Məhkəmə qərarları › İş №2(011)-206/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-206/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-206/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən LS0154825 saylı müqaviləyə əsasən müddət üşün vaxtında ödənilməmiş 7419,87 manat borcun İddiaçı tutularaq Cavabdeh ASC-nin xeyrinə tutulması barədə 10.01.2020-ci il tarixli 8i-80 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 17.06.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə 2014-cü ildə bağladığı LS0154825 saylı müqavilə əsasında əsassız qaydada hesablanmış 7419,87 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. 08.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ASC 2020-ci il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontoruna müraciət edərək Bank of Baku ilə rəsmiləşdirilmiş müqavilə üzrə 7419,87 qəpik pul vəsaitinin ondan alınaraq Cavabdeh ASC-yə ödənilməsinə dair icra qeydi verilməsini xahiş etmişdir, lakin o, ümumiyyətlə Bankdan hər hansı faizlə pul vəsaiti almamışdır, o cavabdehlə 2012-ci il tarixində müqavilə bağlamışdır, 7 il keçdikdən sonra isə Bank, borcun tutulmasına dair məhkəməyə də deyil Notariat kontoruna müraciət etmişdir, borcla bağlı Bank tərəfindən tərtib olunmuş maliyyə arayışı sübut kimi sayıla bilməz, çünki bu sənədlə hansı borca hansı faizlə borc hesablanması da məlum deyildir, cavabdeh qeyd edir ki, o, 6463 manat da əlavə kredit götürmüşdür, lakin bu məlumat tamamilə yanlışdır, ümumiyyətlə heç bir kredit müqaviləsinə imza etməmişdir, o bu miqdarda pulu görməmiş, istifadə də etməmişdir, yazılmış bu borc şişirdilmişdir və tamamilə əsassızdır, ümumiyyətlə bu məbləğ necə hansı məbləğdən əmələ gəlib anlaya bilmir, həmçinin bu borcdan xəbəri olmamışdır, 2020-ci ilin mart ayının sonunda ona Xətai Rayon İcra şöbəsindən zəng olunduqdan sonra məlumatı olmuşdur ki, onun barəsində icra qeydi vardır, bu səbəbdən may ayında İcra Şöbəsinə müraciət edərək bildiriş və məktubu almaqla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçının qeyd etdiyi müqavilə 2014-cu il tarixli LS-kredit müqaviləsidir, yaranmış borc da bu müqavilə ilə bağlıdır, bu kredit müqavilə ilə bağlı olan kredit növü deyildir, onun alınma qaydası nisbətən başqa cürdür, bu zaman tərəflə əlavə müqavilə bağlanmır, belə ki, bu Dostlar Klubuna məxsus kreditdir, tərəf banka fiziki olaraq özü müraciət etdikdə və ya müvafiq nömrəyə SMS atdıqdan sonra şəxsin eyniləşdirilməsi aparılır və sonra bu təsdiq olunarsa, onun balansına əlavə kredit məbləği yüklənir, yəni iddiaçıya əlavə olaraq 6463 manat pul yüklənmişdir, yaranmış borc, habelə icra qeydi barədə bildiriş də bununla bağlı olmuşdur. Nümayəndə həmçinin bildirdi ki, kredit müqaviləsi üzrə ekspertin gəldiyi nəticə ilə razılaşır, borc məbləğinin 5012,73 manat həddində müəyyən olunmasına etiraz etmir. Sonda M.M.İsmayılov qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.01.2020-ci il tarixli 8i-80 nömrəli notariat icra qeydinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 36 saylı Notariat kontorunun xüsusi notariusu X3 tərəfindən “Notariat haqqında” AR qanununun 76-cı maddəsinə əsasən, Cavabdeh ASC-nin xeyrinə İddiaçı LS0154825 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7399,87 manat və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 7419,87 manat tutulması təklif edilmişdir. İş materiallarında olan Cavabdeh ASC və İddiaçı arasında bağlanmış R-BS- DK031653/12 nömrəli 24.10.2012-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı 150 AZN məbləğində bərpa olunan kredit xətti təklif olunmuşdur. İş materiallarında olan 24.10.2012-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı **********474373 nömrəli kartı təhvil almışdır. İş materiallarında olan 23.10.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı LS0154825 saylı sənəddən irəli gələrək 3554,49 AZN əsas, 3635,27 AZN faiz borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 08.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh ASC-yə 16.05.2017-ci il tarixə 3503,78 manat əsas, 1239,81 manat faiz, 50,71 manat cərimə borcu olmaqla, cəmi 4794,30 manat, 08.02.2021-ci il tarixə 3503,78 manat əsas, 3859,02 manat faiz, 36,67 manat cərimə borcu olmaqla cəmi 7399,47 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 12.12.2020-ci il tarixli 4/1020 saylı rəydən görünür ki, Cavabdeh ASC və İddiaçı arasında bağlanmış R-BS-DK031653/12 nömrəli 24.10.2012-ci il tarixli razılaşmanın sağ aşağı küncündə kredit alan qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 09.06.2021-ci il tarixli 9/1237 saylı rəydən görünür ki, Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 16.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə 16.05.2017-ci il tarixdən 10.01.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-yə olan borcu ümumilikdə 5012,73 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 3508,48 manat, faiz borcu üzrə 1504,25 manat. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında İddiaçı 150 AZN məbləğində bərpa olunan kredit xətti təklif edən R-BS- DK031653/12 nömrəli 24.10.2012-ci il tarixli razılaşma bağlanmışdır, bank müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, İddiaçı kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş ödənişləri yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. Bununla belə, borcun müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 16.05.2014-cü il tarixli, kredit müqaviləsi üzrə ekspert rəyini sübut kimi qəbul edərək, iddiaçının müqavilə üzrə hesablanmış borcunu həmin rəyin nəticə hissəsində hesablanmış əsas borc üzrə 3508,48 manat, faiz borcu üzrə 1504,2 manat olmaqla, ümumilikdə 5012,73 manat həddində müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış 7419,87 manat borcdan 2407,14 manat silinməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 16.05.2014-cü il tarixli LS0154825 saylı müqavilə üzrə hesablanmış 7419,87 manat borcdan 2407,14 manat silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı 16.05.2014-cü il tarixli LS0154825 saylı müqavilə üzrə hesablanmış 7419,87 manat borc məbləğindən 2407 (iki min dörd yüz yeddi) manat 14 (on dörd) qəpik silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar