Məhkəmə qərarları › İş №2(011)-2015/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2015/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2015/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı LPO İddiaçıASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçıASC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 760,45 – bundan 223,61 manat əsas, 504,98 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,86 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24.11.2014-cü il tarixli 917891 saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 223,61 manat məbləğində kredit xətti açılmışdır. 21.10.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 760,45 manat təşkil edir. Bundan 223,61 manat əsas, 504,98 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,86 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********541 saylı 22.10.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi R.H.Tağızadə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun banka heç bir borcu yoxdur, ümumiyyətlə bankla kredit müqaviləsi əsasında hər hansı bir borc götürməmişdir, maliyyə arayışı borcun yaranmasını təsdiq edən sənəd deyil, varsa da məhkəməyə təqdim etməlidirlər, çünki borcun yaranmasının əsası müqavilədən irəli gəlir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 02.11.2020-ci il tarixli **********412 saylı arayışdan görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24.11.2014-cü il tarixli, 917891 saylı kredit müqaviləsi üzrə Cavabdeh 223,61 manat əsas, 0 manat faiz, 504,98 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 31,86 manat borc olmaqla, ümumilikdə 760,45 manat məbləğində borcu vardır, müqavilənin müddəti 24.11.2014-cü il-24.11.2017-ci ildir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 22.10.2020ci ildə bildiriş göndərilməklə ondan 24.11.2014-cü il tarixli, 917891 saylı kredit müqaviləsinə əsasən borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərəfindən iş materialları əsasında, tərəflər arasında hər hansı bir kredit müqaviləsinin olmasını, borcun müqavilə öhdəliklərindən irəli gəlməsi, o cümlədən borcun ödənilməsi öhdəliklərinə dair hallar müəyyən olunmadı. Məhkəmə, iddia tələbi üzrə əsas borc məbləğinə münasibətdə hesab edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin o, cavabdehin müqavilə öhdəliklərinə, o cümlədən borcunun olmasını təsdiq edən hallara dair sübutları iş materiallarına əlavə etmədiyindən və belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əsas borc məbləği üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, əsas tələb təmin edilmədiyindən, iddia tələbi qalan hissədə də təmin edilməməlidir. Məhkəmə, maliyyə arayışına münasibətdə hesab edir ki, həmin sənəd rəsmi maliyyə sənədi olmamaqla, iddiaçının iddia tələbi üzrə dəlillərinin birtərəfli qaydada yazılı ifadəsidir ki, bu da iddia tələbinin təmin edilməsi üçün yetərli deyil. Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 223,61 manat əsas, 504,98 manat cərimə, 31,86 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) “Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 223,61 manat əsas borc, 504,98 manat cərimə borcu, 31,86 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar