Məhkəmə qərarları › İş №2(011)-2073/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2073/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2073/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin ondan borc aldığı 3200 manat məbləğində pulun cavabdehdən tutularaq ona geri ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc pul almışdır. 04.02.2018-ci il tarixində cavabdeh aldığı 3200 manat borc pulu etiraf edərək 3200 manat məbləğində borcu 3 ay ərzində qaytaracağı barədə yazılı öhdəlik götürmüşdür. Cavabdeh aldığı borc pulu qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. O, əvvəldən tanıdığı və hazırki iddia ərizəsi üzrə cavabdehə ehtiyacı olduğundan 3200 (üç min iki yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh 3 ay ərzində borc pulu ona hissə-hissə qaytaracağını söz vermişdir. Eləcədə cavabdeh şəxslə ona olan borcunu ödəməkdə yazılı sənəd üzərində müqavilə bağlanmışdır. Cavabdehlə əlaqə saxlayaraq ondan borc məbləğini ödəməsini tələb etmişdir. O isə ondan əlavə vaxt verməyini istəmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək süni süründürməçiliyə yol vermiş və borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Belə ki, bugünədək cavabdehdən pulun ödənilməsini tələb etsə də, onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri üzündən ondan borc aldığı 3200 (üç min iki yüz) manat pul məbləğində maddi ziyan dəymişdir İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddiaçıdan 3200 manat məbləğində borc aldığını etiraf edərək bildirdi ki, işdən çıxdığına görə borcu ödəyə bilmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Cavabdehin iddiaçıdan borc pul alması, lakin pulu alan zaman onların arasında yazılı müqavilənin bağlanmaması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2-ci maddə). Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, müqavilənin formasına əməl olunmaması, əgər bu borc alan tərəfindən mübahisələndirilərsə, qaldırılan iddianın uğurlu olmasını istisna etmiş olur. Lakin məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş qaydada borc müqaviləsinin yazılı formada bağlanmasının məcburi olması borc verəni gələcəkdə borcun verilməsini sübut etmək yükündən azad etmək məqsədi daşıyır. Lakin işin mübahisəsiz halıdır ki, borcun məbləği 3200 manat olsa da, tərəflər arasında Mülki Məcəllənin 740-cı maddəsinin tələb etdiyi halda, yazılı borc müqaviləsi bağlanmasa da, iş materialları ilə müəyyən edilir ki, cavabdeh 04.02.2018-ci il tarixdə yazdığı “qəbz”lə iddiaçıdan aldığı borcu etiraf etmiş, borcu qaytaracağı barədə yazılı öhdəlik götürmüş, yazılı öhdəlikdə borcun məbləğini (3200 manat), borcun qaytarılması şərtlərini açıq formada göstərmişdir. Göründüyü kimi, edilmiş bu etiraf iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3200 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçıa ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar