Məhkəmə qərarları › İş №2(011)-2099/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2099/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2099/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “müqavilə üzrə faizlərin dayandırılması və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT MMC arasında bağlanmış 15 mart 2019-cu il tarixli, 828/2 saylı kredit müqaviləsinə xitam verilməsi və 2020-ci ilin mart ayından bu günə qədər hesablanmış faiz məbləğlərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT MMC ilə iddiaçının arasında bağlanmış 15 mart 2019-cu il tarixli, 828/2 saylı kredit müqaviləsinə əsasən bank iddiaçıya 83.000 manat məbləğində kredit vermişdir. Eyni zamanda, həmon müqavilənin təminatı olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.7 kv.m olan 31,32,33 saylı mənzil 15 mart 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Həmin kredit müqaviləsi üzrə aylıq ödəniş olan 3.256,33 manatı iddiaçı ipotekada olan əmlakda yerləşən obyektin fəaliyyətindən gələn gəlir hesabına ödəmişdir. Lakin son zamanlar dünya miqyasında baş vermiş qlobal pandemiya, Covid 19 virusu ilə mübarizənin Azərbaycana göstərmiş olduğu təsir nəticəsində iddiaçının işlərində durğunluq yaranmış və nəticədə öz gəlirindən məhrum olmuşdur. 2020-ci ilin mart ayına qədər, yəni müvafiq qərar qəbul olunana qədər iddiaçının ödənişlərində heç bir problem olmamışdır. Lakin 9 aydır ki, iddiaçı tərəfindən qeyd olunan kredit öhdəliklərinin yerinə yetirilməsi üçüm heç bir addım atılmır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsinə baxmayaraq bank olmayan kredit təşkilatı tərəfindən kredit borcunun tutulması ilə əlaqədar heç bir tədbir görülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılıb iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlə aralarında kredit və ipoteka müqavilələrinin bağlanılmasına istinad etmiş və cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinə xitam verilməsini və 2020-ci ilin mart ayından bu günə qədər hesablanmış faiz məbləğlərinin silinməsini tələb etmişdir. Lakin iddiaçı iddia tələbinin əsasını təşkil edən hallar barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qanunvericilik normalarına istinad edərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh təşkilat ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, o, cavabdeh təşkilat tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını sübuta yetirəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmiş və bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “müqavilə üzrə faizlərin dayandırılması və müqaviləyə xitam verilməsi” barədə tələbi rədd edilsin. İddiaçı X2 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar