Məhkəmə qərarları › İş №2(011)-210/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-210/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-210/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi zamanı vurulmuş maddi zərərin ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – avtomobilin bərpası üçün çəkmiş olduğu xərcin əvəzi kimi 16625 manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09:20 radələrində idarə etdiyi mülkiyyətində olan Mercedes C klass markalı, 77CX887 dövlət qeydiyyat nişanlı avtomobili ilə Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi ilə üzbəüz, Qurd Qapısı istiqamətində orta zolaqla təqribən 40/45 km sürətlə hərəkət etdiyi zaman Mercedes ML markalı, 77FH505 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşmaqla onun avtomobilinə arxadan vuraraq yararsız hala salmışdır. Nəticədə boyun və diz xəsarətləri almağı ilə yanaşı, əmlakını yararsız hala salmaqla ona maddi ziyan vurmuşdur. Hadisə yerinə gəlmiş X3 şöbəsinin əməkdaşı X1 tərəfindən Cavabdeh barəsində AR-nın İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək ona TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati qaydada tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə qanunsuz və ədalətsiz qərardır. Belə ki, hadisə olduqdan sonra polis əməkdaşı tərəfindən iddiaçının avtomobilinə baxış keçirilməmiş, onlar tərəfindən iddiaçının izahatı alınmamış və həmin sözü gedən qərarın qəbul edilməsi ilə əlaqədar ona heç bir məlumat verilməmişdir. Toqquşma nəticəsində avtomobilinə vurulmuş zərərin aradan qaldırılması, yəni avtomobilin hadisə baş verən ana kimi olan vəziyyətə gətirilməsi üçün sığorta şirkəti tərəfindən avtomobilə baxış keçirilmədən, yalnız iddiaçının onlara “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi şəkillər əsasında qüsur aktı tərtib edilmiş və həmin aktda avtomobilinə dəymiş ziyanın 9965 manat məbləğində olduğu qeyd edilmişdir. Lakin iddiaçı bu aktla razılaşmadığını və avtomobilin detallarının həddində artıq baha olduğunu bildirmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya ümumilikdə 4850 manat məbləğndə pul ayrılmışdır. Sığota şirkəti tərəfindən iddiaçıya 4850 manat məbləğində ödəniş edilsə də, bu əmlakının bərpası üçün çəkdiyi xərclərin cüzi bir hissəsini təşkil etmişdir. Qəza törətmiş şəxs Cavabdeh tərəfindən isə iddiaçının dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışıqları nəticəsində yekun olaraq, ümumilikdə 1000 manat məbləğində ödəniş edilmişdir. Nəticə etibarı ilə, qəza törətmiş şəxs Cavabdeh avtomobili 5-6 ay ərzində servisdə qaldığı müddətdə ona əlavə olaraq heç bir maddi yardım göstərməmiş və həmçinin “heç bir ödəniş etməyəcəyini və istəyirsənsə get məhkəməyə şikayət et” deyərək üzərinə düşən məsuliyyətdən yayınmışdır. Hadisə zamanı idarə etdiyi Mercedes C klass markalı, 77CX887 dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən artıq iddiaçıya maddi köməklik göstərilməyəcəyi qənaətinə gəldikdən sonra servisə müraciət edərək avtomobilini düzəltmək qərarına gəlmişdir. Avtomobilin bütün əzilən detallarını xarici ölkələrdən sifariş edərək düzəltdirmişdir. Xarici ölkələrdən sifariş etməkdə də məqsəd, həmin detalların ölkədə olmaması idi. Həmin istifadə olunmuş detallara çəkdiyi ümumi xərc isə, Arxa stop - 700 manat, Duman əleyhinə işıq - 70 manat, Bufer - 1150 manat, sağ qanad - 250 manat, Qoruyucu - 100 manat, Fara - 1000 manat, Arxalıq - 4590 manat və gömrükdən keçirilməsi üçün ödənilmiş 700 manat, Dəmirçi işi - 2000 manat, Peredok - 550 manat, salon - 1000 manat, Arxa buffer - 900 manat, Blok - 650 manat, Ses boğucu 450 manat və gömrükdən keçirilməsi üçün ödənilmiş 60 manat, Baqaj - 350 manat, Malyar işi - 2000 manat,.Baqaj rezini - 50 manat, Evakuator xərci - 60 manat, Şverler - 120 manat, Qabaq və qabaq patkirilnik - 370 manat, arxa şüşə quraşdırılması - 60 manat, Elektrik - 1200 manat, Dayanacaq ödənişi - 45 manat, Baqajın içi - 690 manat və gömrükdən keçirilməsi üçün ödənilmiş 60 manat, Palirovka və ximçistka - 300 manat və avtomobili təhvil almaq üçün ödəlinilmiş 3000 manat təşkil edir. Dəymiş bütün ziyan şəxsi hesabına ödənilmişdir. Təqribən əmlakının tam hazır olması 6 aya başa çatmışdır. Həmin aylar ərzində maşınsız qalmış və işi ilə əlaqədar olaraq hər gün taksidən istifadə etmək məcburiyyətində qaldığından da ona bir qədər maddi ziyan da dəymişdir. Yekun olaraq qeyd etmişdir ki, ona sığorta şirkəti tərəfindən ödənilmiş 4850 manat və cavabdeh tərəfindən ödənilmiş 1000 manat məbləğində puldan əlavə, əmlakının yenidən bərpa edilməsi üçün çəkdiyi xərc 16625 manat təşkil etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahatında iddia ərizəsini müdafiə edərək ekspertiza rəyi ilə razı olduğunu bildirdi, məhkəmədən dəymiş ziyanın ödənilməsini iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmın edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXPnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı məxsus “MERCEDES BENZ C220 C220 CDİ” markalı, 77CX887 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama aktından görünür ki, ehtiyyat hissələri və əməkhaqqı məbləği ümumilikdə 9965 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli, 849817 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, palirovka və ximçistka üçün cəmi 300 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 672082 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, malyar işi üçün 2000 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 651999 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, salonun təmiri üçün cəmi 1000 manat ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-9/5613/2024 nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki işin materialları iş üzrə ekspert rəyinin alınması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-13/25 nömrəli rəyindən görünür ki, 77CX0887 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C200 CDİ minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 15840 manat müəyyən edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumatdan görünür ki, ağ rəngli, 77CX0887 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C200 CGİ minik markalı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. AA153851 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Mercedes Benz” C200 CGİ markalı, 77CX887 dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtmobilinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. İş üzrə verilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-13/25 nömrəli rəyində 77CX0887 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C200 CDİ minik markalı avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 15840 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya sığorta şirkəti tərəfindən 4850 manat, Cavabdeh tərəfindən isə 1000 manat məbləğində ödəniş edilmişdir. Həmin hal iddiaçının öz iddiasında da, əksini tapır. Buna görə də iddia qismən əsaslıdır. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 9990 manat (15840 manat –1000 manat -4850 manat= 9990 manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq "xxxx" MMCnin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 9990 manat olduğundan cavabdehdən 119.9 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9990 (doqquz min doqquz yüz doxsan) manat tutularaq İddiaçı ödənilsin. Ekspert rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin (kod-200145, VÖEN: **********, S.W.İ.F.T kod: AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ90AİİB********************) hesabına ödənilsin. Cavabdeh 119.9 (yüz on doqquz manat doxsan qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar