Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2021/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı LPO İddiaçıASC-nin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçıASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “borcun tutulmasına” dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 697,71 manat əsas, 467,58 manat faiz, 467,58 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 106,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20.11.2015-ci il tarixində, 70027289 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə gündəlik tələbat məqsədi ilə illik 23 faiz olmaqla, 24 ay müddətinə 9300 manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq X5 ilə 20.11.2015-ci il tarixli zaminıik müqaviləsi bağlanmışdır, 70027289 saylı kredit müqaviləsinin bitmə tarixi 20.11.2017-ci ildir, lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina etmişlər, cavabdehin 21.10.2020-ci il tarixinədək banka 697,71 manat əsas, 467,58 manat faiz, 467,58 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 106,60 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcu yaranmışdır, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehlərə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir, iddia müddətinin tətbiq edilməsinə münasibətdə isə hesab edir ki, 3 illik iddia müddətini gözləməklə bankın məhkəməyə müraciət etmək üçün son tarixi 20.11.2020-ci il olsa da, ölkəmizdə və dünyada yayılan “Koronavirus” pandemiyası nəticəsində tətbiq edilən sərt karantin rejiminə görə məhkəməyə müraciətdə gecikmişlər. Sonda iddiaçının nümayəndəsi H.F.Həsənli iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 10.02.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, bankla kredit müqaviləsi bağlamışdır, həmin müqaviləyə əsasən ona kredit verilmişdir, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə borcun yaranmasına dair sübutları məhkəməyə təqdim etməmişdir, kredit müqaviləsinin bitmə tarixi 20.11.2017-ci ildir, müqavilə tələbləri üzrə iddia müddəti kimi 3 il müəyyən olunmuşdur, müvafiq tələblə müraciət etmək üçün son tarix 20.11.2020-ci il olsa da iddiaçı iddia müddətini ötürərək məhkəməyə 2021-ci ilin yanvar ayında müraciət etmişdir, iddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etdiyindən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməlidir, həmçinin zaminlik müqaviləsi şərtlərinə əsasən də müqavilə üzrə öhdəliyin icra edilməsinin son tarixi 20.11.2018-ci il tarixi olduğundan zaminlik müqaviləsinə də xitam verilməlidir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20.11.2015-ci il tarixində, 70027289 saylı kredit müqaviləsi bağlanmışdır, müqavilə üzrə “Kreditor” “Borcalana” illik 23 faiz olmaqla, 24 ay müddətə, 9300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.11.2020-ci il tarixli arayışdan görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında arasında 20.11.2015-ci il tarixli, 70027289 saylı kredit müqaviləsi üzrə Cavabdeh 697,71 manat əsas, 467,58 manat faiz, 467,58 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 106,60 manat borc olmaqla, ümumilikdə 1739,47 manat məbləğində borcu vardır, müqavilənin müddəti 20.11.2015-ci il-20.11.2017-ci ildir. İş materiallarında olan 20.11.2015-ci il tarixli, 70027289/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X5 ilə həmin kredit müqaviləsi üzrə 9300 manat təşkil edən kredit məbləğinin zaminliklə təmin edilməsi barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 5.1.4-cü maddəsinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Kreditorun Zaminə və Zaminlərə qarşı iddia sürülmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 28.12.2020-ci ildə bildiriş göndərilməklə ondan 20.11.2015-ci il tarixli, 70027289 saylı kredit müqaviləsinə əsasən borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 9300 manat məbləğində kredit verilməsini nəzərdə tutan müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən kreditin müddəti 20.11.2017-ci il tarixədək təyin olunmuşdur, kredit müqaviləsinin müddətinin son tarixi 20.11.2017-ci ildir, bu müqaviləyə əsasən cavabdeh həmin məbləğdə pulu iddiaçıdan qəbul edərək götürmüşdür, İddiaçı ASC, X5 arasında 9300 manat məbləğində pulun zaminliklə təmin edilməsi barədə müqavilə bağlanmışdır, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix 20.11.2020-ci ildir, iddiaçı qeyd edilənlər tərəflər arasında işin mübahisəsiz hallarıdır. Bununla belə, zaminlik müqaviləsi üzrə zaminin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı kreditor tərəfindən iddia irəli sürülməsinə və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının iddia müddətinin tətbiqinə dair ərizənin rədd olunması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə iddia müddətinin bitdiyi 20.11.2020-ci il tarixdən iddia ərizəsinin verildiyi tarixə qədər şərbəst iş günləri mövcud olduğundan müraciət etmək imkanı olmuş və iddia ərizəsinin verilməsinin digər vasitələrindən (şikayətin elektron qaydada verilməsi və s.) istifadə edilməklə iddia ərizəsinin məhkəməyə təqdim edilməsi mümkün olmuş, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavəsi ilə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısında təsbit olunmuşdur. Qeyd edilənlər isə iddia ərizəsinin iddia müddəti çərçivəsində verilməsinin mümkün olması barədə nəticəyə gəlmək üçün kifayət edir. Digər tərəfdən, iş materiallarından ərizənin iddia müddəti dövründə elektron məhkəmə sistemi vasitəsilə verilməsini istisna edən hallar görünmür, halbuki, iddiaçı hazırda bu vasitədən istifadə etməklə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin göstərilən səbəbləri üzrlü hesab edilə bilməz. Məhkəmə, onu da qeyd edir ki, zaminlik müaviləsinə əsasən, zaminin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia sürmədiyi halı zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilən hal kimi müqavilədə göstərildiyindən və LPO İddiaçı ASC tərəfindən Z.Y.Sultanova qarşı 20.11.2017-ci il tarixindən 1 il müddətində, yəni 20.11.2018-ci il tarixinədək iddia irəli sürülmədiyindən, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh və X2 qarşı, “cavabdehlər Cavabdeh və X1 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 697,71 manat əsas, 467,58 manat faiz, 467,58 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 106,60 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2021/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2021/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver