11 27 may 2015-ci il tarixdə 25000 dollar vəsait göndərmişdir. Həmin vəsaiti Şəki Əsgərov Bakı şəhərində Səməd Vurğun bağının yanında olan Zaminbankdan almış və Aynur Məhərrəmovanın yaşadığı evə gedib ona vermişdir. Bir müddət keçdikdən sonra həmin pulun Aynur Məmmədova tərəfindən mənimsənilməsi məlum olmuşdur. İddiaçı X11 və X5 qarşı 25000 dolların ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(012)-230/2018 saylı qətnaməsi ilə iddia tələbi X5 münasibətdə təmin edilmişdir. Belə ki, məhkəmədə gəlib şəxsən ifadə verən zaman Aynur həqiqətən həmin pulun X14 tərəfindən ona verilməsini etiraf etmişdir. Buna baxmayaraq, qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra Aynur Məmmədova həmin qətnamədən apelyasiya şikayəti vermiş, məhkəmədə dediklərini təhrif etmiş və pulun ona deyil, atası Cavabdeh verildiyini demişdir. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılan zaman ifadə verən X14 ona İddiaçı tərəfindən göndərilən pulu Aynur Məmmədovanın atası evinə apararaq Aynur və atası Cavabdeh birgə evdə olduqları zaman sonuncuya verdiyini demişdir. Həmin məhkəmədə ifadə verən zaman Aynur Məmmədova öz izahatında göstərmişdir ki, Şəki Əsgərov onun əri Ramiz Məmmədovun borclarının ödənməsi üçün atası Məhərrəmə pul vermişdir. Həmin pulun Şəki Əsgərova kim tərəfindən göndərilməsini bilmir. Daha sonra məhkəmədə şahid kimi dindirilmiş Cavabdeh ifadə verərək göstərmişdir ki, Şəki Əsgərov tərəfindən 19.500 manat pul vəsaiti qızı Aynura deyil, ona verilmiş, o isə həmin pulu qızının keçmiş həyat yoldaşı Ramiz Məmmədovun ona olan borcu hesabına göndərildiyini bilib qəbul etmişdir. Bunları əsas götürərək Sumqayıt Apelyasiya Məhkəməsi borcun X1 tutulması hissəsində qətnaməni ləğv etmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin kassasiya instansiyası da həmin hallara, yəni hazırkı borc münasibətlərində Aynur Məmmədovanın tərəf olmadığına və pulun əslində Cavabdeh tərəfindən qəbul edilməsinə istinad edərək, şikayəti təmin etməmişdir. Qeyd olunan məhkəmə aktlarından da görünür ki, mülki işin məhkəmə araşdırılması zamanı həqiqətən İddiaçı Aynur Məmmədovaya verilməsi üçün 25.000 ABŞ dolları göndərməsi, həmin pulun Şəki Əsgərov tərəfindən qəbul edilməsi və Aynurun atası hazırkı iş üzrə Cavabdeh verilməsi, sonuncunun isə Şəki Əsgərovdan həmin pulu qəbul etməsi tam təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehim etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X11 və X5 qarşı pul tələbi qismən təmin edilərək, X1 25.000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxtın Azərbaycan manatı məzənnəsinə ekvivalentinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Aynur Məmmədova məhkəmənin qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi qismən ləğv edilərək iddia tələbi cavabdeh X5 münasibətdə təmin edilməmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2186/2019 saylı iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda sadalanan məhkəmə qətnamələri ilə həqiqətən də İddiaçı Aynur Məmmədovaya verilməsi üçün 25.000 ABŞ dolları pulu göndərməsi, həmin pulun X14 tərəfindən qəbul edilməsi və X3 atası hazırkı iş üzrə Cavabdeh verməsi, Cavabdeh isə həmin pulu Şəki Əsgərovdan qəbul etməsi tam təsdiq olunmuşdur. Öncəki mülki işlərin baxılması zamanı məhkəmə iclaslarında şahid qismində dindirilmiş Cavabdeh öz izahatında Şəki Əsgərovdan 25.000 ABŞ dolları pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Məhkəmə qətnamələrin preyudisiallığına qiymət verərək Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (AR MPM-nin 82.3-cü maddəsi) Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə sadalananlara əsasən hesab edir ki, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə belə hesab edir ki, nə qədər ki yuxarıda istinad olunan qətnamələrdə cavabdeh pul vəaitini Şəki Əsgərovdan qəbul etdiyini özü etiraf etmişdir, Şəki Əsgərov isə cavabdehə verdiyi pulun iddiaçı tərəfindən göndərilmiş pul olduğunu etiraf etmişdir, hazırkı məhkəmə iclasında bu halların yenidən sübut edilməsi preyudisiallıq prinsipinin pozulması ilə nəticələnə biləcəyindən, həmin halların təkrar sübut edilməsi yolverilməz olduğundan onlar sübut edilmiş kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş halları və qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi təmin edilməli, Cavabdeh 25.000 ABŞ dolları pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınıb İddiaçı verilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, məhkəmə iclasında çıxış edən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 öz izahatında bildirmişdir ki, İddiaçı ilə onun hüquqlarını müdafiə etdiyi Cavabdeh arasında hər hansı tanışlıq olmamışdır. Cavabdeh qızı olan Aynur Məmmədovanın keçmiş həyat yoldaşı Ramiz Məmmədov həmin vaxt pulu İddiaçı verərək onun vasitəçiliyi ilə öz arvadı Aynura borclarını ödəmək məqsədilə göndərmişdir. Aynurun atası Cavabdeh həmin pulu Ramizin göndərdiyini zənn etdiyi üçün onu qəbul etmiş və elə Ramizin borclarının ödənilməsi üçün də sərf etmişdir. Lakin cavabdeh tərəf ifadəsində göstərdiyi halları sübuta yetirə biləcək hər hansı dəlili məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında bu hallar aşkarlanmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 218 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən 218 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 218 (iki yüz on səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar