Məhkəmə qərarları › İş №2(011)-2032/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2032/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2032/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ona «Yuvam Mobilya» mebel şirkətindən yataq və qonaq otağı mebel dəstlərini satmaq barədə yalan vəd verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan vahid niyyətlə xx.xx.2020-ci il tarixdə saat 21:44-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə 100 manat, 21 may 2020-ci il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsindəki evində 1900 manat, 22 may 2020-ci il tarixdə saat 21:44-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə 1000 (bir min) manat, 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə 1000 (bir min) manat, 14 sentyabr 2020-ci il tarixdə saat 09:39-da Neftçala şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «Ruzi market»-də yerləşən E-manat ödəniş terminalı vasitəsi ilə 500 (beş yüz) manat, 25 oktyabr 2020-ci il tarixdə saat 17:48-də, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fəaliyyət göstərən «Nihat market»-də yerləşən, MilliÖn ödəniş terminalı vasitəsi ilə 1000 (bir min) manat, ümumilikdə vahid niyyətlə 5500 (beş min beş yüz) manat məbləğində, xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir.

2. Cinayət işi üzrə istintaq gedişində 1000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı 4500 manat pul məbləği və tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ildə onunla cavabdeh arasında 5500 manat dəyərində cehizlik mebel alqı-satqısı barədə razılıq əldə edilmiş və qeyd edilən məbləğ sonuncuya nağd və təqdim etdiyi kart hesablarına mədaxil etmə yolu ilə ödənilmişdir. Sonradan cavabdeh tərəfindən etibarından sui-istifadə edilməklə ona qarşı dələduzluq edilmiş və ödədiyi məbləğ qarşılığında verilən vədlər yerinə yetirilməmişdir. Buna görə də onun barəsində 2021-ci ildə şikayətlə müvafiq polis orqanına müraciət edilmiş, cavabdeh ona qarşı etdiyi dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin Neftçala Rayon Məhkəməsinin l(053)-l/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi ilə bəraət verilmişdir. Qeyd edilən hökmdən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, məhkəmənin 1-(106)-616/2023 saylı, xx.xx.2023-cü il tarixli ittiham hökmü ilə Neftçala Rayon Məhkəməsinin mübahisələndirilən hökmü ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İş ibtidai istintaq dövründə olanda ondan mənimsənilən pul 1000 manat həcmində geri qaytarılmış, lakin qalan 4500 manat məbləğ hələ də geri qaytarılmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

9. Maddə 21.1 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

20. İşin materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 616/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

21. Həmin qərardan da görünür ki, cavabdeh mebelin alqı-satqısı məqsədilə 5500 manat pulu iddiaçıdan aldığını bildirmişdir.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus pulu ələ keçirməklə ona maddi zərər vurduğundan və ziyanı vurmaqda cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən iddia təmin edilməlidir.

23. Məhkəmə həmçinin iddianın 65 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 4500 manat məbləğində pul vəsaiti və 65 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar