Məhkəmə qərarları › İş №2(011)-2026/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2026/2023

17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2026/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş pul miqdarının artırılaraq, ayda 220 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 17 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, daha sonra münasibətləri pozulduğundan, aralarında olan nikah Xətai rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur, Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əlavə xərclər daxil olmaqla, cəmi 180 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, məhkəmənin həmin qətnaməsi ilə tutulan 100 manat aliment hal-hazırda uşağın saxlanılması üçün aylıq yaşayış yaşayış minimumunu təmin etmir, cavabdeh uşağın təhsili, sağlamlığı, təlim-tərbiyəsi ilə qətiyyən maraqlanmır, köməklik göstərmir, iddiaçı işləmir, uşağına baxır, o, tək başına maddi cəhətdən uşağı böyütməkdə çətinlik çəkir, bu baxımdan alimentin artırılması zərurəti yaranmışdır, hal-hazırda iddiaçı cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını istəyir, cavabdehin valideyn kimi öhdəliyi vardır, o musiqiçi işləyir, kifayət qədər gəliri var, uşağın xərcləri çoxdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə 17 il əvvəl boşanmışdırlar, 9 ildir ki uşağını görmür, uşağını görmək üçün axtarış vermiş, polisə müraciət etmişdir, iddiaçı və ailəsi Almaniyada yaşayır, onların gəlirləri çoxdur, evləri və maşınları var, imkanları yaxşıdır, vəkil tuturlar, özü isə sadə adamdır, pandemiya dövründə alimentə görə borcu yığılmışdır, arada iddiaçı ilə barışıq olur, borc silinir, lakin daha sonra iddiaçı yenidən alimentlə bağlı məhkəməyə müraciət edir, hazırda özü 2 yerdə işləyir, 400 manat maaş alır, evlidir, həmin nikahdan övladı yoxdur, atası xəstədir, kirayədə qalır, 180 manat aliment ödəyir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1599/2007 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və hər ay 80 manat sabit pul məbləğində əlavə xərclərə görə alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZE seriyalı 12594965 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Rüstəmov Murad xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası Rüstəmova Lalədir. İş materiallarında olan 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/xx/xx/0029 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil sessiyada iştirak etmiş, Cavabdeh iştirak etməmişdir, İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 6725/2022 saylı Qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, “Rəfail-A” kiçik müəssisəsində musiqiçi vəzifəsində işləyir, əmək haqqı 300 manatdır. Həmin Qətnamə ilə İddiaçı Cavabdeh qarşı “Xətai rayon Məhkəməsinin 2(011)- 2992/2012 saylı, xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X1 müəyyən edilmiş pul miqdarının artırılaraq ayda 193 manat məbləğdə alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh, “Rəfail-A” kiçik müəssisəsində musiqiçi – instrumentalçı vəzifəsində, "xxxx" MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 345 manat və 500 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçınən qüvvədə olan əmək müqaviləsi yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 20 noyabr 2006-cı il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Xətai rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli 2(011)-2992/2012 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 100 manat sabit pul məbləğində aliment və hər ay 80 manat sabit pul məbləğində əlavə xərclərə görə aliment tutulması qət edilmişdir, cavabdeh hazırda “Rəfail-A” kiçik müəssisəsində musiqiçi – instrumentalçı vəzifəsində, "xxxx" MMCdə marketinq üzrə mütəxəssis vəzifəsində işləyir, əmək haqqı müvafiq olaraq 345 manat və 500 manatdır, iddiaçı işləmir, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onun əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin maddi vəziyyətində olan yaxşılaşma hallarını, onun peşəsini və 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir...Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün nəzərdə tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, hazırki iddia tələbi təmin edildiyindən, cavabdehin isə dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusunun 1000 manatdan 10000 manatadək (120 x 12 = 1440 manat) olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 34,40 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2992/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 20 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34 (otuz dörd) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar