Məhkəmə qərarları › İş №2(011)-2036/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2036/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2036/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı Heidaran Mehdinin, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, tərcüməçi X3 iştirakı ilə, İddiaçı Heidaran Mehdinin cavabdehlər Bakı şəhəri 6 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Heidaran Mehdi cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv olunması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə aralarında Bakı şəhəri 6 saylı Notariat ofisində 08.07.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında Bakı şəhəri 6 saylı Notariat Kontorunda 08.07.2021 -ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən guya o, Cavabdeh2 7.000 manat məbləğində borc pul almışdır. Əslində isə belə bir hal olmayıb. Belə ki, Cavabdeh2 ilə xeyli müddətdir ki, tanışdır. Cavabdeh2 ondan əlborcu olaraq 7.000 manat istəmiş, o da kömək məqsədi ilə bu pulu vermişdir. Verərkən ondan balaca da olsa bir sənədin verilməsini xahiş etmiş, o da öz növbəsində bildirmişdir ki, heç bir narahatçılıq yoxdur. Bundan sonra o bildirmişdir ki, onun tanış notariusu var və onun yanında lazım olsa bir rəsmi sənədi verər. 7.000 manatı Cavabdeh2 verdikdən sonra onun tanışı olan və Bakı şəhərində yerələşən Notariusun yanına gemişlər və qısa bir zaman ərzində şəkilini çəkərək müqavilə verdilər. Müqavilənin fars dilində tərtib edilməsini və Azərbaycan dilində müqaviləni başa düşmədiyini deyəndə ona Cavabdeh2 bildirmişdir ki, burda problem yoxdu, 3-4 aya pulunu qaytaracaq. Bundan sonra mahiyyəti bəlli olmayan müqaviləni götürüb özündə saxlamış və elə bilmişdir ki, bu müqaviləyə əsasən Cavabdeh2 ona 7.000 manat borcludur. Bu yaxınlarda polis tərəfindən ona məlum olmuşdur ki, Cavabdeh2 onunla bağladığı müqavilədə ona borcunun olması əvəzinə onun, Cavabdeh2 borcunun olması göstərmişdir. Göründüyü kimi Cavabdeh2 onu aldatmış, ona olan inamından istifadə edərək saxta bir müqavilə düzəltdirmişdir. Amma əslində Cavabdeh2 borc pul arlamışdır. Aralarında bağlanmış kredit müqaviləsi əslində yalançı əqd olmaqla başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. Yəni Cavabdeh2 ona olan borcunu danmaq məqsədi ilə bu müqaviləni bağlamışdır. Müqavilə bağlanarkən ona məqsədyönlü şəkildə tərcümə edilmiş müqavilə təqdim edilməmişdir. Pulunu tələb etməyə başlayanda Cavabdeh2 da ondan bu yolla pul tələb etməyə başlamışdır. Məhkəmə iclasında iddiaçı Heidaran Mehdi iddia ərizənin məzmununa uyğun izahat verib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də, cavabdehlə iddiaçı arasında 08.07.2021-ci il tarixdə 6 saylı notariat kontorunda borc müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən iddiaçıya 7000 manat borc verilmiş və o, həmin borcu 08.10.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığına görə o, cavabdeh icra qeydinin verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və icra qeydi yazılaraq icraya yönəldilmişdir. Lakin, icra mərhələsində iddiaçı qaçıb gizləndiyindən, onun barəsində axtarış elan edilmişdir. İddiaçı uzun müddətdir ki, cavabdehin nömrələrini qara siyahıya salmışdır. Cavabdehin iddiaçıya zəng etməsi belə mümkün deyildir. Yalnız bundan sonra O.İbrahimov borc məbləğini ödəməkdən və icra məmurunun tələblərindən yayınmaq, vaxt udmaq məqsədi ilə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tamamilə əsassızdır, ona görə də, rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhərı̇ 6 saylı notarı̇ at kontoruna qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdeh Bakı şəhərı̇ 6 saylı notarı̇ at kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borc verən Cavabdeh2 ilə borc alan Heidaran Mehdi arasında 08.07.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 7000 manat faizsiz borc vermiş və borc alan isə həmin borcu 08.10.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X4 təsdiq edilərək reyestrdə 3M- 1434 nömrə ilə qeydə alınmışdır. Notariat işində olan 08.07.2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Heidaran Mehdiyə verilməsi üçün 7000 manat pul vəsaiti "xxxx" ASC-nin 4 saylı filialına təhvil verilmişdir. "xxxx" ASC-nin 08.07.2021-ci il tarixli,126440 nömrəli çekinin surətindən görünür ki, Heidaran Mehdi şəxsən imza edərək 7000 manat pul vəsaitini təhvil almışdır. İş materiallarında olan 16.11.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh2 xeyrinə Heidaran Mehdidən vaxtında ödənilməmiş 7000 manat tutulsun. İş materiallarında olan Abşeron rayon İcra şöbəsinin icra məmuru X1 borclunun axtarışı haqqında 08.12.2021-ci tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri 6 saylı Notariat Kontorunin 12304 nömrəli, 17.11.2021-ci il tarixli icra sənədi üzrə borclu Heidaran Mehdinin yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, barəsində axtarış elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11.02.2022-ci il, 3(012)-266/2022 saylı qərarının surətindən görünür ki, 21,09.1969-cu il tarixdə İsfahan şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Heidaran Mehdi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraat şəxs qaçıb gizləndiyindən dayandırılmış, X5 rayon məhkəməsinə gətirilməsi, qərarın icrasının Abşeron Rayon Polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş üzrə məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Heidaran Mehdi Cavabdeh2 ilə aralarında bağlanmış 08.07.2021-ci il tarixdə kredit müqaviləsinə əsasən, 7000 manat borc almış və həmin borcu 08.10.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin məbləği 08.07.2021-ci il tarixli,126440 nömrəli çekə əsasən Heidaran Mehdi şəxsən imza edərək təhvil almışdır. Borc vaxtında qaytarılmadığından, 16.11.2021-ci il tarixli icra qeydi verilmiş və icraya yönəldilmişdir. Bundan sonra Abşeron rayon İcra şöbəsi və Abşeron Rayon Məhkəməsi tərəfindən müvafiq qərarlar qəbul edilərək, borclu Heidaran Mehdi barəsində barəsində axtarış elan edilmişdir. Yalnış bundan sonra Heidaran Mehdi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan kredit müqaviləsini və icra qeydini mübahisələndirmişdir. Məhkəmə iddiaçının azərbaycan dilini bilməməsi, bu səbəbdən də, borc müqaviləsində özünün borcalan kimi göstərilməsi barədə məlumatının olmaması barədə mülahizələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr iş materialları ilə tamamilə təkzib olunmaqla özünümüdafiə xarakteri daşıyır. Belə ki, iddiaçının müqavilə bağlanan gün, yəni 08.07.2021-ci il tarixdə "xxxx" ASC-nin 4 saylı filialında qəbzə imza etməklə 7000 manat məbləğində pulu götürməsi onun iddiasının əsası təşkil edən müqavilə üzrə borcverən olması və dili bilməməsi nəticəsində borcalan kimi göstərilməsindən məlumatının olmaması barədə dəlillərinin tamamilə əsassız olmasının birbaşa sübutudur. Belə olan halda, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı Heidaran Mehdi Cavabdeh2 ilə aralarında 08.07.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv olunması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Heidaran Mehdinin cavabdehlər Bakı şəhəri 6 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı Cavabdeh2 ilə aralarında Bakı şəhəri 6 saylı Notariat ofisində 08.07.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar