Məhkəmə qərarları › İş №2(011)-200/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-200/2022

08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-200/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzil ünvanı Naximov küçəsi 13B, M 75 maddi ziyan, zərər miqdarında 500 azn qarşılanmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 24 fevral 2021-ci il tarixdə evinin yuxarı mərtəbəsində yerləşən Naximov küçəsi ev 13B 75 saylı mənzildən onun mənzilinə iri miqyasda su axını baş verib, dəhliz, mətbəx, sanitar qovşaq yararsız hala düşmüşdür, cavabdeh evdə olmadığı üçün daşqın bir neçə saat baş vermişdir, məhz bu daşqının səbəbi də cavabdehin mənzilində olan su təhcizat sisteminin zədələnməsidir, mənzilin sahibi laqeydlik göstərmiş və buna görə də su bir neçə saat axmışdır, cavabdeh ilə danışıqlar aparsa da, o buna qarşı da hərəkətsizlik göstərmişdir, ilk öncə məhkəməyə müraciət etmək istəməmişdir, ona demişdir ki, zərərin 50%-ini ödəsin məsələ həll olsun, Mənzil Kommunal İstismar sahəsindən də gəlib görmüşlər ki, ev pis gündədir, evi su basıb, 1-ci mərtəbəyə qədər su idi, evdə artıq qısa qapanmalar olurdu, buna görə 2 ay evdə yaşaya bilməmişdir, su cavbadehin mənzilindən axır, bunların nəticəsində mənzilimdə divar, tavan, elektrik xətti, mətbəx, dəhliz və rabitə xətti zədələnib, ekspertiza rəyində xərc artıq göstərilsə də, iddia tələbini müdafiə edir, cavabdehdən 500 manat maddi ziyanın əvəzi kimi pul ödənilməsini istəyir. Sonda İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, yerləşən Naximov küçəsi ev 13B 75 saylı ev hal hazırda onun adınadır, həmin evi Mənzil Kommunal İstismar sahəsində işləyən adamdan almışdır, o adam evdə problem ola-ola evi on satmışdır, alanda ona demişdir ki, su sistemində problem var, onu 1000 manata düzəldəcək amma düzəltməmişdir, evi 2 ildir nəvəsi üçün almışdır, o evdə də yaşamamışdır, su axıntısının səbəbi onun evi deyil, əsas səbəb 2 mərtəbə arasında olan əsas su xəttidir, həmin su xətti partlamışdır, hazırda həmin borudan onun da evinə su axır, onun da evindən iddiaçının mənzilinə su axır, hazırda iddiaçının tələb etdiyi pulu ödəməyə imkanı yoxdur, iddiaçı razılaşacağı halda ona 300 manat ödəməyə razıdır. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasının məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13b, mənzil 73 tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, bu barədə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2171 nömrəli reyestr kitabının 201127 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 10 nömrəli Mənzil-istismar sahəsinin rəisi tərəfindən verilmiş, mühəndis Nəsibov F, çilingər Rəhimzadə A., suvaqçı E.Ağarzayev tərəfindən imzalanmış 18 mart 2021-ci il tarixli Akt-dan görünür ki, Naximov küçəsi bina 13b mənzil 73-ün sahibi İddiaçı 24 fevral 2021-ci il ərizəsinə əsasən mənzilinə baxış keçirilmişdir, baxış zamanı həmin mənzilin Naximov küçəsi ina 13b, mənzil 75 ünvanında yaşıyan Cavabdeh məxsus məzilin hamam sahəsindən su axaraq 13 b məzil 73-ün mətbəxi, dəhlizin divar və tavanları, qonaq otağının tavanı, sanitar qovşağının tavanını yararsız hala salması faktı aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 11.02.2022-ci il tarixli 10/6922 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 73 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 75 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 73 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 13B saylı evin 73 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 75 saylı mənzildən su axıdıldığı və nəticədə 73 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur, aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Naximov küçəsində yerləşən 13B saylı evin 73 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 867 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Naximov küçəsində yerləşən 13B saylı evin 73 saylı mənzil İddiaçı, həmin ünvanda yerləşən 75 saylı mənzil isə Cavabdeh məxsusdur, iddiaçıya məxsus mənzildən yuxarı mərtəbədə yerləşən 75 saylı mənzildən su sızması nəticəsində həmin mənzilin tikililərinə ziyan dəymişdir, həmin hissənin təmir-bərpa xərcləri 867 manat təşkil edir, iddia tələbi cavabdehdən maddi ziyana görə 500 manat ödənilməsidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, əmlaka dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, maddi ziyanın məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edilməlidir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddianı 500 manat həddində müdafiə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən, iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar olan məsrəf qismində keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13b 73 saylı mənzilə vurulmuş maddi ziyana görə 500 (beş yüz) manat məbləğinə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar