Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2019/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-ninn ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cavabdeh X3 cəmi 20350,59 manat borc – bundan 9011,31 əsas, 5008,39 faiz, 5008,39 cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 1322,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “ İddiaçı-nin xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 27.12.2016-ci il tarixli 003T12160023 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16000 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Kredit xətti 27.12.2016-cı il tarixdən 27.11.2017-ci il tarixinədək açılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 20.10.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 20350,59 manat təşkil edir. Bundan 9011,31 manat əsas, 5008,39 manat faiz, 5008,39 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,50 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış 003T12160023 nömrəli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”-yə əsasən Cavabdeh “DəmirBank" ASC tərəfindən 16000 manat məbləğində kredit xətti açılmışdır. Kreditin istifadəsinə görə müştəri banka illik 19,2 faiz ödəyir. Kredit xətti 27.12.2016-cı il tarixdən 27.11.2017-ci il tarixinədək açılır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 20.10.2020-ci il tarixinə 9011,31 manat əsas, 5008,39 manat faiz, 5008,39 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1322,50 manat, ümumilikdə 20350,59 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehə banka olan borc məbləğini tam olaraq 3 gün müddətinə ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İş materiallarında olan Cavabdeh kredit kart hesabından çıxarışdan görünür ki, borclu kredit üzrə son ödənişi 2017-ci ilin noyabr ayında etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.08.2021-ci il tarixli, 9/2806 nömrəli rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış 003T12160023 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablandı. İddiaçı ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış 003T12160023 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanan faiz borcu 1305,32 manat məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış 003T12160023 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 27.11.2017-ci il və 20.10.2020-ci il tarixə İddiaçı-yə olan borcu 27.11.2017-c il tarixə əsas kredit borcu 8510,31manat, faiz borcu 1516,67 manat, 20.10.2020-ci il tarixə əsas kredit borcu 9011,31 manat, faiz borcu 2821,99 manat təşkil edir. Aparılmış tədqiqatın nəticəsi 100 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faiz və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 20 noyabr 2017-cı il tarixində edildiyi və kredit xətti üzrə müddətin 27.11.2017-ci il tarixində bitdiyinə baxmayaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə 28.12.2020-ci il tarixində müraciət etmişdir. Bununla da iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir Məhkəmə iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia qalan hissələrdə təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə də iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməli və iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-ninn ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı cavabdeh X3 cəmi 20350,59 manat borc – bundan 9011,31 əsas, 5008,39 faiz, 5008,39 cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 1322,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “ İddiaçı-nin xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. İddiaçı olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 170032662, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2019/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2019/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver